Region

"Qartal" ləqəbli xüsusi təyinatlı

Vətən müharibəsində düşmənin kabusuna çevrilən xüsusi təyinatlıların erməni hərbçilərinə vurduqları zərbələr hələ uzun illər yaddaşlardan silinməyəcək. "Qartal" ləqəbli şəhid Nurlan Hüseynov da onların arasında idi. Hələ Aprel döyüşlərindən düşmənə qan udduran Nurlan Vətən müharibəsində də öz qəhrəmanlığı ilə seçilib. Nurlan 1992-ci ildə İmişli rayonunun Göbəktala kəndində dünyaya gəlib. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. 2018-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən ən yaxşı snayperçi yarışında 24 dövlət arasında birinci yeri tutmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nurlan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onlarla erməni postunu ələ keçiriblər və artilleriya bölmələrini məhv ediblər. Hadrut istiqamətində gedən döyüşlərdə Nurlan və qrupu düşmən tərəfinə sızma tapşırığını yerinə yetirib, ermənilərin BMP-sini qənimət olaraq götürüblər. Yenidən həmin BMP ilə düşmənə qarşı hücuma keçərkən ermənilər tərəfindən atılan raketlə vurulub. 2020-ci ilin oktyabrın 14-də Nurlan şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz ata-baba yurdu olan İmişlinin Göbəktala kəndində dəfn edilib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Nurlan Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.

Şəhidin qardaşı Sərdar Hüseynov: "Nurlan hələ uşaq ikən hərbçi olmaq arzusu ilə yaşayırdı. O, həqiqi hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələr tərəfindən seçilib. Nurlanın fiziki qabiliyyəti, bacarıqlı olması və ən əsası Vətənə bağlılığı onun xüsusi təyinatlı olması ilə nəticələndi. Xüsusi Təyinatlı Qüvvələrin sırasına qatılanda sevincinin həddi-hüdudu yox idi. Çünki arzusuna çatmışdı. O, Vətənə, dövlətə, bayrağa o qədər bağlı idi ki... Beləcə Nurlan 2010-cu ildən Azərbaycanın elit hərbçilərindən biri olaraq Vətənin keşiyində dayanır. Nurlan təkcə Aprel döyüşündə 57 ermənini əlbəyaxa döyüşdə məhv edib. Baxmayaraq ki, həmin döyüşlərdə kəllə-beyin travması almışdı, müalicədən sonra da yenidən xidmətinə qayıtdı. Nurlan bir çox kurslar, təlimlər keçən xüsusi təyinatlı gizir idi. Nurlan 15 döyüşçü yoldaşı ilə 1500 erməni hərbçisini qovan bir qəhrəman olub. Hətta bunu erməni tərəfi ağlayaraq etiraf edib. Nurlan və qrupu Vətən müharibəsində düşmənə, sözün əsl mənasında qan uddurub".

Qəhrəman döyüşçümüz bir çox postların azad edilməsində şücaət göstərib. Cəbrayıl, Zəngilan, Suqovuşan, Füzuli istiqamətlərində də döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Şəhidimizin atası Madər Hüseynov: "Belə bir övlad yetişdirdiyim üçün çox qürurluyam. Mən özüm də Vətənimə bağlıyam və övladlarıma bu tərbiyəni vermişəm. Nurlan ən çox arzuladığı şəhidlik zirvəsinə ucalmaqla məni də qürurlandırdı, mən də özümü şəhid atası kimi zirvədə hiss edirəm".

Heç kim unudulmur, heç kim yaddan çıxmır. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

 M.MİRZƏ,

 "Respublika".