Qəbələ: Yüksək tolerantlıq mühitinin bariz nümunəsi
Region

Qəbələ: Yüksək tolerantlıq mühitinin bariz nümunəsi

Pravoslav xristianlarının bayramı olan Milad günü münasibətilə Qəbələ rayonunun Nic qəsəbəsində tədbir keçirilmişdir. Qəsəbədə fəaliyyət göstərən “Cotari” alban kilsəsində təşkil edilmiş mərasimdə Alban-Udi icmasının üzvləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər. Mərasimda çıxış edən Azərbaycan Respublikası Alban-Udi Xristianları İcmasının sədri Robert Mobili, kilsənin keşişi Rafik Danakari və icmanın üzvləri Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışmışlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Nic qəsəbəsinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, bayram münasibətilə təbriklər səsləndirmişlər.

Qeyd olunmuşdur ki, Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. “Cotari” alban kilsəsində və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən "Müqəddəs Məryəm Ana" (Bulun) məbədində 2020-ci ildə təmir-bərpa işləri aparılıb.

M.QULUYEV,
“Respublika”.