Qax: Kənd sakinləri problemsiz yaşayar...
Region

Qax: Kənd sakinləri problemsiz yaşayar...

Respublika Prezidentinin tapşırığına əsasən əhalinin məmnunluğunu, sosial rifahının yaxşılaşdırılmasını təmin etmək, qarşılaşdığı problemlərlə yerində tanış olmaq və həlli üçün müvafiq tədbirləri həyata keçirmək məqsədilə məmurlar tərəfindən yerlərdə səyyar qəbullar keçirilir. Aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə keçirilən belə görüşlərdə sakinlərin müraciətləri və onları narahat edən problemlər yerindəcə araşdırılır, bəzi məsələlər operativ surətdə həll olunur, müvafiq tapşırıqlar verilir, bəzi mövzularda isə mərkəzi icra hakimiyyəti  rəhbərlərinə müraciətlər göndərilir.

Qax Rayon İcra Hakimiyyətində qəbul günlərindən asılı olmayaraq müraciət etmək istəyən sakinlər rayon rəhbərliyi tərəfindən operativ surətdə qəbul edilir, arzu və istəkləri dinlənilir, problemləri araşdırılır və  həlli üçün konkret addımlar atılır. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilir və onlarla mütəmadi görüşlər keçirilir. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbul-görüşü müvafiq qurumların rəhbərlərinin, ərazi icra nümayəndələri və bələdiyyə sədrinin  iştirakı ilə Almalı kəndində keçirildi.

Əvvəlcə ənənəyə uyğun olaraq kənd sakinlərinin son müraciətlərinə toxunuldu və onların həlli üçün görülmüş işlər barədə məlumat verildi. Qeyd olundu ki, mürəciətlərə əsasən su kanalları təmir olunub, istilik sistemində olan problem aradan qaldırılıb, yolların təmiri üçün görülən işlər davam etdirilir. Kənd sakinlərindən İbrahim İsayev, Məhəmməd Rəhimov, Şahlar Nəsirov və başqaları görülmüş işləri məmnunluqla qeyd edərək kənd  təsərrüfatı ilə məşğul olmaq üçün bələdiyyənin ehtiyat fondundan əkinəyararlı torpaq sahəsinin verilməsinə, kənddə ara küçələrin təmirinə və  içməli su probleminin həll olunmasına  köməklik göstərilməsini xahiş etdilər.

Rayon rəhbəri qaldırılan məsələlərin həlli üçün kənd bələdiyyəsi tərəfindən müvafiq işlərin görülməsinin vacibliyinə toxundu. Qeyd olundu ki, bələdiyyə vəsaiti hesabına kənddə su probleminin həlli, abadlığın aparılması, ara yollarının düzəldilməsi ilə yanaşı, istirahət parkının salınması və digər məsələlərin həlli üçün müvafiq işlər görülməlidir. Çünki yerli özünüidarəetmə orqanı olan bələdiyyə bu kimi məsələləri öz büdcəsi hesabına həll etməlidir. Məlum oldu ki, bələdiyyəyə təkcə Almalı kənd sakinlərinin 117 min manat vergi borcu var. Bildirildi ki, bu borc sakinlər tərəfindən ödənilərsə və görülən işlərə ictimai nəzarət olarsa, kənd sakinləri problemsiz yaşayar. Çünki bələdiyyə topladığı vergi hesabına kənd sakinlərinin rifahının yaxşılaşdırılması üçün məqsədyönlü işlər görməlidir.

Görüşdə iştirak edən sakinlər sadalanan problemlərinin həlli üçün bələdiyyəyə olan borclarının ödənilməsinə söz verdilər.

M.NƏRİMANOĞLU,

“Respublika”.