Qardaşlığımız, birliyimiz qürurvericidir
Türk dünyası

Qardaşlığımız, birliyimiz qürurvericidir

Türkiyə Azərbaycanın haqlı mübarizəsində olduğu kimi, postmünaqişə dövründə də ölkəmizin yanındadır

"Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır və mən fürsətdən istifadə edərək, bizim bütün türk qardaşlarımıza öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istəyirəm, başda əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərtilə. Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı, 2020-ci il oktyabrın 6-da Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibəsində demişdir. Ali Baş Komandan bildirmişdir ki, bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayır. Eyni zamanda bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır.

 Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüblər. "Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışlarında da Azərbaycanın yanındayıq", - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda sülh prosesinin hələ də kövrək olduğunu bildirib. İşğaldan azad olunan ərazilərə səfərlər etdiyini və görülən işlərlə tanış olduğunu vurğulayıb: "Dəfələrlə həmin ərazilərdə tədbirlərə qatılmaq, həyata keçirilən işləri yerində görmək imkanım oldu. Bu işləri yerində gördükdə bir türk olaraq iftixar hissi keçirdim. Çox qısa müddətdə bu qədər nailiyyət həqiqətən bizim üçün qürur mənbəyidir".

 Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişinin Ermənistan tərəfindən konstruktiv anlayışla qarşılanması yönündə də Türkiyə yenə yanımızdadır. Ermənistanla apardığı normallaşma prosesində də bütün məsələlərdə olduğu kimi, Azərbaycanla sıx əməkdaşlıq edir. Qeyd olunur ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasından, bu regionda sülhün bərqərar olmasından, Ermənistanın işğalçı və təcavüzkar yanaşmalarından əl çəkməsindən asılıdır. Ankara hər zaman Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına qarşı çıxış edib, ədalətin tərəfində olub. Türkiyə Azərbaycan Prezidentinin Ermənistanla uzunmüddətli sülh üzrə səylərini tam şəkildə dəstəkləyir və bu da bölgədə sabitliyin təminatına töhfə verəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərini digər ölkələr üçün nümunə adlandırıb.

 BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı dünyanın müxtəlif bölgələrində baş verən prosesləri şərh edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazdakı vəziyyətə dair açıqlamalar da verib, Türkiyənin daim Azərbaycanın yanında olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin edilməsi baxımından tarixi bir fürsət yaradıb. Türkiyə olaraq Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini dəstəkləyən addımlar atdıq.

Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirildi. Qeyri-formal görüş "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində baş tutdu. Müzakirələrə Macarıstanın Baş naziri Viktor Orban, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron da qoşulmuşdu. Görüş qardaş Türkiyənin ölkəmizə böyük dəstəyini ifadə etməklə, həm də Avropada yeni reallığın, yeni təhlükəsizlik sisteminin və yeni siyasi əlaqələrin yaradılmasını bir daha təsdiq etdi.

 Çexiyada keçirilən sammitdə Azərbaycan ən yüksək səviyyədə təmsil olundu, sayılıb-seçilən ölkələr arasında öz yerini tutdu. Biz buna Prezident İlham Əliyevin çıxışı, görüşləri, jurnalistlərlə ünsiyyəti zamanı, onunla qeyri-formal söhbət aparan dövlət başçılarından, həm də formal təşkil olunmuş görüşlərdə və müzakirələrdə şahid olduq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqa şəhərində keçirdiyi görüşdə erməni hökumət başçısına çatdırdığı mesajlar barədə noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərinə yola düşməmişdən əvvəl keçirdiyi brifinqdə bəhs etmişdir. "Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm. Ona dedim ki, Azərbaycanla münasibətləri normal saxlasaz, biz də münasibətləri normallaşdırarıq. Amma hələ bunu görmürük. Çünki diaspor fəaliyyət göstərir və prosesə mənfi təsir göstərir". Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.

 Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar çoxdur. Prezident İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının sammitindəki çıxışı zamanı "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində "...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq..." deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Şuşada imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artırır.

 Türkiyənin hər zaman ölkəmizin yanında olması gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl örnəkdir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olmasının təsirli mexanizmi kimi mühüm əhəmiyyət daşıyır.

Mustafa KAMAL,

"Respublika".