Qardaşlığın, strateji tərəfdaşlığın hədəfləri
Türk dünyası

Qardaşlığın, strateji tərəfdaşlığın hədəfləri

Azərbaycanla  Mərkəzi Asiya ölkələri arasında fəal əməkdaşlığın yeni səhifələri açılır

"Mən bu il qardaş Tacikistana ikinci dəfə səfər edirəm. Apreldəki dövlət səfərim, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışında bildirib.

İlk dəfə Məşvərət görüşündə regiondankənar ölkənin rəhbərinin iştirak etməsi dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə verdiyi töhfələrə yüksək qiymətin bariz nümunəsidir. Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Bu prosesdə dünyada formalaşan yeni və daha fərqli tranzit, nəqliyyat-kommunikasiya şəbəkəsi mühüm rol oynayır.

Ölkəmiz geostrateji mövqeyi və daha da genişlənən tranzit imkanları ilə bu prosesdə vacib həlqəyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir.

Dünyada cərəyan edən son hadisələr fonunda Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə Zəngəzur dəhlizi olacaq. Zəngəzur dəhlizi ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək.

Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da ölkəmizin uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunda mühüm amildir. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkədir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni coğrafi regiondur. Dövlətlərimiz arasında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı bir sıra iqtisadi məsələlər var. Humanitar istiqamətə gəldikdə isə ortaq cəhətlər çoxdur - dil, dini etiqad, mədəniyyət və bir sıra başqa məsələlər.

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti illərində infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində yeni hava limanları, körpülər, tunellər və yol qovşaqları tikilib, beynəlxalq standartlara uyğun müasir avtomobil və dəmir yolları çəkilib. Reallığa çevrilən nəqliyyat-logistika layihələri sırasında son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən gəmiqayırma zavodunun işə salınması, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi ilə yaradılan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) donanmasında gəmilərin sayının getdikcə artırılması istiqamətində görülən işlər xüsusi yer tutur. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. "Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışında bildirib. Qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. 2013-cü ildə istismara verilmiş Bakı Gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir, müəssisədə istənilən növ gəmilərin inşası mümkündür.

Xəzər hövzəsində respublikamıza məxsus ən böyük mülki donanma ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da iqtisadi inkişafda xüsusi əhəmiyyətə malikdir. Gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı Gəmiqayırma zavodunun imkanları isə daha çox diqqət çəkir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bərələri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir. Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu Mərkəzi Asiyadakı qardaş ölkələr üçün açıqdır. Onların bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir.

Ölkəmizdə 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barədə də danışıb, fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş "Rəqəmsal İpək Yolu" layihəsinin ölkələrimiz arasında əməkdaşlıqda yeni sahə olduğunu söyləyib.

Mustafa KAMAL,

"Respublika".