Digər xəbərlər

"Qardaş yumruğu" Antitürk qüvvələrə hərbi-siyasi mesaj

Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə start verilməsi, genişmiqyaslı təlimlərin müxtəlif qoşun növlərini və Şərqi Zəngəzurdan cənub sərhədlərimizədək müxtəlif arealları əhatə etməsi bölgənin təhlükəsizliyi naminə ciddi hadisədir. Xüsusən, cənubdan İranın qeyri-adekvat davranışları, o cümlədən Ermənistanın, habelə Paris, Tehran və İrəvanın təhriki ilə Qarabağ İqtisadi rayonundakı separatçıların son ritorikası fonunda Ankara-Bakı hərbi tandemi proseslərə ən uğurlu cavabdır. Çünki regionda qüvvələr balansı siyasi bəyanatlara yox, real hərbi gücə, o cümlədən konkret hərbi imkanlara əsaslanan siyasi nüfuza görə müəyyən olunur. Məhz bu təlimlərlə Azərbaycan və Türkiyə bir daha bölgənin real hərbi-siyasi gücünün kim olduğunu göstərməkdədir. Bu təlimlər həm də Azərbaycan və Türkiyənin bölgədə sülh və sabitliyi təmin etməkdə nə qədər qərarlı və qətiyyətli olduğunu göstərir. Azərbaycan və Türkiyə bu təlimlərlə göstərir ki, əgər hansısa qüvvə bölgədə gərginlik yaratmaq, sabitlik üçün təhlükə törətmək, türk dünyasının maraqları əleyhinə hərbi müstəvidə hər hansı addım atmaq istəyərsə, o zaman qarşısında "Qardaş yumruğu"nu görəcək.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimləri, Şuşa Bəyannaməsinin şərtlərini özündə ehtiva edən bir tədbirdir. Bu təlimlər ümumi mənada Azərbaycan və Türkiyənin tarixi qardaşlıq dəyərlərinin qorunmasının tərənnümüdür. İkinci Qarabağ müharibəsi bir daha təsdiqlədi ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, sevincli və kədərli anlarını birlikdə bölüşən ikinci dövlət yoxdur və ola da bilməz. Bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz bildirib. Azərbaycanın və Türkiyənin ortaq hərbi gücünü bölgədə sülhün və sabitliyin qorunmasının qarantı kimi dəyərləndirən general Yücel Karauz deyib: "Başda Fransa, İran və Ermənistan olmaqla, Azərbaycana qarşı çıxan tərəflər anlamalıdırlar ki, iki qardaş ölkənin uzun illərdən bəri davam edən birgə təlimləri 44 günlük Vətən savaşında işğalçıya dərs, onun havadarlarına gözdağı olduğu kimi, birgə maraq və mənafelərimizin qorunması üçün bundan sonra da mövcud olacaq''. İstər sərhəd qonşusu, istərsə də uzaq ölkə, hər kəs öz yerini və hərəkətini bilməlidir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin təlimlərə cəlb edilməsini müdafiə sahəsində ən mühüm tarixi hadisələrdən biri olduğunu söyləyən general deyib: "Bu təlimlər təhdid edənlər başda olmaqla, bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanın dövlət sərhədləri, ərazi bütövlüyü və beynəlxalq hüququn verdiyi bütün hüquqları toxunulmazdır".

Türkiyənin F16-nın təlimlərin gedişatında simvolik məna ifadə etdiyini bildirən Yücel Karauz hesab edir ki, bu təlim İran, Ermənistan və Fransa da daxil olmaqla sülhü və sabitliyi pozmağa çalışan dövlətlərə bir mesajdır. "Təbii ki, Türkiyənin milli müdafiə naziri başda olmaqla bütün komandanlığın təlimdə iştirakı əsas məsələlərdən və əsas mesajlardan biridir. Bakının təhlükəsizliyi Ankaradan, Ankaranın da təhlükəsizliyi Türkiyədən keçdiyi kimi, Lənkəranın, Astaranın, İmişlinin də təhlükəsizliyi Ankaraya aiddir. Azərbaycan torpağına tamah salanlar qarşısında Türkiyəni görəcəklər". Həm Ermənistan, həm də İran və Fransa başda olmaqla sülh prosesini pozmaq üçün Azərbaycana barmaq silkələyənlərin qarşısında Türkiyənin dayandığını qeyd edən general xüsusilə vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən "Qardaş yumruğu" birgə təlimi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Yücel Karauz qeyd edib ki, Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə hərbi təlimlə İrana çox ciddi mesajlar verildi.

Y.Karauzun sözlərinə görə, bu gün hər kəs bilir ki, Azərbaycana qarşı atılmış hər hansı addım Türkiyəyə qarşı addım kimi dəyərləndirilir: "Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, azərbaycan ordusu tək deyil, orada, türk ordusu var. Bizim ordu isə tək deyil, o cümlədən orada Azərbaycan ordusu var. Təxribatlar planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar".

Bu gün keçirilən "Qardaş yumruğu" birgə təlimi iki qardaş ölkənin, o cümlədən regionun təhlükəsizliyinin təmini baxımından çox önəmlidir. General onu da əlavə edib ki, əgər Azərbaycanın ərazi bütövlüyünə və dövlət sərhədlərinə qarşı hər hansı təhdid olarsa, "Qardaş yumruğu" təlimləri gerçək gücə çevrilərək düşmənin aldığı tutarlı cavab olacaq.

 Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.