Qəhrəmanların xatirəsinə abidə kompleksi
Region

Qəhrəmanların xatirəsinə abidə kompleksi

Siyov Lerik rayonunun ucqar dağ kəndidir. Təbiətin buraya bəxş etdiyi saflıq insanların qanına da köçüb. Burada torpağını sevmək, Vətənə məhəbbət göstərmək, halal, mehriban dolanmaq ululardan qalma ən müqəddəs adətdir. Bu diyarın Azərbaycanımızın bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğulları çoxdur. Kəndin ən səfalı guşəsində Birinci Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların xatirəsinə "Şəhidlər ölməz" abidə kompleksi inşa edilib.

Siyovluların müqəddəs and yerinə dönən "Şəhidlər ölməz" abidə kompleksinin açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Abidə kompleksinin üzərindən örtük Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və şəhid valideynlərlə birgə götürüldü, önünə gül-çiçək dəstələri düzüldü.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qeyd etdi ki, Azərbaycanımızın əbədi, əzəli torpaqlarının azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi daim əziz tutulur, onların adının əbədiləşdirilməsi üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə xalqımızın mərd övladları, ictimaiyyət nümayəndələri, eləcə də sahibkarlar müəyyən işlər görürlər. Respublikamızın bölgələrində olduğu kimi, qartallı dağlardan vüqar, qürur alan Lerikdə də müxtəlif işlər icra edilibdir. Kəndimizdə ictimaiyyət nümayəndələrinin maliyyə dəstəyi, ərazidən olan sahibkarların, eyni zamanda rayon icra hakimiyyətinin təşkilatçılığı sayəsində Vətən şəhidlərin adına belə abidə kompleksi ucaldılıb. Bəli, şəhidlər ölməz, Vətən bölünməz...

Siyov kəndinin ağsaqqalı Ə.Zeynalov, ehtiyatda olan polkovnik H.Ağayev, Vətən müharibəsi şəhidi Vidadi Cabbarovun atası Cəbrayıl Cabbarov çıxış edib ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə həmişə ehtiram göstərdiyini, xalqımızın şəhidlər ilə qürur duyduğunu dedilər. Şəhid qardaşı Bəxtiyar Bayramov isə çıxışında şəhid ailələrinə göstərilən yüksək səviyyəli qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

Mehman Qafarov adına Siyov kənd tam orta məktəbin şagirdlərinin Vətən və şəhidlərlə bağlı hazırladığı kompozisiya sözün əsl mənasında ürəkləri qürurla doldurdu.

 Zəfər ORUCOĞLU.