QAX: Diqqəti abadlıq və yaşıllıq cəlb edir
Region

QAX: Diqqəti abadlıq və yaşıllıq cəlb edir

Yerli və xarici turistlərin daha çox səyahət etdiyi Qax rayonunda yaradılan şəraitlə əyani tanış olmaq üçün ərazini gəzmək qərarına gəldim. İlin istənilən vaxtı rayonda abadlıq üçün görülən işlər və yaşıllığa xüsusi qulluq diqqətimi cəlb edir. Hava qaralan kimi küçə və məhəllələrin işıqlandırılması da, ərazinin təmizliyi kimi, rahatlıq hissini yüksəldir. Təmiz havası, füsunkar təbiəti və yol boyu uzanan ağaclar rayonun görkəmini dəyişməklə insanların istirahətinə müsbət təsirini göstərir.

Rayonu gözəlliyə qərq edən kommunal işçilərinin zəhməti ilə yaxından tanış olduq. Məlum oldu ki, rayon kommunal müəssisələri kombinatının əsas fəaliyyətini şəhər sakinlərinə və sahibkarlıq subyektlərinə, eləcə də idarə, müəssisə və təşkilatlara sanitar təmizləmə, yaşıllaşdırma və küçə işıqlandırılması xidmətlərinin göstərilməsi təşkil edir. 

Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov bildirdi ki, il ərzində Qax şəhər İnzibati Ərazi Dairəsi ilə bağlanmış müqaviləyə əsasən kombinat küçə, prospektlərdə, parklarda olmaqla ümumilikdə şəhərin 561731 kvadratmetr sahəsinə təmizlik xidməti göstərilib. Şəhərin asfaltlanmış ərazisinin, demək olar ki, 80 faizə yaxını gündəlik süpürülür. Kombinatın təsərrüfat hesablı xidməti tərəfindən şəhərin 106 küçəsində yerləşən fərdi evlərdən, yaşayış binalarından, sahibkarlıq subyektlərindən, idarə, müəssisə və təşkilatlardan, eləcə də Qaxingiloy kəndinin bir hissəsindən məişət tullantılarının daşınması həyata keçirilir. Fərdi müqavilələr əsasında ötən il 1984 təsərrüfat subyektinə, 697 kommunal evdə yaşayan abonentə və 390 sahibkara xidmət göstərilmişdir. 25 idarə, müəssisə və təşkilatlarla məişət tullantılarının daşınmasına dair müqavilələr bağlanmış və müvafiq xidmətlərin göstərilməsi təmin edilmişdir.

Qeyd olundu ki, şəhər ərazisində abonentlərə xidmət üçün 3 qutu, 15 xüsusi yer və 202 xüsusi konteyner ayırılmışdır. Əhali və sahibkarlıq subyektlərinə göstərilmiş xidmətlərin müqabilində il ərzində 64 min manat vəsait mədaxil edilmişdir. Müəssisə və təşkilatlardan tullantıların daşınması xidməti üzrə 17 min manat gəlir olub. Kombinat tərəfindən şəhər ərazisindən daşınmış 18800 kubmetr həcmində bərk məişət tullantıları tullantı poliqonunda zərərsizləşdirilib.

Şəhərin 88 küçə və prospekti, eləcə də 15 park və bağı işıqlandırılır.          Ərazidə yerləşən bütün parklarda və yol kənarında olan yaşıllıqlarda aqrotexniki tədbirlər həyata keçirilir.

M.NƏRİMANOĞLU,

"Respublika".