Qələbə sevinci əbədi haqqımızdır
Region

Qələbə sevinci əbədi haqqımızdır

İnsan həyatında sevincli günlər çox olur. Dünyaya təzə körpə gələndə, övladın toy günündə, qazandığın hər hansı bir müvəffəqiyyətdə sevinir, qürur hissi keçirir, şadyanalıq edirsən. Artıq iki ildən çoxdur ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun möhtəşəm uğurları, 30 ildən artıq müddət ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi barədə böyük həyəcanla eşitdiyimiz qələbə xəbərləri indiyə qədər ürəyimizə hakim kəsilən bütün sevinc əhvali-ruhiyyəsini üstələdi. Mən uzun müddət müxtəlif sahələrdə rəhbər vəzifədə çalışmışam. Səhhətimlə əlaqədar bir sıra xarici və MDB şəhərlərində məzuniyyətlərdə olmuşam. Açığını deyim ki, təkcə ermənilərin yox, başqa millətlərin nümayəndələrinin də bizə necə üstdən aşağı, hətta həqarətlə baxdıqlarının şahidi olmuşam. Görüşlərdə, məclislərdə erməni kimi mənfur bir millətin xalqımız üzərində çaldığı qələbə ironiya ilə xatırlanıb. Cürbəcür atmacalara cavab tapa bilməyəndə daxilən sınmışam. Amma inam hissimi itirməmişəm. Bütün bu həqarətlərə zamanın hansı vaxt kəsiyindəsə son qoyulacağı ümidi ilə yaşamışam. Nəhayət,  həmin vaxt gəlib çatdı. 44 günlük müharibə ərzində Ali Baş Komandan öz tvitter səhifəsində hər dəfə işğaldan azad olunan yurd yerlərimizin adını çəkəndə ürəyimiz dağa döndü. Şanlı Ordumuzun döyüş taktikası dünyanın ən aparıcı ölkələri tərəfindən təqdir olundu. Dünya bizim döyüş şücaətimizi örnək hesab edir, döyüş qabiliyyətimizdən misallar gətirir.

   Otuz il bundan əvvəl indi işğaldan azad olunan kənd və şəhərlərimizin bir çoxuna etdiyim səfərləri yaxşı xatırlayıram. Ağdam, Füzuli, Cəbrayıl və digər yaşayış məkanları əsl cənnəti xatırladırdı. İndi isə o yerlər xarabazarlığa çevrilib. Müharibənin getdiyi  günlərdə səngərlərdə uduzan erməni “qisasını” günahsız insanlardan almağa çalışdı. Kəndlərə, şəhərlərə bombalar yağdırdı, soy-kökündən xarakterinə hakim kəsilən idbar niyyətindən əl çəkə bilmədi.

İndi yurd yerlərimizdə torpaqlarımızın zəngin yeraltı, yerüstü sərvətləri şanlı Ordumuzun müzəffər yürüşü sayəsində yenidən özümüzə qayıtdı. Sirr deyil ki, təbiətdə baş verən qlobal istiləşmədən sonra əksər aran rayonlarında, o cümlədən Saatlıda, Sabirabadda insanlar suvarma suyu sarıdan illər uzunu korluq çəkiblər. Tərtərdə, Yevlaxda, Bərdədə də belə olub. Mənfur ermənilər nağıllarda deyilən əjdaha xisləti ilə işğal altında olan ərazilərdə çayların qabağını kəsib topaqlarımızı su üzünə həsrət qoyublar.

Doğma kəndimizə baş çəkdim. Yerlə yeksan edilmiş qəbiristanlıqda valideynlərimin məzarını tapa bilmədim. Yeri gəlmişkən deyim ki, yurd yerlərimizin yağmalanmasında, viran qoyulmasında cənub qonşumuz İranın da “xidməti” az olmayıb. Sözsüz ki, tarix özü hər şeyi yerinə qoyur.

Bu gün biz, “Qarabağ Azərbaycandır!” şüarı altında bütün qüvvəmizlə Ordumuza güvənirik. Ali Baş Komandanın rəhbərliyi ilə şücaətlər göstərən şanlı Ordumuz gündən-günə daha da güclənir. Biz isə dövlətimizlə birlik göstərməyi özümüzə şərəf işi hesab edirik.

Əyyub QULİYEV,

Cəbrayıl rayon sakini, təqaüdçü.