Qəlbimizdə qürurla yaşayanlar
Sosial həyat

Qəlbimizdə qürurla yaşayanlar

Vətən müharibəsi Azərbaycan əsgərinin ölməzliyini, igidliyini, cəsurluğunu, ən nəhayət Vətənini canından çox sevdiyini bütün dünyaya nümayiş etdirdi. Bu igidlərin hamısı sanki eyni xarakterə malik olurlar. Onlar üçün bir amal olmuşdur — ya Vətən, ya ölüm. Bu günlərdə belə igid, qəhrəman, Vətənini canından əziz bilən, ən uca zirvəyə — Şəhidlik zirvəsinə ucalan Nəbiyev Zaur Ələddin oğlunun ailəsinə baş çəkdik.

Zaur Nəbiyev füsunkar mənzərəsi olan bir kənddə-dağlar qoynunda yerləşən Şəmkirin Ələsgərli kəndində  1 iyul 2001-ci ildə dünyaya göz açmışdır. O, iki bacının bir qardaşı, subay olmuşdur. Zaurun 3 yaşı olanda atası Ələddin Nəbiyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişmişdir. Anası Lamiyə Nəbiyeva onu təkbaşına böyütmüşdür. Şəhid anası Lamiyə xanım oğlu haqqında qürurla danışaraq deyir: “Zaur  həddində artıq ciddi, işgüzar, ağıllı və təmkinli bir övlad idi. 2007-ci ildə Şəhid Nəsir Nəsirov adına Ələsgərli kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2018-ci ildə həmin təhsil ocağını yüksək qiymətlərlə bitirmişdi. Onun arzusu polis sıralarında xidmət etmək idi. Elə bu məqsədlə qəbul imtahanında iştirak etsə də, keçid balından cəmi 11 bal az topladı, qardaş Türkiyə universitetlərinin birinə qəbul oldu, ailə üzvləri israr etsələr də, o, oxumaqdan imtina etdi. Səbəb isə Zaurun ana və bacılarını kənddə tək qoymaq istəməməsi olmuşdur. Oğlumun şəhid olması sözsüz ki, ağır dərddir. Lakin onun özündən sonra heç olmasa bir övladının qalmaması olduqca dözülməzdir”. 

Zaur Nəbiyev hərbi xidmətə qismən yararlı olsa da, inadından dönməyərək 2 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətə yola düşərkən çağırışçıların yola salınma vaxtı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və başqa şəhidlərimizin portretlərinə baxarkən demişdir ki, mən də bunlar kimi vuruşmaq istəyirəm. Anası deyəndə ki, axı onlar şəhid olublar, niyə belə deyirsən, o cavab verib ki, axı, oğul Vətən üçündür.

Zaur Nəbiyev əsgəri xidmətini Mingəçevir şəəhərindəki “N” saylı hərbi hissədə çəkirdi. İxtisasca qumbaraatan olmuşdur. 2020-ci ilin sentyabr ayının 27-də onların şəxsi heyəti də Vətənin müdafiəsi üçün döyüşlərə cəlb olunmuşdur. Onun döyüş yolu Suqovuşandan başlamış, tabe olduğu hərbi bölmənin şəxsi heyəti  düşmən ordusunu darmadağın edərək strateji yüksəkliyi tez bir zamanda işğaldan azad etmişlər. Oktyabr ayının 2-də gedən şiddətli döyüşlərdən birində onun Orxan adlı döyüş yoldaşı ağır yaralanır. Zaur şücaət göstərərək döyüş yoldaşını döyüş meydanından çıxararaq ölümün pəncəsindən xilas edir. Təəssüflər olsun ki, özü həmin şiddətli döyüşdə düşmənin snayperdən atdığı gülləyə tuş gəlir. Şəhidin bacısı Aytəkin Nəbiyeva söhbət zamanı Zaurun qız sevdiyini söylədi. Məzuniyyətə gələndə təklif etdik ki, qızın barmağına nişan üzüyü taxaq, lakin o razı olmadı. Bəlkə sağ-salamat gəlmədim dedi. Sanki şəhid olacağı ürəyinə dammışdı.  Heç vaxt döyüşdən çəkinməmişdir. Döyüş yoldaşları Zaurun məsuliyyətli, qorxmaz bir oğlan olduğunu deyirlər. İgid əsgər dostu Orxanın qolları arasında gözlərini əbədi yumaraq ən uca zirvəyə — Şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Zaur Ələddin oğlu Nəbiyev ölümündən sonra  “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Şəmkir şəhərində küçələrdən birinə şəhid Zaur Nəbiyevin adı verilib. Yaxın günlərdə həmin ərazidə onun xatirəsinə bulaq inşa olunacaq. Şəhid anası Lamiyə Nəbiyeva və ailə üzvləri şəhid ailələrinə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi yüksək diqqət və qayğıya görə razılıqlarını bildirdilər. 

Zaur Nəbiyev yaşasaydı, 20 yaşı tamam olacaqdı. Şəhidin ad günü Şəmkir rayonunun Ələsgərli kəndində uyuduğu qəbiristanlıqda, məzarı başında qeyd olunmuşdur. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri və Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər. Şəhidin ruhuna dualar oxunmuş, məzarı üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölmür!

Vəli VƏLİYEV,

“Respublika”.