Qəbələ: Xatirə bulaq kompleksi  
Region

Qəbələ: Xatirə bulaq kompleksi  

 Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış İmaməddin Yusifovun doğum günü münasibətilə doğulduğu Mıxlıqovaq  kəndində xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən bulaq kompleksi açılıb. 

Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərlərinin, şəhidin ailə üzvlərinin, təhsil aldığı məktəbin kollektivinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Mıxlıqovaq kənd məzarlığında Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, üzərinə gül dəstələri qoyularaq, xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Bulaq kompleksinin açılışında çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışmaqla  onların xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Sonda məktəblilərin ifasında hərbi vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

“Respublika”.