Qayğı və yüksələn rifah
Sosial həyat

Qayğı və yüksələn rifah

Son beş ildə dördüncü sosial islahat paketinin icrasına başlanılır

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində son illər ardıcıl və genişmiqyaslı islahatlar həyata keçirilib. Sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi, elektron texnologiyalar üzərində, vətəndaş məmnunluğuna uyğun göstərilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

Dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq artıq 4 ildə 3 sosial islahat paketi həyata keçirilib və 4 milyondan çox vətəndaşın rifahına dəstək olan bu islahatlar üzrə əlavə olaraq illik 6 mlrd. manat ayrılıb. Aparılan bu islahatlar nəticəsində minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 53 faiz, əmək müqavilələri 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb. Eyni zamanda həmin dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunmaqla və pensiya təminatına əlçatanlığın artırılmasına xidmət edən humanist yanaşmalar tətbiq edilməklə, sosial təminat sisteminin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib.

Prezident İlham Əliyevin bu il imzaladığı növbəti "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına əsasən əlaqədar keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev dövlət başçısının yeni Sərəncamı ilə ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlandığını vurğulayıb. A.Əliyev bildirib ki, Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların tarif (vəzifə) maaşları da bir ay ərzində bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqları da artacaq. Minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min işçini əhatə edəcək. Qeyd olunub ki, minimum pensiyanın 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə də 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim ediləcək. Nəticədə minimum aylıq pensiya da 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək.

Ümumilikdə son 5 ildə sosial sahədə ardıcıl xarakter alan inqilabi sosial islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52 faiz, orta aylıq pensiya 80 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsait 80 faiz artıb. Həmin dövrdə əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq 1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub. 2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub və bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Prezident İlham Əliyev "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" qanunları təsdiq edib və hər iki qanunun tətbiqi barədə fərmanlar imzalayıb. Gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri eyni olmaqla 6 mlrd. 263 mln. 970 min manat, işsizlikdən sığorta fondunun da gəlir və xərcləri eyni olmaqla 212 mln. 668 min 344,50 manat təsdiqlənib. Dövlət başçısı 2023-cü il üçün ehtiyac meyarının həddi və yaşayış minimumu haqqında qanunları da təsdiq edib. Gələn il üçün ölkəmizdə ehtiyac meyarının həddi 246 manat, yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunub.

İşğaldan azad edilmiş ərazilərimizdə işçi və işəgötürənlər üçün əmək münasibətləri ilə bağlı stimullaşdırıcı tədbirlərə də başlanılır. Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, onlar üçün bir sıra güzəştləri nəzərdə tutan dəstək paketinin tətbiqinə, bu ərazilərdə əmək resurslarının səmərəli idarə olunmasına xidmət edir. Ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotası 5 il tətbiq edilməyəcək, kvotanın dolması səbəbindən iş icazəsi verilməsindən imtina edilməsi onlara şamil olunmayacaq. Onlara iş icazələrinin verilməsi sahəsində də güzəştlər tətbiq olunacaq. Yeni qanunvericilik aktlarına əsasən, Əmək Məcəlləsinə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis" anlayışı əlavə olunub. Bu anlayışa peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər aid edilib.

Fərdi hesabında hər hansı məbləğdə pensiya kapitalı olanlara 25 il staj hədiyyə edilməsi müddəti daha üç il uzadıldı. Bu, Prezident İlham Əliyevdən pensiyaçılara daha bir dəstəkdir. Ölkə başçısının təsdiq etdiyi yeni Qanun pensiya sistemində növbəti humanist yanaşmanın tətbiqinə, pensiya təminatına əlçatanlığın artırılmasına xidmət edən daha bir addımdır. Hazırda hədiyyə edilən həmin 25 il sığorta stajının hər il üçün 1 il azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq olunacaq.

Belə ki, "Əmək pensiyaları haqqında" Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Nəticədə o, hətta heç bir stajı olmadıqda belə, pensiya hüququ qazanır. Hədiyyə edilən həmin 25 il sığorta stajının 2023-cü ilin əvvəlindən artıq hər il üçün 1 il azaldılması nəzərdə tutulurdu. Məsələn, fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə 2023-cü ildə artıq 25 il yox, 24 il, 2024-cü ildə 23 il, 2025-ci ildə 22 il və s. staj hesablanacaqdı və lazım olan minimum 25 illik stajın qalan hissəsi isə pensiya yaşına çatmış şəxsdən tələb olunacaqdı. Təsdiqlənən yeni Qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur. Yəni qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması artıq 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcək.

Yaşlı əhaliyə humanist yanaşmanı göstərən bu islahat yaxın 3 ildə daha 30 minə yaxın şəxsin onlara 25 illik staj hədiyyə edilməsi nəticəsində pensiya hüququ əldə etməsinə, pensiya təminatının əhatəsinin daha da genişləndirilməsinə imkan verəcək. Dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Buna misal olaraq, özünüməşğulluq proqramına cəlb olunanların sayı son 4 ildə təqribən 15 dəfə artıb. Həmin dövrdə 60 mindən çox işsiz və işaxtaran şəxs üçün həmin proqram çərçivəsində kiçik ailə biznesləri yaradılıb.

Bütün bunlar belə deməyə əsas verir ki, dövlət başçısının uğurlu sosial islahatlar proqramı qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni mühüm irəliləyişlərə nail olunmasını təmin edəcəkdir.

Mustafa KAMAL,

"Respublika".