Qax: Vaksinasiya pandemiyaya qarşı mübarizənin ən sərfəli yoludur
Region

Qax: Vaksinasiya pandemiyaya qarşı mübarizənin ən sərfəli yoludur

Qax Rayon Mərkəzi Xəstəxanasının vaksinasiyanın icrasına nəzarət üzrə təhkim olunan həkimi Sevinc Əsgərova dünyada və ölkəmizdə geniş yayılan COVID-19 pandemiyasına qarşı davamlı tədbirlərdən danışaraq bildirmişdir ki, COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir.

Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan Respublikası da yer almışdır.

Strategiyanın əsas məqsədi hazırda geniş yayılmış COVID-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.

Vaksin preparatlarının seçimində əsas meyar vaksin preparatlarının təhlükəsizliyi və effektivliyidir.

Respublikanın hər yerində olduğu kimi rayonumuzda da vaksinasiya prosesi uğurla həyata keçirilir.  Bu ilin əvvəlindən bu günə qədər Çin istehsalı olan Sinovac peyvəndindən  istifadə edilərək  44634 peyvəndləmə prosesi həyata keçirilmişdir.  Onlardan 25942 – I doza, 18692 – II dozadır. Hər bir vaksin olunacaq vətəndaş ilk növbədə həkim müayinəsindən keçirilir. Əks-göstərişləri olanlar həkim komissiyasına yönləndirilir.  Vaksinasiya prosesi zamanı heç bir ağırlaşma halları qeyd edilməmişdir.

Qax rayonunda əhalinin sağlamlığının daha da yaxşılaşdırılması üçün digər vacib və təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir.

Rasim AMANOV,

“Respublika”.