Qazi Elşən Mustafayev:  Prezident İlham Əliyevə “YAŞAT” Fondunun yaradılmasına görə dərin minnətdarlığımı bildirirəm
Sosial həyat

Qazi Elşən Mustafayev:  Prezident İlham Əliyevə “YAŞAT” Fondunun yaradılmasına görə dərin minnətdarlığımı bildirirəm

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq Vətənə dönən qazi Elşən Mustafayev təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, qazı deyib: “Silahdaşlarımla əvvəlcə Cəbrayıl rayonu uğrunda döyüşlərə başladıq, sonra isə Füzuli istiqamətində savaşlar getdi və bir neçə kəndi azad etdik. Qarğabazar kəndinin yaxınlığında minomyot partlayışı nəticəsində qəlpə yarası aldım. Partlayışdan sonra ayağa qalxanda əlimin yerə dəydiyini hiss etdim. Bir əlimlə o biri əlimi götürüb tibbi maşınla hospitala gəldim. Hospitala çatanadək qanitirmə nəticəsində halım çox pis olsa da, özümü idarə edə bilirdim. Həkimdən ilk soruşduğum sual qolumun yerinə tikilməsinin mümkün olub-olmaması idi. Həkim dedi ki, bu çox çətin məsələdir, amputasiya olunmalıdır. Buna razılaşmışdım. Lakin həkimlərin ciddi cəhdləri nəticəsində hələ ki, qolum amputasiya olunmayıb. ümid edirəm ki, bundan sonra da olmaz.

Müalicəmlə əlaqədar “YAŞAT” Fonduna müraciət etdim. Fond iyunun 2-də əməliyyat olmaq üçün məni İstanbula göndərdi. Orada iki əməliyyat keçirdim. Ayağımdan sümük kəsib qoluma köçürüldü. Əlimdə əzələlər atrofiyaya uğradığına görə, funksiyalarını yerinə yetirə bilmirdi. Onlarda da düzəlişlər etdilər. Bakıya qayıtmışam və səhhətim normaldır. Fondun dəstəyi ilə iki aydan sonra yenidən İstanbula göndəriləcək və yenidən müayinə olunacağam. Əsas vacib şərt sümüyün birləşməyidir ki, qolum amputasiya olunmasın.

Mən bir qazi olaraq Prezident İlham Əliyevə “YAŞAT” Fondunun yaradılmasına görə dərin minnətdarlığımı bildirirəm. Məlumdur ki, “YAŞAT” Fondunun büdcəsi ianələr hesabına formalaşır. Fonda ianə edən hər kəsə də təşəkkür edirəm. Çünki biz də öz tələbatlarımıza uyğun olaraq fonddan yararlana bilirik.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə  cansağlığı versin. Şükürlər olsun ki, torpaqlarımız azad olundu. Biz Cəbrayıl istiqamətində döyüşdə olanda fikirləşirdim ki, Zəngilan uğrunda da savaşaram. Həqiqətən də bunu ürəkdən istəyirdim. Fərqi yoxdur bütün torpaqlar bizimdir. Sadəcə olaraq, Zəngilanda anadan olduğum üçün onun düşmən tapdağından xilas edilməsi uğrunda döyüşməyi arzulayırdım. Zəngilana o vaxt getmək qismət olmadı. Allahın izni ilə tezliklə Zəngilanı gedib görərəm”.

AZƏRTAC