Qardaşlığımızın sarsılmaz olduğunu dünya bir daha gördü
Digər xəbərlər

Qardaşlığımızın sarsılmaz olduğunu dünya bir daha gördü

Türkiyənin üzləşdiyi təbii fəlakət bizi də dərindən sarsıtdı. Bu günlərdə biz gördük ki, hər bir azərbaycanlı türk qardaşlarının çəkdiyi ağrı-acını öz içində çəkir, yaşayır.

Bu gün bu iki ölkənin qardaşlığı bütün dünyaya örnəkdir. Biz bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, vətəndaşlarımız arasında da əsl qardaşlıq əlaqələri mövcuddur. Bu gün də dünya qardaşlığımızın sarsılmaz olduğunun bir daha şahidi olur.

Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ Azərbaycanda da kədərlə qarşılandı və hadisədən dərhal sonra qardaş ölkənin səsinə ilk səs verən məhz Azərbaycan oldu.  Dövlət başçımız İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirib. Eyni zamanda, respublika Prezidentinin tapşırığına əsasən baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb. Bununla yanaşı, faciə baş verdiyi dövrdə FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım-xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul tipli səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərərçəkmiş əhali üçün humanitar yardım göndərilib.

Dövlətimizlə yanaşı,  xalqımız da qardaş ölkəyə dəstək kampaniyasına qoşulub. "Dərdiniz dərdimiz, sevinciniz sevincimizdir", - deyən xalqımız əlindən gələn bütün yardımları belə etməyə hazırdır ki, mənəvi olaraq onların yanında olduğumuzu hiss etsinlər. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və bunu heç bir qüvvə poza bilməz.

Təəssüf hissi ilə qeyd etməliyik ki, fəlakətin miqyası çox böyükdür. Ancaq Türkiyə rəhbərliyi, türk xalqı bu bəlanın da öhdəsindən gələcək. Biz isə ilk gündən son günə kimi bütün qüvvəmizlə qardaşlarımızın yanında olacağıq. Cənab Prezidentin göstərişi ilə görülən işlər, atılan addımlar onu göstərir ki, axtarış-xilasetmə işlərindən tutmuş, təchizat məsələlərinə qədər Azərbaycan bütün istiqamətlərdə qardaş ölkəyə köməyini əsirgəmir.

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.