Qazaxda baramaçılığa qayğı
Region

Qazaxda baramaçılığa qayğı

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr uğurla icra edilir. Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Qazaxda da ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Qazax rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir.

Bu il artıq yeddinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ildə kümçülər tərəfindən 2800 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulub. Kəndlərdə barama yetişdirən kümçülərə 73 qutu ipəkqurdu toxumu paylanılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu paylanılmış kəndlərdə olub, ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir.

Kəndlərdə barama yetişdirən kümçülər bildiriblər ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər. Kümçülər qısa zaman kəsiyində əldə etdikləri qazancdan məmnundurlar.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.

V.VƏLİYEV,

"Respublika".