“Qardaş yumruğu
Siyasət

“Qardaş yumruğu" dosta güvən, düşmənə qorxu

Azərbaycan və Türkiyənin birgə təlimləri  bölgədə pozucu mövqe ortaya qoyanlara, “əzələ” nümayiş etdirənlərə ciddi xəbərdarlıqdır

"Bu təlimlərin adı "Qardaş yumruğu"dur. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!". Bu fikirləri "Qardaş yumruğu" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Prezidenti İlham Əliyev telefon zəngi ilə şəxsi heyəti təbrik edərkən bildirib.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib. Ən önəmlisi təlimlərin işğaldan azad olunmuş ərazilərdə keçirilməsidir. Bu amil xüsusilə qürurvericidir. Təlimin özəlliyi və fərqliliyi ondan ibarətdir ki, bu təlimlər həm İranla sərhəddə, həm də Qarabağ bölgəsində keçirilir. Bir müddət bundan əvvəl, İran Azərbaycanla sərhəddə təlim keçirərək Azərbaycana güc nümayiş etdirməyə çalışmışdı. Bu təlimlər bir sıra qeyri-peşəkar əməliyyatlarla yadda qalsa da, Azərbaycan tərəfindən birmənalı qarşılanmamışdı. Hər dəfə riyakarcasına: "Azərbaycan bizim üçün dost və qardaş ölkədir", - deyən İran bu dəfə Azərbaycanla hədə dilində danışmağa cəhd edib “əzələ” nümayiş etdirmişdi. Bir müddət sonra Azərbaycanın xüsusi təyinatlıları İranla sərhəddə peşəkar təlimlər keçirdilər və bununla İrana növbəti ciddi mesaj verildi. Növbəti təlimi Türkiyə ilə keçirən Azərbaycan Ordusu İrana bir daha hərbi təlimlər necə keçirilir mesajını verdi.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib. Müdafiə Nazirliyinin məlumatına əsasən, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da uğurla icra edilib.

Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu sübut edən hərbi təlimlər Şuşa Bəyannaməsinin parlaq təzahürü kimi tarixi əhəmiyyət kəsb edir. Bəyannaməyə görə, Azərbaycan və Türkiyəyə kənardan hərbi müdaxilə olarsa, tərəflər bir yumruq kimi çıxış edəcəklər. "Qardaş yumruğu" hərbi təlimləri çətin iqlim şəraitində iki dövlətin ordusunun necə tək yumruq olduğunu, bir-biri ilə uyğun hərəkətini nümayiş etdirdi. İki qardaş ölkə ordularının birgə hərbi təlimləri birliyimizin, gücümüzün əməli ifadəsidir. Bölgədə Azərbaycan və Türkiyənin ortaya qoyduğu fundamental dəyərlərə qarşı çıxan hər kəs bu gücü nəzərə almalıdır. Özünün hərbi imkanlarına və müasir silah-sursat təchizatına görə qardaş Türkiyə Ordusu NATO-nun ikinci ən güclü Silahlı Qüvvələri sırasındadır. Artıq Azərbaycanla Türkiyə Silahlı Qüvvələri vahid ordu prinsipi ilə müəyyənləşmiş proqrama uyğun olaraq hərbi təlimlər icra edir. Bu təlimlər öz növbəsində son dövrlər bölgədə pozucu mövqe ortaya qoyan, özünün aqressiv siyasi mahiyyətini nümayiş etdirən dövlətlərə ünvanlanmış açıq mesajdır.

Prezident İlham Əliyev noyabrın 25-də Bakıda keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı "Bizim ordumuz Türkiyənin, Türkiyənin ordusu da bizimdir" demişdi. Ölkə başçısı bildirmişdir ki, Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, Türkiyə ordusu tək deyil, orada həmçinin bizim ordu da var, bizim ordu da tək deyil, o cümlədən orada Türkiyə ordusu da var. Sərhədimizdə təxribatlar planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.

Bu təlimlər, həm də Azərbaycan və Türkiyənin bölgədə sülh və sabitliyi təmin etməkdə nə qədər qərarlı və qətiyyətli olduğunu göstərir. Azərbaycan və Türkiyə bu təlimlərlə göstərir ki, əgər hansısa qüvvə bölgədə gərginlik yaratmaq, sabitlik üçün təhlükə törətmək, türk dünyasının maraqları əleyhinə hərbi müstəvidə hər hansı addım atmaq istəyərsə, o zaman qarşısında "Qardaş yumruğu"nu görəcək. "Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib. İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz" sözlərilə birgə hərbi təlimin iştirakçılarına müraciət edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin heç kimin bizi bir-birimizdən ayıra bilməyəcəyini ifadə etdiyini vurğulayıb. Son zamanlar Türkiyə ordusunun hərbçiləri ilə birgə irimiqyaslı təlimlər keçirilir. Bunun artıq ənənəvi hal alması gələcəkdə iki qardaş ölkənin peşəkar heyətinin qarşıya qoyulan istənilən tapşırığı birgə yerinə yetirməsi üçün böyük imkanlar yaradır. İki qardaş ölkənin 44 günlük Vətən savaşındakı birliyi işğalçıya dərs, onun havadarlarına gözdağı olduğu kimi, birgə maraq və mənafelərimizin qorunması üçün bundan sonra da davamlı olacaq.

Mustafa KAMAL,

"Respublika".