Qəhrəmanlıq dastanı yazanlar
Sosial həyat

Qəhrəmanlıq dastanı yazanlar

2020-ci ilin iyul ayında Ermənistanın  silahlı birləşmələri Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində  hərbçilərimiz və mülki vətəndaşlarımız həlak oldu. Daha sonra avqust ayında bu işğalçı dövlətin diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi.

Sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Azərbaycan hərbçiləri özünümüdafiə hüququndan istifadə edərək, ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.

Düşmənin cəbhə xəttindəki təxribatları Vətən müharibəsinin başlanmasına rəvac verdi. Ali Baş Komandan İlham Əliyev illərlə gözlədiyimiz əks-həmlə əməliyyatları ilə bağlı əmr verdi və düşməndən qisas almağın zamanı yetişdi. 

Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Qursalı kəndindən olan İlqar Ramazanlı  2 noyabr 1994-cü ildə Bakıda anadan olmuşdu. Orta təhsilini Bakı şəhəri Nəsimi rayonu, 159 №-li tam orta məktəbində almışdı.

2013-2015-ci illərdə Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdu. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızı işğaldan azad etmək  uğrunda başlanan Vətən müharibəsinə könüllü yazılan İlqar Ramazanlı  döyüşlərə qatılır. Bu zaman  döyüş əməliyatları əsasən, cəbhənin Füzuli istiqamətində gedirdi. İlqarın vuruşduğu cəbhədə hərbi əməliyyatların birinci gününün sonunda strateji əhəmiyyətli yüksəkliklər, həmçinin Füzuli rayonunun 4 və Cəbrayıl rayonunun 2 kəndi işğalçılardan  azad olunur.   

İlqar və onun döyüş yoldaşlarının xidmət etdiyi hərbi hissənin bölmələri Xocəvəndin azad olunması uğrunda gedən döyüşlərdə ildırım sürəti ilə hücuma keçib düşmənin müdafiə səddini yarır. Azğın düşmən cəbhənin bəzi mövqelərində şəxsi heyət və hərbi texnikada itkilər verərək döyüş meydanından qaçmağa məcbur olur.

Noyabrın 3-ə keçən gecə Şuşa uğrunda gedən döyüşdə erməni silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin yerləşdiyi mövqeləri iriçaplı silahlardan atəşə tutduğu zaman qəlpə yarası alan igid döyüşçü, əsgər İlqar Ramazanlı  qəhrəmancasına həlak olur. Bir gün əvvəl -2 noyabrda 26 yaşı tamam olan İlqar 2020-ci il noyabrın 3-də şəhidlik zirvəsinə yüksəlir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İlqar Etibar oğlu Ramazanlı ölümündən sonra "Vətən uğrunda", “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bu müharibədə həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda,  haqq-ədalət naminə canını qurban vermiş şəhidlərimizin əbədiyyət ömrü bütün nəsillərə örnəkdir.

Vətən müharibəsi zamanı müxtəlif ailələrdən, evlərdən, obalardan olan şəhidlərimizin Azərbaycan torpaqlarına qarışan qanları ilə bu xalq bir-birinə daha da möhkəmləndi, mətinləşdi.  

27 sentyabr illərlə zərrə-zərrə toplanan imkanlarımızın “dəmir yumruğ”a çevrilib düşmənin başına endirildiyi gündür. Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdılar. Milli ruhumuzu, qürurumuzu özümüzə qaytardılar. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.