Qayıtmışıq, burdayıq, bundan sonra bu bölgədə əbədi yaşayacağıq
Siyasət

Qayıtmışıq, burdayıq, bundan sonra bu bölgədə əbədi yaşayacağıq

Bu, illərin həsrətindən sonra əzəli torpaqlarına qovuşan xalqımızın duyğularının qürurla ifadəsidir

“Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik və bu gözəl mənzərələr də göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir”, - deyən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 16 avqust 2021-ci ildə Kəlbəcər və Laçın rayonlarında olublar. Müharibədən sonra Kəlbəcərə ilk səfəri olduğunu xatırladan möhtərəm Prezidentimiz burada və Laçında bir neçə tədbirin nəzərdə tutulduğunu, Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəyini bildirib. Kəlbəcər və Laçın təbiətinə görə ən gözəl rayonlarımızdandır. İşğal zamanı ermənilər təbiətimizə nə qədər ziyan vursalar da, onu məhv edə bilməyiblər. Bu yerlərin gözəl mənzərələri yenə göz oxşayır. Cənab Prezident və birinci xanım Mehriban Əliyeva Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr ediblər.

Avtomobildən çəkilən videogörüntüdə ecazkar mənzərə qürurla nümayiş etdirilir, ölkə başçısı bölgənin gözəlliklərini bədii ifadələrlə təsvir edir, bu diyarın tarixindən danışır, önəmli mesajlar verir. Ölkə başçısının bölgənin qədim tarixindən bugününə qədər ən kiçik məlumatları belə çatdırması onun Vətən sevgisinin, vətənpərvərlik hisslərinin böyüklüyünü ifadə edirdi.

Prezident İlham Əliyev deyir: “Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm. Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!”. Bu, Qalib Ali Baş Komandanın qəlbən bağlı olduğu xalqına vətənpərvər müraciətidir. Hər zaman olduğu kimi, tarixi hadisəyə çevrilən bu səfər çərçivəsində, işğaldan azad olunmuş torpaqlarımızda, mürəkkəb və dağlıq relyefə malik bölgədə genişmiqyaslı infrastuktur layihələrin icra edilməsi belə deməyə əsas verir ki, Tarixi Zəfər salnaməsi davam edir, onun yeni səhifələri yazılır.

Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq tunelin təməlinin qoyulması mərasimində, “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər. Prezident İlham Əliyev Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış oldu. Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular. Kəlbəcər şəhərində dövlət bayrağını ucaldan Prezident “İstisu” sanatoriyasına baş çəkib, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işləri ilə tanış oldu. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Beləliklə, ölkənin enerji potensialı da güclənir. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonasına çevrilir. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi dövlətimizin iqtisadi gücünü göstərir. Ən əsası, cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin, əzmkarlığının, qətiyyətli siyasi iradəsinin əməli təzahürüdür.

Artıq işğaldan azad olunmuş ərazilərdə, füsunkar Kəlbəcərdə, bənzərsiz Laçında genişmiqyaslı infrastruktur layihələri icra olunur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının qısa müddətə inşası həyata keçirilən layihələrdən biridir. Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə Sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib. Ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb.

 

İşğaldan azad olunmuş ərazilərdə, füsunkar Kəlbəcərdə, bənzərsiz Laçında genişmiqyaslı infrastruktur layihələri icra olunur

 

Dövlət başçısı deyir: “Cəmi 8-9 ay ərzində görülmüş işlər onu bir daha göstərir ki, bizim çox güclü iradəmiz var, siyasi qərarlar verildi, bütün güclər, texniki imkanlar səfərbər olundu, maliyyə vəsaiti təmin edildi, Azərbaycanda, o cümlədən inşaat sahəsində kadr potensialı formalaşdı və hərtərəfli işlər gedir - elektrik xətləri, su elektrik stansiyaları, yarımstansiyalar, tunellər, körpülər, hava limanları, sosial obyektlər və bütün digər məsələlər. Bax, bu tunelin şəkli də burada göstərilir, çox rahat və təhlükəsiz bir yol olacaq. Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Ermənilərin üçüncü yolu da çəkmək istədiklərini xatırladan cənab İlham Əliyev bildirir: “Cəbrayıla gedən yol. Bu haqda müharibə zamanı dəfələrlə öz fikirlərimi bildirmişdim və beləliklə, Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdı və bu da hərbi cinayət sayılır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə edirdi. Onlar, hətta bu yolda da olublar, onu da görüblər və Cəbrayıl rayonunda nəzərdə tutulmuş yolun inşasına da etiraz bildirməmişdilər. O vaxt bu yol çəkiləndə biz etirazımızı bildirmişdik. Biz səsimizi qaldırmışdıq, biz demişdik ki, buna yol vermək olmaz, Azərbaycan ərazisində qanunsuz işlər aparıla bilməz. Ancaq bizi eşidən yox idi. Amma bu gün mən gəlmişəm, həmin yolun üstündə durmuşam və biz bu yolda bundan sonra əbədi qalacağıq, bu bölgədə əbədi yaşayacağıq”. Bu ismarış uzun həsrətdən sonra əzəli torpaqlarına qovuşan xalqımızın ürəyindən süzülüb gələn ən qürurlu duyğuların ifadəsidir.

Mustafa KAMAL,

“Respublika”.