“Qəhrəman, ya da şəhid kimi dönəcəm...
Sosial həyat

“Qəhrəman, ya da şəhid kimi dönəcəm..."

Şəhid baş leytenant Həsənağa Abdullazadə 1993-cü ildə Lənkəran şəhərində doğulub. Orta təhsilini də Lənkəranda alıb. Məktəbi əla qiymətlərlə oxuyan Həsənağa 8-ci sinifdə hərbi təhsil almaq qərarına gəlir. Ailənin uzun müddət sonra dünyaya gələn tək övladı olduğu üçün anası bu qərarla razılaşmaq istəmir. Buna baxmayaraq, Həsənağa fikrindən dönmür. O, çox keçmədən öz işində fərqlənməyə başlayır. İştirak etdiyi təlimləri, kursları uğurla başa vurur. Tez-tez "biz Qarabağı alacağıq" deyirdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayanda Həsənağa Abdullazadə də öndə gedənlərdən olur. Murov zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ailəsi ilə telefon danışığında "Mən öz istəyimə çatacağam, Kəlbəcərə bayrağı mən sancacağam" deyən komandir təəssüf ki, döyüş yoluna sonadək davam edə bilmir.

Oktyabrın 3-ü şəhid olan qəhrəmanın nəşi qış fəslində axtarış işlərinin çətinliyilə əlaqədar yalnız 2021-ci il yanvar ayının 13-ü ailəsinə təhvil verilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən şəhid zabit hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunur.

Bakının Nardaran kəndində yerləşən Ləhiş bağları deyilən ərazidə yaşayan şəhidin anası Səmilə Abdullayeva: "Həsənağa ailənin tək övladı idi. Orta məktəbdə savadı, biliyi ilə seçilən şagird idi. Birinci sinifdə şərəf lövhəsindən asılan şəkli indi də məktəbdə saxlanılır. Həmişə də şəkli məktəbin şərəf löhvəsində olub. Lap kiçik yaşlarından ağıllı, bacarıqlı bir uşaq kimi özünü hər kəsə tanıtmışdı. Deyərdi ki, hərbçi peşəsi yaradıcı peşədir. Gərək hərbçinin nə isə bir yaradıcılığı olsun. Çox danışmağı sevməzdi, onun baxışlarından nə demək istədiyini bilərdik. Həsənağa seçilmiş bir gənc oldu. Ana kimi hiss edirdim ki, o, gələcəkdə seçilən, başqalarından fərqlənən bir gənc olacaq. Oldu da. Oğlum ən yüksək zirvəyə, şəhidlik zirvəsinə ucaldı. Həsənağa Vətənə, torpağa, öz sənətinə çox bağlı idi. İstedadı, bacarığı, nizam-intizamı, hərbə sonsuz həvəsi onu yaşıdlarından fərqləndirirdi. 2019-cu ildə ailə qurmuşdu, amma övladı yox idi. Murovdağın işğaldan azad olunmasında ayağından yaralanıb, amma bizə deməyib. Yaralı halda Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 1-də evə zəng elədi, dedi ki, mən gedirəm. Ondan sonra oğluma zəng çatmadı. Döyüş yoldaşlarından öyrəndiyimiz məlumata görə, Kəlbəcər istiqamətində mühasirəyə düşüblər. Mühasirədən isə cəmi 2 nəfər əsgər sağ çıxa bilib, oğlumla bərabər bir neçə əsgər də orada şəhid olub. O, Vətən üçün yaşadı, Vətən uğrunda da şəhid oldu".

Həsənağanın atası Şakir Abdullayev oğlu ilə bağlı xatirələrini bölüşür: "Hərbi liseyə bir ay idi ki, qəbul olunmuşdu. Kursantların valideynlərini iclasa çağırmışdılar ki, onlarla söhbət aparsınlar. Hər bir kursantın valideyninin ad və soyadı çəkildikcə mən də həyəcanlanırdım. Mənim adımı deyəndə bildirdilər ki, sən keç qonşu otaqda gözlə, sizinlə söhbət ayrı olacaq. Daha da həyəcanlandım ki, görəsən, bu bir ayda Həsənağa nə edib ki, mənimlə ayrıca söhbət edəcəklər. Bir saata yaxın gözlədim, bütün valideynlərlə söhbət etdilər. Sonra məni yüksəkrütbəli hərbçilərin toplaşdığı bir otağa apardılar. Onlardan biri məndən soruşdu ki, sizin nəsildə zabit olan varmı? Dedim yox. Həmin hərbçi "Sizin övladınız anadan zabit doğulub" dedi. Mən bir ata kimi o zaman onunla ilk dəfə elə bir qürur duydum ki, yalnız o hissləri yaşayan atalar bilər. Sağlığında da onunla qürur duyurdum, bu gün də şəhidliyi ilə fəxr edirəm. Heydər Əliyev adına AAHM-də təhsil aldığı dövrdə çox hazırlıqlı, öz üzərində daima çalışan kursant kimi məktəb rəhbərliyinin, xidmət zamanı hərbi hissə komandanlığının diqqətini cəlb etmişdi. Təlimlərdə göstərdiyi yüksək peşəkarlıq, liderlik bacarığı onu həmişə birinci sıralara çəkirdi. Döyüşlərdə də öndə irəliləyib. Mənim tək övladım olan Həsənağa ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucaldı".

Döyüş yoldaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İnqilab Quliyevin xatirələrindən: "Həsənağa Abdullazadənin tabeliyində xidmət etmişəm. O, bizim birinci bölük komandirimiz, sonra isə qərargah rəisimiz olub. Kəlbəcər istiqamətində gedən döyüşlərdə birgə iştirak etmişik. Murovdağ istiqamətində gedən ağır döyüşlərdə də onun tabeliyində idim. Həsənağa Abdullazadənin döyüşlərdə bir komandir kimi göstərdiyi qəhrəmanlıqlarından, hünərindən çox danışmaq olar. Düşmənə qarşı amansızlıqla vuruşurdu. Komandir olaraq özü də əsgərləri ilə birlikdə irəliləyirdi. Onun bütün döyüş yoldaşları göstərdiyi fədakarlıqları unutmayacaq. Onu da deyim ki, biz onu komandir kimi keçirilən təlimlərdən tanıyırdıq. Çox hazırlıqlı, peşəkar bir hərbçi kimi hər zaman onun komandiri olduğu bölük birinci idi. Gözəl nitqi, ünsiyyət yaratmaq bacarığı onu hamıya sevdirirdi. Tələbkarlığı ilə də seçilirdi. Mən heyət nəfəri, doldurucu, tuşlayıcı vəzifəsində idim. Sentyabrın 27-də əks-hücum əməliyyatı başladı. Döyüşdük. Həsənağa sonadək şəxsi heyətin yanında oldu. Bizim üçün həm komandir, həm də böyük qardaş olub. Döyüş zamanı deyirdi ki, hərbi hissəyə ya qəhrəman, ya da şəhid kimi dönəcəm...".

M.MİRZƏ,

"Respublika".