Qayğı və diqqət razılıq doğurur
Region

Qayğı və diqqət razılıq doğurur

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər icra hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, şəhərin idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları ilə birlikdə İlaxır çərşənbə münasibətilə Vətən müharibəsinin şəhidi Əli Əflan oğlu Mənəflinin ailəsinin yaşadığı 17 saylı binanın sakinlərlə görüş keçirdi. Görüşdə şəhidin ailə üzvləri  iştirak etdilər.

İlqar Abbasov İlaxır çərşənbə münasibətilə şəhid ailələri, müharibə iştirakçıları başda olmaqla şəhər sakinlərini təbrik edib, onlara sağlam həyat, ruzi-bərəkət, sevinc dolu günlər arzuladı.  Artıq 3-cü ildir ki, Novruz bayramını Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən Qələbə əhvali-ruhiyyəsində qarşıladığımız qeyd olundu. Əlamətdar günlərdə şəhidlərimizin ailə üzvlərinin ziyarət edilməsinin və onlara mənəvi dəstək göstərilməsinin Şirvan şəhərində ənənə halını aldığı vurğulandı. Belə görüşlərin bayram günlərində şəhidlərin vaxtilə yaşadığı məhəllədə keçirilməsinin onların ruhuna hörmət və ehtiramın ifadəsi olduğu qeyd edildi. Şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərindən, yenidən qurulan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından, Leyla xanım  Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açılaraq şəhidlərimizin vaxtilə yaşadıqları küçələrin abadlaşmasına və işıqlandırılmasına xüsusi diqqət göstərildiyi vurğulandı. Şəhər ərazisində 76 çoxmənzilli binadan 73 binanın zirzəmisinin çirkab sulardan təmizləndiyi, o sıradan 17 saylı binanın da daxil olduğu, nəzərdə tutulan 156 küçədən 127 küçədə işıqlandırılmanın başa çatdığı bildirildi. 2020-ci ildə 27, 2021-ci ildə 39, 2022-ci ildə isə 10 küçənin asfaltlandığı diqqətə çatdırıldı. Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış oldu. Bina sakinləri yaxınlıqda uşaqlar üçün oyun meydançasının yaradılmasını, binanın arxa hissəsindəki yolun kənarında piyada səkisinin salınmasını xahiş etdilər. Qaldırılan məsələlərin həll olunması məqsədilə əraziyə baxılması və vəziyyətin dəyərləndirilməsi üçün aidiyyəti üzrə müvafiq göstərişlər verildi. 

Sakinlər göstərilən diqqət və qayğıya, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

“Respublika”.