QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYANLAR
Region

QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYANLAR

Sentyabrın 13-də Vətən müharibəsi şəhidi Bəxtiyarov Orxan Sərvər oğlunun doğum günü Daşkəsən Rayon Şəhidlər Xiyabanında şəhidin məzarı yanında qeyd olunub.

Anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, DTX-nın rayon şöbəsinin rəisi Natiq Musayev, rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, şəhidin ailə üzvləri, rayonun şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə, şəhidin məzarına gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki,  ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, qalib Azərbaycan xalqı öz vətənpərvərliyini, əzmini bütün dünyaya aydınlığı ilə göstərdi. Eyni zamanda möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həllinə nail olunması təşkil edir.

Daşkəsəndə də şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsi yüksək səviyyədə təşkil olunur və bu  ənənə davamlıdır. Daşkəsəndə 30 yaşını qeyd etdiyimiz Orxan Bəxtiyarov  1991-ci il sentyabrın 13-də Daşkəsən şəhərində anadan olub. Onun iki azyaşlı övladı yadigar qalıb. Azərbaycan Ordusunun əsgəri Orxan Bəxtiyarov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz Orxan Bəxtiyarov göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 Sonra şəhidin təhsil aldığı Daşkəsən şəhər 1 saylı İ. Nəsimi adına tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər oxuyublar.

Şəhidin anası Bəxtiyarova Gülbəs Həsənqulu qızı şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Şəhid Orxan Bəxtiyarovun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Zabit XƏLİLOV,

“Respublika”.