Qazaxıstan parlamentinin sədri Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranmış yeni reallıqlar barədə məlumatlandırılıb
Siyasət

Qazaxıstan parlamentinin sədri Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranmış yeni reallıqlar barədə məlumatlandırılıb

İyunun 23-də Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan Respublikasına işgüzar səfəri çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovla görüşüb.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Çolpon-Ata şəhərində baş tutan görüşdə dost və qardaş ölkələr - Azərbaycanla Qazaxıstan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirən Milli Məclisin sədri xalqlarımız arasında çoxəsrlik ənənəvi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu deyib. Sədr bunun ölkələrimiz arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin dərinləşməsinə möhkəm əsaslar yaratdığını qeyd edib. Cari ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu diqqətə çatdıran Sahibə Qafarova ötən müddət ərzində bir çox sahələr üzrə dərin əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Qeyd olunub ki, münasibətlərimizin inkişafında ölkə başçılarının rolu əhəmiyyətli rol oynayıb.

İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolundan bəhs edən Milli Məclisin sədri parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edib, bu sahədə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının olduğunu bildirən Sahibə Qafarova deputatlarımızın müxtəlif beynəlxalq təşkilatlarda da uğurla fəaliyyət göstərdiklərindən bəhs edib. Sədr, həmçinin Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük imkanlar yaradan TÜRKPA çərçivəsində qarşılıqlı fəaliyyəti xüsusilə vurğulayıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verən Sahibə Qafarova işğaldan azad edilən ərazilərdə nəhəng bərpa və quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir.

Milli Məclisin sədrini səmimiyyətlə salamlayan Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov ölkəmizin Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini qeyd edərək, münasibətlərimizin inkişafından razılığını ifadə edib. Münasibətlərimizin hazırkı yüksək səviyyədə olmasında xalqlarımız arasında mövcud dostluq və qardaşlıq əlaqələrinin mühüm rolunu qeyd edən Yerlan Koşanov müstəqillik illərində əməkdaşlığımızın daha da dərinləşdiyini bildirib.

Qazaxıstan Parlamenti Məclisinin sədri iki ölkə arasında münasibətlərin inkişafına qanunverici orqanların özünəməxsus töhfələr verdiyini söyləyib. Onun sözlərinə görə, bu sahədə əlaqələrin inkişafı qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. O, xüsusilə, TÜRKPA çərçivəsində əməkdaşlığın önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC