Qəhrəmanlığınız qarşısında baş əyirik
Region

Qəhrəmanlığınız qarşısında baş əyirik

Vətən haqqında əsrlərin sınağından keçib gələn qanadlı fikirlər, atalar sözləri, zərb-məsəllər, aforizmlər, bayatılar mənəvi sərvət kimi nəsildən-nəslə çatdırılıb. Vətən deyəndə şəhidlər, şəhidlər deyəndə Vətən yada düşür. Torpaq uğrunda ölən varsa, Vətəndir! Torpağın üzərinə su düşəndə palçıq olur, qan töküləndə Vətən. Qələbəni təmin edən şəhidlər haqqında danışanda, inanın ki, bu qəhrəmanlığı ifadə etməyə sözün də gücü çatmır. Qələbə ilə başa çatan Vətən müharibəsi XXI əsrin qəhrəmanlarını xalqımıza tanıtdı.

Həmin qəhrəmanlardan biri də Büsat Qurbanovdur. 20 yaşında müharibənin alovlarından keçən, arzularının döyündüyü qəlbi ilə, sinəsi ilə düşmənə sipər olan, igidliyi, şücaəti və cəsarəti ilə Vətəni müdafiə edən Büsat qısa olsa da, şərəfli bir ömür yaşadı.

Büsat 2000-ci il sentyabrın 10-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsindən yeddi il sonra doğulsa da, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün canlı şahidi olub. Ermənilərin törətdiyi faciələr haqqında kitablardan oxuyub, müəllimlərindən eşidib, həmyerlilərinin üzləşdiyi ağır günləri onlarla birgə keçirib. Vətənpərvərlik onun qanına qətrə-qətrə hopub, ürəyində düşmənə qarşı qisas, nifrət alovlanıb.

Həqiqi hərbi xidmətə çağrılan Büsat əsgərlik illərində qərara gəlib ki, hərbçi olsun, çünki torpaqlarımızın işğal altında qalması onu incidirdi. Hərbi xidmətini başa vurandan sonra Büsat müddətdən artıq xidmət etmək üçün müraciət edib. Yenidən xidmətə başlayan Büsat hərbin sirlərinə dərindən bələd olmaq üçün səylə çalışıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Düşmən sədlərinin yarılmasında və kəndlərin azad edilməsində Büsat qəhrəmanlıq göstərib, həmişə ön cərgələrdə dayanıb. Oktyabrın 10-da Büsatın xidmət etdiyi bölük ağır bir döyüşə başlayır. Düşmən ciddi müqavimət göstərir, güllələr quduz canavar təki ulayır, mərmilərin səsindən yer-göy titrəyirdi. Belə şiddətli döyüşdə Büsat qəhrəmanlıqla həlak olub.

Bu günlərdə, şəhidin anadan olmasının 21-ci ildönümü məzarı yanında qeyd edilib və əziz xatirəsi ehtiramla yad olunub, məzarına gül dəstələri düzülərək, ruhuna dualar oxunub.

Büsat Əfsər oğlu Qurbanovun anım mərasimində şəhidin ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Vətən müharibəsi qaziləri iştirak ediblər. Anım mərasimində çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində düşmən üzərində qazandığı parlaq qələbədən və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin qəhrəmanlığından söz açıblar. Qeyd olunub ki, müharibədən dərhal sonra şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğı onlara göstərilən ehtiramın təcəssümüdür. Vətən uğrunda şəhid olanlar əbədi bir ömür qazanıblar, adları heç zaman unudulmayacaq.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Büsat Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tək şəhid valideynləri deyil, bütün xalqımız düşməni məhv edərək şərəfimizi bərpa etmək uğrunda şəhid olan qəhrəman oğullarla qürur duyur, onlarla fəxr edir. Onların işıqlı xatirələri dünya durduqca yaşayacaq, gələcək nəsillərin yoluna işıq salacaq!

Salman ALIOĞLU,

“Respublika”.