Qarşılıqlı etimada əsaslanan Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Siyasət

Qarşılıqlı etimada əsaslanan Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə davamlı inkişaf edir. Beynəlxalq müstəvidə daim bir-birini dəstəkləyən iki ölkə arasında böyük etimad formalaşıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər dövlətlər arasında tərəfdaşlıq böyük inkişaf yolu keçib. Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. Hazırda İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 1-2-də Romaya işgüzar səfəri iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürü oldu. Azərbaycan Respublikası Prezidentinin İtaliyaya işgüzar səfəri, bu səfər çərçivəsində Romada Azərbaycan səfirliyinin yeni binasının açılışı, İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi, keçirilən ən yüksək səviyyəli görüşlər qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə müsbət dinamikasını göstərir. Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Bu əlaqələr tarixi köklərə, qarşılıqlı etimada əsaslanan münasibətlərə, ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir. Azərbaycanla İtaliya arasında belə səfərlərin mütəmadi şəkildə təşkil olunması hər iki tərəfin əməkdaşlıqda maraqlı olmasını göstərir. Bu səfərlər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, əlaqələrin sağlam təməl üzərində qurulduğunu təsdiq edir.

İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada səfirliyi açılmışdır. 1997-ci ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir. Səfər müddətində Prezident Heydər Əliyev İtaliya Respublikasının o vaxtkı Prezidenti Oskar Luici Skalfaro, baş nazir Romano Prodi, Senatın prezidenti Nikola Mançino, Deputatlar Palatasının prezidenti Luçano Violante ilə görüşmüşdür. Səfər çərçivəsində Sərmayələrin təşviqi və qorunması, Hava nəqliyyatı, Turizm sahəsində əməkdaşlıq haqqında müqavilələr, İqtisadi, mədəniyyət, elm, texnologiya sahəsində əməkdaşlıq haqqında birgə bəyannamələr, 1997-1998-ci illər ərzində ikitərəfli texniki əməkdaşlıq haqqında niyyət protokolu və ARDNŞ və ENİ/Agip arasında Xəzər dənizinin Azərbaycan sektorundakı Kürdaşı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin əsas prinsipləri və kommersiya şərtləri haqqında müqavilə imzalanmışdır. Eləcə də, Mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Heydər Əliyevin səfərindən sonra əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə İtaliya hökuməti nümayəndələrinin Azərbaycana səfərləri ardıcıl xarakter almışdır. 1998-2003-cü illərdə İtaliya Xarici İşlər Nazirliyinin səlahiyyətli şəxsləri səviyyəsinə qədər ölkənin müxtəlif dövlət orqanlarının təmsilçiləri Azərbaycana səfər etmişlər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə növbəti müqavilələr bağlanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 24-26 fevral 2005-ci ildə İtaliyaya səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsində mühüm rol oynamışdır. İtaliyanın dövlət rəhbərliyi ilə görüşən İlham Əliyev ölkənin mətbuat orqanlarına müsahibə vermiş və İtaliya Xarici Ticarət İnstitutu tərəfindən təşkil olunan "Azərbaycanın təqdimatı" adlı biznes forumda iştirak etmişdir. Bütün bu görüşlərdə tərəflər arasında münasibətlərin inkişaf imkanları, ticarət, iqtisadiyyat sahələrində birgə fəaliyyət məsələlərindən danışılmışdır. İlham Əliyevin səfəri zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalanmışdır. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya dəfələrlə reallaşan səfərləri iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirmiş, xüsusilə, iki ölkənin enerji sahəsində əməkdaşlığında mühüm uğurlar əldə edilməsinə səbəb olmuşdur.

2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi. Səfər zamanı Romada "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" imzalanmışdır. Qeyd edək ki, çoxölçülü tərəfdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional proseslərə, problemlərə ümumi baxış, habelə tərəflərin mövcud maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Bu baxımdan, Azərbaycan və İtaliya arasında imzalanan sənəd qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır. Ona görə də, Azərbaycanla İtaliya arasında imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" xüsusilə qeyd olunmalıdır. Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoymuşdur. Tərəflər bir-birini strateji tərəfdaş olaraq qəbul etməklə yanaşı, bütün istiqamətlərdə bu əlaqlərin daha da gücləndirilməsi istəyini ortaya qoyublar. Birgə Bəyannamənin əhəmiyyəti eyni zamanda onunla bağlıdır ki, bu, Azərbaycanın "Böyük Yeddilik" (G7) üzvü olan ölkə ilə imzalanan ilk sənəddir.

İkitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusilə enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rola malikdir. Bu baxımdan, İtaliya həm də Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsində əsas geosiyasi aktordur. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında 3-cü yerdədir. İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir. İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir. TAP layihəsi İtaliyanın qaz tələbatının 10 faizini ödəyir. Lakin həcmlərin artırılması bu göstəriciləri bir qədər də yüksəldəcək. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 9 milyard dollar təşkil edib, cari ildə isə ticarət həcmi 11 milyard dollara çatıb. İqtisadi sahədə əlaqələrin genişləndirilməsi, enerji, kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, nəqliyyat, ekologiya və s. sahələrdə əməkdaşlığın inkişafı üçün hər iki ölkənin geniş imkanları mövcuddur. Azərbaycan bu potensialın reallaşdırılması və İtaliya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Hazırda Azərbaycanın bir sıra müəssisələrində İtaliya texnologiyalarından geniş istifadə olunur. İtaliya şirkətlərinin ölkəmizdə həyata keçirilən investisiya layihələrində, yeni sənaye parklarının və məhəllələrinin, aqroparkların, logistik mərkəzlərin yaradılmasında birgə iştirakı müsbət nəticələr verir. İtaliya şirkətlərinin işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev bunun iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətlərini dəvət etmək üçün böyük planların olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri çərçivəsində İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European House - Ambrosetti" beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuş oldu. Bu səfər həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir, yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Mustafa KAMAL,

"Respublika".