Qayğı və diqqət daimidir
Sosial həyat

Qayğı və diqqət daimidir

“Onlar bizim başımızın tacıdır”-indi tez-tez eşidilən bu qiymətli kəlam öz ömrünü Vətən yolunda fəda edib şəhidlik zirvəsinə yüksələnlərə, amansız döyüşlərdə sağlamlığını itirmiş qazilərə ana südü kimi halaldır. Ölkənin hər yerində olduğu kimi Şirvan şəhərində  də şəhid ailələrinə, qazilərə qayğı və diqqət daimidir. Şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri tez-tez ailələrdə olur, onların qayğıları ilə maraqlanır, lazımi köməkliklər göstərirlər.

Bu günlərdə Vətən müharibəsi əlili  Xalid Vahid oğlu İskəndərov yaşadığı ünvanda ailə üzvləri ilə birlikdə ziyarət edildi. Xalid 1990-cı ildə Əli Bayramlı (indiki Şirvan)şəhərində anadan olub. 16 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Şirvan Peşə liseyində geniş profilli dəzgahçı ixtisasına yiyələnib. 2009-2011-ci illərdə “N”saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Xidmətdən sonra “Sarvan”QSC-də sürücü işləyib. Xalid İskəndərov İkinci Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılıb. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə şücaət göstərib. Cəbrayıl ərazisində ağır güllə və qəlpə yarası alıb. Füzuli, Yevlax, Bakı şəhərlərindəki hospitallarda müalicə alıb. Müalicəni ambulator şəraitdə, evdə davam etdirib.

Xalid ailəlidir, iki övladı var. Ziyarət zamanı Xalidin anası Afaq xanım oğlunun müalicəsinə qayğı göstərən Şirvan həkimlərinə, tibb işçilərinə, daimi qayğı və diqqətə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirdi.

Tofiq HÜSEYN,

“Respublika”.