QƏHRƏMANLIQ DASTANI YAZAN ŞƏHİDLƏR
Sosial həyat

QƏHRƏMANLIQ DASTANI YAZAN ŞƏHİDLƏR

Azərbaycanda vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amili Mingəçevirdə daim diqqət mərkəzində saxlanılır.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov özü və əməkdaşları şəhid məzarlarını müntəzəm ziyarət edir, ailə üzvlərinin problemləri ilə yaxından maraqlanır. Şəhər rəhbərinin şəhid ailələrini günün istənilən vaxtında qəbul etməsi, onlar tərəfindən edilən müraciətlərə yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verməsi razılıqla qarşılanır.

Şəhər icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə müntəzəm baş çəkirlər. Ötən gün şöbənin əməkdaşı şəhid ailəsi Əlibəyli Mikayıl Haqverdi oğlunun ailəsini ziyarət edib, şəhidin ailəsinə başsağlığı verib, ailəsinə və qohumlarına səbir diləyib. O, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti sayəsində ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Bildirib ki, şəhid ailələri mütəmadi olaraq ziyarət edilir və eyni zamanda şəhidlərin doğum günləri şəhidlər xiyabanında qeyd olunur. Hər biri qəhrəmanlıq dastanı olan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar.

Zabit XƏLİLOV,

“Respublika”