“QARDAŞLIĞIN
Siyasət

“QARDAŞLIĞIN" SARSILMAZ OLMADIĞI ORTAYA ÇIXDI

Qondarma dövlətin nümayəndələri öz oriyentirlərini tamam itirib, KTMT də artıq onları qane etmir

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bəyan edib ki, Ermənistan KTMT-nin "Sarsılmaz qardaşlıq-2023" təlimlərinin öz ərazisində keçirilməsini məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri bu qərarla bağlı KTMT-dən olan həmkarlarına yazılı məlumat verib. Həmin gün KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç bildirib ki, qərargaha Ermənistan Müdafiə Nazirliyindən 2023-cü ildə ölkə ərazisində təlimlərin keçirilməsinin məqsədəuyğun olmaması barədə məlumat daxil olub. Ertəsi gün KTMT Katibliyi şərh dərc edib və bildirib ki, bu təlimlərin ləğvi ilə bağlı Ermənistan tərəfdən rəsmi bildirişlər almayıb. Daha sonra Rusiya tərəfi bəyan edib ki, Ermənistan təlimlərə evsahibliyi etmək istəməsə, o zaman bu barədə Müdafiə Nazirliyi vasitəsilə məlumat verə bilər və bunun üçün Paşinyanın mətbuat konfransı keçirməsinə ehtiyac yoxdur. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan baş naziri müdafiə edərək bildirib ki, KTMT-nin işçi orqanı kimi Təşkilatın Katibliyinin səlahiyyətlərinə KTMT-nin ali orqanı olan qurum üzvlərinin bəyanatlarını şərh etmək daxil deyil.

Göründüyü kimi, hazırda Ermənistan nə etdiyinin fərqində deyil. Bundan əlavə, Ermənistanda səlahiyyətli şəxslər beynəlxalq səviyyədə qarşılıqlı əlaqələr üçün protokol hissəsini mənimsəyə bilmirlər. Yəni söhbət adi kargüzarlıqdan, kağız işindən gedir. Ermənistan dövlət işlərini təkbaşına aparmağı öyrənir, amma gördüyümüz kimi, hələlik elementar şeylər belə erməni məmurlarına çətinliklər yaradır.

Maraqlıdır ki, KTMT-də müşahidə olunan vəziyyət yeganə hal deyil, buna bənzər bir sıra səriştəsizlik nümunələri də var. Xatırladaq ki, 2022-ci il dekabrın sonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın iştirakı ilə üçtərəfli danışıqların raundu üçün Rusiyaya gəlməkdən imtina edib. Hələ ötən il dekabr ayının əvvəlində görüşlə bağlı razılaşmanın əldə olunmasına baxmayaraq, son anda Rusiya Xarici İşlər Nazirliyi Ermənistan XİN-in görüşə qatılmayacağını öyrənir. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarlarının bu qərarını bildirmək üçün müvafiq diplomatik kanallardan istifadə etmədiklərinə diqqət çəkib. Göründüyü kimi, ermənilərə xas olan "mədəniyyət" təkcə onların millətçilərinə deyil, diplomatik korpusun nümayəndələrinə də "fərqlənmək" imkanı verir. Görəsən bu nümayişkaranə qaba davranışlar nədən irəli gəlir? Bu adi diqqətsizlik, yoxsa ifrat həyasızlıqdır? Ola bilsin, erməni diplomatları başlarını elə itiriblər ki, artıq öz hərəkətlərinə cavadehlik daşımaq iqtidarında deyillər?

Maraqlıdır ki, KTMT-yə üzv ölkələrin dövlət başçılarının hələ noyabrın 23-də İrəvanda keçirilməsi nəzərdə tutulan sammiti ətrafında intriqa yaranmışdı. Görüşün əyani formatda keçirilməsi gözlənilirdi. Erməni tərəfi Rusiya Prezidenti Vladimir Putinin səfərinin anonsunu etmişdi, Belarus lideri Aleksandr Lukaşenko da "televiziyadan yox", canlı görüşməyi təklif etmişdi. İrəvanda baş tutmalı olan iclas ərəfəsində KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçirilib və bu, Lukaşenkonun Ermənistanın baş naziri Nikol Paşinyana bildirdiyi sərt iradla yadda qalıb. Belə ki, Paşinyan KTMT-yə öz mövqeyini müəyyənləşdirməyi və "Ermənistanın ərazi bütövlüyünün bərpası" ilə bağlı yol xəritəsini təsdiq etməyi təklif etmişdi. Aleksandr Lukaşenko isə demişdi: "Siz tələb etdiniz ki, biz öz mövqeyimizi qərarlaşdıraq. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. İkinci sual: Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün mənə yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən soruşun, qərar verin. Bu gün qərar qəbul etməsən, sabah daha da pis olacaq".

