Qartallar diyarı Kəlbəcərdə yeni həyat başlayır
Digər xəbərlər

Qartallar diyarı Kəlbəcərdə yeni həyat başlayır

İkinci Qarabağ müharibəsində qələbədən sonra bölgədə tikinti-abadlıq işlərinə start verildi. Ərazilərimizin mərhələli şəkildə minalardan təmizlənməsi, bu yerlərin abadlığı ön plana çəkildi. Çünki 30 illik işğal dövründə Ermənistan bütün binaları, yaşayış evlərini uçurub dağıtmışdır. Tikinti-quruculuq işlərinin ilk müjdəsi, ünvanı Zəngilanın Ağalı kəndi oldu. Yerli sakinlərin kəndə köçü başladı. Ağalı ikinci həyatına qovuşdu. Ərazidə xəstəxana, məktəb və s. bütün vacib infrastrukturlar quruldu. İndi Qarabağ və Zəngəzur böyük tikinti meydançasına bənzəyir. Hər tərəfdə tikilən evlər, salınan aqroparklar, inşa olunan enerji stansiyaları, dövlət əhəmiyyətli binalar və hava limanları görülən işin keyfiyyətindən və sürətindən xəbər verir.

Yaxın vaxtlarda Kəlbəcər rayonuna əhalinin köçürülməsi planlaşdırılır. Qartallar diyarı, məğrur dağların qoynunda məskən salan Kəlbəcər öz sakinlərini qarşılamağa hazırlaşır. Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. Ermənilər bu yerlərdə təkcə insan tələfatı törətməmiş, eyni zamanda rayon ərazisində olan binaları, tarixi abidələri də dağıtmışlar. Kəlbəcər rayonunda işğaldan əvvəl 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi var idi. İşğal nəticəsində rayonun 60 min əhalisi qaçqın düşmüşdür. Xain düşmənimiz azərbaycanlıları öz ata-baba torpaqlarından didərgin saldıqdan sonra rayon ərazisinə ermənilərin məskunlaşdırılmasına başlanmışdır. 2020-ci il Vətən müharibəsindəki qələbəmizdən sonra noyabr ayının 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.

İşğaldan azad edilən Kəlbəcərə səfəri zamanı dövlət başçısı İlham Əliyev bu yerlərdə quruculuq işlərinə başlamaq üçün tapşırıq verdi. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoydu. Bu tunel vasitəsilə Göygöl və Kəlbəcər rayonları birləşəcək. Həmçinin, 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyası tikilib istifadəyə verildi. Daha sonra isə "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası tikildi. Görülən işlərlə yanaşı, bir çox bina və iaşə obyektlərinin tikintisi davam etdirilir. İşğal və Zəfər muzeyləri, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin və "İstisu" mineral su zavodunun və "İstisu" sanatoriyasının tikintisi aparılır. Kəlbəcərin dağlıq ərazidə yerləşməsi və meşələrlə əhatə olunması onun təbiətinin zənginliyini, bu yerlərin tarixi-memarlıq abidələri bölgənin qədim tarixə söykəndiyini göstərir. Həmçinin, ərazinin füsunkar və möcüzəvi gözəlliyi onun turizm bölgəsi kimi də tanınmasına və şöhrət tapmasına şərait yaradacaq. Hazırda Baş plan üzrə həyata keçirilən tikinti-quruculuq işləri bu yerlərin yenidən öz şöhrətinə qovuşacağından xəbər verir.

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir. Dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə yerləşən Kəlbəcəri "təbiət muzeyi" də adlandırırlar. 3054 kilometr sahəsi olan rayon zəngin flora və faunası ilə dünyada bənzəri olmayan bir məkandır. Rayonun ərazisi sənaye əhəmiyyətli qızıl, civə, tuf, perlit, üzlük daş, bol qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian, listvenit yataqları ilə zəngindir.  Bu rayonun təbii ehtiyatları xarici şirkətlərin də diqqətini cəlb etmişdir. Belə ki, Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyasının tikintisi sahəsində xarici şirkətlərin maraqları böyükdür. Artıq bu sahədə danışıqlar gedir. Bildiyimiz kimi, Kəlbəcər rayonunda su istehsalı zavodu da tikilir. Gələcəkdə istifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulkaların istehsalı nəzərdə tutulur. Zavodda gün ərzində 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq, suyun mənbəyi isə 200 metr dərinlikdə qazılan quyudan götürüləcək. Suyun çıxışda istiliyi 60-65 dərəcəyə bərabərdir. Öz sakinlərini səbirsizliklə gözləyən qartallar diyarı yeni, daha möhtəşəm həyatına qovuşmaq ərəfəsindədir.

R.MƏHƏRLƏMOVA,

"Respublika".