Qəhrəman oğulların Vətən sevgisi
Region

Qəhrəman oğulların Vətən sevgisi

Vətən müharibəsində ən ağır döyüşlər Füzuli rayonunda baş verib. İşğal nəticəsində otuz ilə yaxın Qarabağda möhkəmlənən Ermənistan ordusu ən keçilməz sədləri, istehkamları, müdafiə xətlərini, eşolanlaşdırılmış səngərləri və hərbi texnika əleyhinə müqavimət yerlərini ən çox Füzuli istiqamətində inşa etmişdi. Düşmən bircə şeyi unutmuşdu, Azərbaycan əsgərinin, zabitinin Vətən, yurd eşqini. Cəngavər oğulların hünəri sayəsində ermənilərin ümid etdikləri həmin müdafiə xətləri 44 gün ərzində yerlə-yeksan edildi. İşğalçılara ən ağır zərbələr də məhz Füzuli istiqamətində gedən döyüşlərdə vuruldu. Düşmənin başına od yağdıran oğullardan biri də Nizaməddin İsmayılovdur.  Nizaməddin İsmayıl oğlu İsmayılov 1981-ci il yanvarın 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub.

Arazqırağı obaların qəhrəman oğlu 1999-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlik illərində Nizaməddinin qəlbində hərbçi olmaq arzusu baş qaldırıb. Nümunəvi xidməti ilə seçilib. Hərbi xidmətini layiqincə başa vurduqdan sonra o, 2002-ci ildə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində gizirlik hazırlıq məktəbində təhsil alıb. Təhsilini müvəffəqiyyətlə başa vuran Nizaməddin 2003-cü ildə “N” saylı hərbi hissənin sülhməramlı taborunda xidmətini davam etdirib. Qeyd edək ki, Azərbaycan Quru Qoşunlarının sülhməramlı qüvvələri 1999-cu ilin sentyabr ayından başlayaraq Kosovoda, Əfqanıstanda və İraqda  Beynəlxalq Sülhməramlı Ordu tərkibində xidmət ediblər. Azərbaycan hərbçiləri BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında İraqda sülhməramlı qüvvələrin tərkibində Azərbaycanın adını şərəflə qoruyublar. Həmin illərdə Azərbaycanın sülhməramlı qüvvələri İraqın ƏL-Xədifə şəhərində yerləşən SES-i mühafizə ediblər. Nizaməddin qərib ölkədə Azərbaycan əsgərinin adını ləyaqətlə ucaldıb. 2008-ci ilə qədər İraqda xidmət edən Nizaməddin İsmayılov sonra Vətənə qayıdıb.

2008-ci ildə başqa bir hərbi hissədə taqım komandiri kimi xidmət edib.  2011-ci ildən isə ön cəbhədə yerləşən hərbi hissələrdən birində minaatan batareyada fəaliyyətini davam etdirib.  Xidməti dövründə bir çox medal və fəxri fərmanlarla təltif olunub. 2016-cı ildə Aprel döyüşlərində qəhrəmanlıq göstərib. Vətən müharibəsi başlayanda Nizaməddinin xidmət etdiyi hərbi hissə döyüşlərə qatılıb. Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında xüsusi şücaət göstərib.  Ağır döyüşlərin birində Nizaməddin  İsmayılov qəhrəmancasına həlak olub. Doğulub boya-başa çatdığı kənd qəbiristanlığında dəfn olunub.

Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun giziri Nizaməddin İsmayılov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bu günlərdə şəhidin ad günündə məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Şəhidin anım günündə ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin nümayəndələri, kənd ictimaiyyəti, qazi və müharibə iştirakçıları, məktəblilər iştirak ediblər. Anım mərasimində qeyd olunub ki, qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Ali məqama yüksələn şəhid Nizaməddinin yurdunda iki övladı yadigar qalıb.  Dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan bu övladlar qalib Azərbaycanın qürurlu vətəndaşları, gələcəyin qurucularıdır.

                                                          Salman ALIOĞLU,

                                                              “Respublika”.