Qazax: Qəlbimizdə yaşayanlar
Region

Qazax: Qəlbimizdə yaşayanlar

Respublikamızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından canı bahasına azad edən və Şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də şəhid kəşfiyyatçı, kiçik çavuş Məmmədov Əhməd Nazim oğludur. Yaşasaydı 27 yaşını qeyd edəcəkdi.

Qəhrəman Vətən oğlu döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Gülnar Quluyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları və başqaları şəhidimizin dəfn olunduğu Fərəhli kənd qəbiristanlığında məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıblar. İgid Vətən oğlunun ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar şəhidin ata ocağında olub, torpaq uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov həmin zəfərdə payı olan Əhməd kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. “Bu gün Əhmədin doğum gününü onsuz qeyd etsək də, o, daim bizim qəlbimizdə yaşayır. 26 yaşında Şəhidlik zirvəsinə ucalan Əhməd qısa ömrünə yüz illərin qəhrəmanlıq dastanını sığdırdı. Əhmədin igidliyi, qəhrəmanlığı nəinki indiki, eləcə də gələcək nəsillərə örnəkdir”.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev bizlərə böyük tarixi Qələbəni bəxş edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib. Şəhidimizin məktəb illərindən söhbət açan sinif rəhbəri Vüqar Məmmədov şagirdi olmuş Əhməd Məmmədovla qürur duyduğunu bildirib. Qəhrəman şəhidimiz haqqında xatirələrini bölüşən Vüqar müəllim qeyd edir ki:
- Əhməd məktəbdə tərbiyəsi, əxlaqı, öz səliqə-sahmanı ilə seçilən bir şagird olub. Vətənə olan sevgisi onu ən uca zirvəyə yüksəltdi.

Şəhid atası Nazim Məmmədov hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Əhmədin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.

Vəli VƏLİYEV,

“Respublika”.