Qazax:  Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur
Region

Qazax:  Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunur

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri Vətən müharibəsində iştirak edən İkinci Şıxlı və Birinci Şıxlı kəndlərindən olan ailə üzvləri ilə birlikdə şəhidlərimizin məzarlarını ziyarət edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib.

İcra başçısı dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Rayon rəhbəri Vətən müharibəsində canlarından keçən şəhidlərimizlə təkcə qazaxlıların deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu bir daha dilə gətirib. Fəxr yerimiz olan şəhidlərimizə, onların ailələrinə olan hörmət və ehtiramın bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib. 

Şəhid kapitan Rövşən Pənahovun atası Mahmud Pənahov, şəhid Babək Həsənovun anası Gülarə Həsənova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar.

Vəli VƏLİYEV,

“Respublika”.