Qəhrəmanın xatirə lövhəsi
Region

Qəhrəmanın xatirə lövhəsi

Lənkəranın Ürgə kəndində boya-başa çatan şəhid polkovnik-leytenant Mehman Şirvanov Vətən torpaqlarının azadlığı uğrunda canından, qanından keçməyə həmişə hazır idi. Odur ki, İkinci  Qarabağ müharibəsi başlayan kimi çəkinmədən silaha sarılıb yağı düşmənə qarşı çıxır.

Son nəfəsə kimi düşmənlə vuruşmağa and içən polkovnik-leytenant Murovdağ yüksəkliyi istiqamətində Azərbaycanın ərazi  bütövlüyü uğrunda qeyri-bərabər döyüşdə ağır yaralanır, ürəyi dayanır. Göstərdiyi qəhrəmanlıq isə tarixə yazılır. Əbədi olaraq böyük bir xalqın qəlbinə köçən Vətən müharibəsinin ilk lənkəranlı şəhid oğlu dövlət tərəfindən "Qarabağ" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və digər medallara layiq görülür.

Şəhid polkovnik-leytenantın doğma kəndində anım mərasimi və xatirə lövhəsinin açılışına həsr olunan tədbirə xeyli adam gəlmişdi. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları,  rayon ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar, sadə insanlar burada idilər. Hamısı da qürurlu görünürdü. Xatirə lövhəsinin açılışını icra başçısı şəhidin atası Mirəziz Şirvanovla birgə etdi, onun önünə tər çiçəklər düzüldü.

Dövlət himninin sədaları altında başlayan tədbirdə Vətənin azadlığı naminə canını fəda edən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şəhid valideynlərinə minnətdarlığını bildirən icra başçısı dedi: - Azərbaycanımız naminə canından keçən Vətən övladlarının valideynləri də qəhrəmandırlar. Çünki Vətəni sevməyi və torpağın müqəddəs olduğunu uşağa birinci dəfə valideynlər öyrədir. Övlad acısından qəlbinin sızıldamasına baxmayaraq, şəhid valideynləri cəmiyyətə qürurlu çıxırlar. Vətən, torpaq yolunda can qoyanların yad olunması həmişə dövlətin diqqət mərkəzindədir. Şərəfli ölümləri ilə ürəklərdə əzəmətli abidə ucaldan şəhidlər cismən aramızda olmasalar da, onlar mənən bizimlədir.

Şəhidin atası Mirəziz kişi də çıxış etdi: - "Qarabağ" ordenli oğlum ilə qürur duyuram. 23 il orduda şərəflə xidmət edən, Vətən uğrunda canından keçən oğlumun fədakarlığına verilən qiymətə görə Müzəffər Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Ən böyük təsəllim Vətən müharibəsində Zəfərimizdir. Vətənimiz azad oldu, şəhidlərin qisası yerdə qalmadı. Xalqım, dövlətim məni unutmur, hamı dərdimə şərik çıxır. Göstərilən qayğılara görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan çox razıyam.

Zəfər ORUCOĞLU.