Qələbə günü şəhid oldu
Region

Qələbə günü şəhid oldu

Birinci Qarabağ müharibəsi zamanı öz dədə-baba torpaqları uğrunda Ermənistan silahlı qüvvələrinə  qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid və 300 nəfərdən çox insan şikəst olub. Ermənilər tərəfindən girov götürülən 110 nəfər dinc sakindən 49-u əsir və girovluqda həlak olub. Ağır faciə xocavəndliləri heç zaman ruhdan salmayıb. 44 gün davam edən Vətən müharibəsinin ilk günlərindən xocavəndlilər döyüşlərə atılıb və 200 nəfər xocavəndli gənc döyüşlərdə iştirak edib. Onlardan 41 nəfəri yaralanıb, 8 nəfər isə şəhid olub. Unutmayaq ki, bu quru rəqəmlərin arxasında böyük bir elin qəhrəmanlığı, yurdsevərliyi, mərdliyi və vətəndaş qeyrəti dayanır.

Xocavənd elinin qəhrəman oğlu Elzamin Tağıyev erməni işğalçılarına qarşı döyüşlərdə yüksək əzmkarlıq və igidlik göstərib, doğma torpaqların azad edilməsi üçün canından-qanından keçib. Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna nəzər salaq.

Elzamin Eyvaz oğlu Tağıyev əslən Xocavənd rayonun Qaradağlı kəndindəndir. 1992-ci il fevral ayının 17-də Ermənistan ordusunun hissələri və muzdlu terroristlər Qaradağlı kəndində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Yüzlərlə dinc sakin qətlə yetirilib, kənd yandırılıb. Elzaminin ailəsi Ermənistanın hərbi təcavüzü nəticəsində kənddən didərgin düşüb, Beyləqan rayonuna pənah gətirib. Elzamin 1992-ci il avqust ayının 11-də məcburi köçkün ailəsində dünyaya göz açıb. Körpəliyi həyatın sərt olaylarında keçib, qəlbində düşmənə nifrət yaranıb, taleyi onu polad kimi möhkəm edib.

Elzamin 2010-cu ildə Xocavənd rayon Salakətin məcburi köçkün kənd tam orta məktəbindən məzun olub və elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Qiyabi təhsil aldığı müddətdə rayonun ictimai-siyasi mühitində aktiv iştirak edib, 2015-ci ildən Xocavənd Rayon Mərkəzi Kitabxanasında şöbə müdiri vəzifəsində işləyib. Ancaq heç yerdə rahatlıq tapmayıb, torpaqlarımızın işğalda qalması onu incidib, bu vəziyyətə dözə bilməyib. Qəti qərara gələrək 2020-ci il sentyabrın 8-də müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında yenidən xidmətə başlayıb.

Vətən müharibəsi başlayanda Elzaminin xidmət etdiyi bölük Füzuli istiqamətində gedən döyüşlərə qatılıb. Qorxmaz və cəsur döyüşçü Elzamin Tağıyev çevik hərəkətləri ilə düşmənə qəfil zərbələr vurub, canlı qüvvəsini məhv edib. Ötən il oktyabr ayının 11-də şiddətli döyüşlərin birində  yaralanan Elzamin bir neçə gündən sonra yenidən cəbhəyə qayıdıb. Yaraları qaysaq tutmasa da döyüşçü dostları ilə Qubadlı istiqamətində düşmənə zərbələr endirməyə başlayıb. Torpaqlarımızı hünər və fədakarlıqla azad edən oğulların cərgəsində Elzaminin qəhrəmanlığı sözün əsl mənasında, bir dastana sığmaz. 2020-ci il noyabr ayının 9-da Şuşa şəhəri istiqamətində gedən döyüşdə Elzamin qəhrəmanlıqla həlak olub.

Bu günlərdə şəhid Elzamin Tağıyevin anım günü ilə əlaqədar Xocavənd qəsəbəsi Şəhidlər məzarlığında tədbir keçirilib. Tədbir iştirakçıları şəhidlərin məzarları önünə tər qərənfillər düzüb, həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Anım  tədbirində Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı,  şəhidin orta məktəb illərində müəllimi olmuş Telli Alıyeva çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbədən, Elzaminin şücaətindən, onunla bağlı xatirələrindən, eyni zamanda  şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından söz açıblar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Elzamin Tağıyevin döyüş yolu  hər birimizdə qürur və iftixar hissləri yaradıb. Rayon rəhbəri şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara minnətdarlıq edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Ordusunun əsgəri Elzamin Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Salman ALIOĞLU,

  “Respublika”.