Qazilər göstərilən sosial dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər
Sosial həyat

Qazilər göstərilən sosial dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələn bir qrup Vətən müharibəsi qazisi ölkəmizdə şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində aparılan işlərdən razılıqlarını bildiriblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qazilər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının genişmiqyaslı və çevik sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qırx dörd günlük Vətən müharibəsinin qaziləri - Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov postmüharibə dövründə şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması üçün ardıcıl şəkildə həyata keçirilən tədbirlərin bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğıdan xəbər verdiyini vurğulayıb.

Həmçinin qazilər Qurbanəli İslamov, Namiq Seyfəddinli, Nurlan Mazanov, Allahverən Nurəliyev, Mobil Əhmədzadə, Əvəz Banipaşa, Elvin Vəliyev, Vasif Məlikov, Elşən Lalayev, Məhəmmədli Baxışov və başqaları müharibədən sonra qazilərin mənzillə, avtomobillə, işlə, reabilitasiya xidmətləri ilə təminatı və s. sahələrdə aparılan işlərdən razılıq ifadə ediblər.

Onlar, həmçinin qazilər hələ müalicə olunarkən ziyarət edildiklərini və müalicə müddətindən dərhal sonra operativ şəkildə sənədləşmə aparılmaqla əlilliklərinin qiymətləndirilməsinin aparılmasının, Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş qazilərin son nəsil protezlərlə təmin olunmasının və s. təqdirəlayiq olduğunu qeyd ediblər.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları ilə əlaqədar nazirliyin sosial dəstək paketinin hazırda da davam etdirildiyini bildirib.

Nazir müavini qeyd edib ki, sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 175 min xidmət göstərilib. Onlardan 93 min nəfərə proaktiv qaydada 103 min sosial ödəniş təyin olunub. Müalicə müddəti başa çatan qazilərdən artıq 3 min şəxsə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin edilib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra həmin müharibənin şəhidlərinin ailələrinin və qazilərinin də mənzillə təminatına başlanıb. Postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub. 1400 müharibə əlilinə 18 mindən çox reabilitasiya vasitəsi verilib. 5 min ailə sosial-psixoloji, 2500 qazi reabilitasiya xidmətləri ilə təmin edilib. Artıq 11 mindən çox qazini və şəhid ailəsi aktiv məşğulluq proqramlarına cəlb edilib. Son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə avtomobil verilib.

Son illərdə şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də dəfələrlə artırıldığı vurğulanıb. 2021-ci il dekabrın 29-da verilən sərəncamla "Müharibə veteranı" adı verilmiş veteranlara Prezidentin aylıq təqaüdünün təyinatı prosesi icra olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində də bir çox əməkdaşın Vətən müharibəsinin qaziləri olduğu, həmçinin əlilliyinin qiymətləndirilməsi sistemində də müharibədə iştirak etmiş həkim ekspertlərin çalışdığı qeyd edilib.

Şəhid ailələri və qazilərlə əlaqədar sosial dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

AZƏRTAC