Lukaşenkonun bu sözlərindən sonra səssiz qalan Nikol Paşinyanın gözlənilmədən bəyanatı ortaya çıxdı. Məlum olub ki, o, sən demə, Belarus prezidentinə cavab verib, ancaq bundan heç kimin xəbəri olmayıb. "Biz iclasdakı mənim də çıxışımı dərc etmək istəyirdik, lakin bunu etməmək qərarına gəldik, çünki belə olan halda problemin miqyası və xarakteri dəyişəcəkdi". Necə deyərlər, şərhsiz...

Hamıya yaxşı məlumdur ki, Belarus və Ermənistan arasında KTMT platformasında münasibətlər çox da rəvan deyil. Rəsmi İrəvan və Minskin KTMT-nin baş katibi vəzifəsini bölüşmədiyi 2018-ci il hekayəsini xatırlayaq. Ermənistan KTMT-nin baş katibi Yuri Xaçaturovu geri çağırıb və məhkəməyə verib, bundan sonra Belarus nümayəndəsi Stanislav Zas KTMT-nin baş katibi olub, lakin bu, nədənsə İrəvanda hiddətlə qarşılanıb. Sonra hətta ictimai mübahisə də olub.

Bəllidir ki, baş nazir olmazdan əvvəl Paşinyan Soros Fondunun strukturları ilə əməkdaşlıq edən, Qərbin maraqlarının müdafiəçisi kimi gündəmdə qalan jurnalist idi. Görəsən, hər dəfə lazım gəldi-gəlmədi Lukaşenko ilə gərginliyi artıran Nikol hansı məqsədlər güdür? Aydındır ki, KTMT-yə üzv ölkələrin rəhbərləri arasında belə münasibətlər qətiyyən qəbuledilməzdi və ilk növbədə məhz Ermənistana müsbət bir şey vəd etmir. Eyni zamanda, hazırda Ermənistanda KTMT-dən çıxmaq üçün aktiv kampaniya davam edir. Qurumun erməni ideologiyası nöqteyi-nəzərindən səmərəsizliyi təkcə müxalifətdə deyil, güc strukturlarında da müzakirə predmetidir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu yaxınlarda bəyan edib ki, "Ermənistan bir çox məsələlərdə təkdir, KTMT-dən lazımi cavab yoxdur". Erməni rəsmisinin gəldiyi qənaət belədir: "KTMT-nin narahat olacağı bir şey var, Ermənistanın düşünməli olduğu heç nə yoxdur". Bundan əlavə, Ermənistan Qərbdən müşahidəçilər dəvət edir. Bəs, Paşinyan bilmir ki, belə davranış bu qondarma ölkənin MDB məkanında imzaladığı beynəlxalq sazişlərlə ziddiyyət təşkil edir? Çox gözəl bilir, sadəcə onun havadarları başqa musiqi sifariş verir.

Paşinyan ən sadiq tərəfdarlarını aldatdığını bilə-bilə 2018-ci ildə onların və sorosçuların sayəsində hakimiyyətə gəldiyi üçün söz verdiyi siyasi xəttə riayət etdiyini göstərməyə çalışır, lakin yaxşı anlayır ki, həmin xətt real deyil. Ermənistan rəsmən KTMT-dən çıxıb Qərbə üz tutsa nə dəyişəcək? İrəvan Fransa bacısına arxalanacaq? Bəlkə bütövlükdə NATO ölkələrinə? Axı, ərazisinə öz iddialarını gizlətməyən Türkiyə Şimali Atlantika Alyansının üzvüdür.

Beləliklə, öz oriyentirini tamamilə itirən, nə etmək lazım olduğunu bilməyən Ermənistan hər zaman olduğu kimi, riyakar və ikiüzlülüyünü büruzə verir. Belə bir "müttəfiq" kimə lazımdır?

Emin QASIMOV,

"Respublika".