Qəhrəman doğulan Vətən oğulları...
Sosial həyat

Qəhrəman doğulan Vətən oğulları...

44 günlük Vətən müharibəsi Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı,  xalqımızın qəhrəman oğullarını da bir daha  tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycanın Milli Qəhrəmanları da şəxsi şücaəti fədakarlığı, qəhrəmanlığı ilə əsl vətənpərvər olduqlarını bir daha təsdiq ediblər. Keçdikləri qısa,  keşməkeşli yollar göstərir ki,  onlar bu şərəfli zirvəyə güclü iradə, əqidə,  xarakter ilə yüksəliblər. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır.  Vətən müharibəsində Biləsuvarın 69 şəhidi olub. Bunlardan 3-ü ölümündən sonra Vətən müharibəsi Qəhrəmanı adına layiq görülüb. Azərbaycan Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlər Kabineti torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar verib. Qərara əsasən,  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Milli Qəhrəmanlar və Vətən Müharibəsi Qəhrəmanlarının  adları verilib.

Şəhidlər bizim həm qürur yerimiz,  tariximiz və qələbəmizi yazan vətən oğullarıdır.  Vətən sağ olsun - deyib balasını torpağa əmanət edən ata və analar belə övladlar böyüdüb,  ərsəyə gətiriblər. Şəhidliyi özlərinə ömür payı biçən bu cür Vətən oğullarının,  şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət isə hər bir gəncə örnəkdir.

Nihad Akif oğlu Babayev  1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində dünaya göz açıb.  15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə,  18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb,  ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni,  ingilis və rus dillərini mükəmməl bilib. Nihadın ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda "Günnüt əməliyyatı"nda olub. Üç gün eyni mövqedə  gözləyən Nihad erməni mayorun maşını gəlib keçəndə onu snayperlə vurub. Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib.  Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan N.Babayev Füzuli, Cəbrayıl,  Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib.  Oktyabrın 29-da Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Babayev  ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Biləsuvar rayonu Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə "Vətən Müharibəsi Qəhrəmanı" Nihad Akif oğlu Babayevin adı verilibdir.

Cavid Hilal oğlu Mahmudov 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Cavid Mahmudov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində,  2012-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda ,  2020-ci ildən isə  Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissələrində xidmət edib. Azərbaycan Ordusunun kapitanı Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və oktyabrın 5-də bu döyüşlər zamanı  düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Cavid Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli  kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə,  həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyinə və mərdliyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir. Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbi "Vətən Müharibəsi Qəhrəmanı" Cavid Hilal oğlu Mahmudovun adını daşıyır.

Azərbaycan Ordusunun polkovnik-leytenantı  Orxan Nadir oğlu Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Orxan oktyabrın 6-da qəhrəmancasına şəhid olub.  Biləsuvar şəhərində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən Orxan Əkbərova ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə "Vətən Müharibəsi Qəhrəmanı" Orxan Nadir oğlu Əkbərovun adı verilmişdir.

Bu igid Vətənin qəhrəman övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş,  şərəfli bir iz qoyub getmişlər.  Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmurlar. Belə qəhrəmanları xalq həmişə  qəlbində yaşadır,  əbədi bir xatirə kimi yad edir.  Ana Vətənin,  doğma diyarın,  müqəddəs torpağın  yolunda canını fəda edənlərə əbədi eşq olsun!

Müşfiq MİRZƏ,

"Respublika".