Qələbə sevinci ilə dirçələn Ağdam
Tarix

Qələbə sevinci ilə dirçələn Ağdam

Tarixinin və taleyinin yeni səhifəsi

Tarixin və zamanın sınaqlarında başı müsibətlər çəkmiş, hər qarış torpağına şəhid qanı tökülən, erməni faşistləri tərəfindən yer üzündən silinən, "Qafqazın Xirosiması" adlandırılan Ağdam taleyinin ən dəyərli və qalibiyyətli səhifəsinə qədəm qoyub. Ermənistanın Ağdamda törətdiyi vəhşiliyin həddi-hüdudu yoxdur və bu vandallığa bütün dünya şahid oldu. Düşmənlərin vəhşiliyi ölçüyəgəlməzdir, hər tərəfi dağıdıblar, yandırıblar, ağacları kəsiblər, təbiəti məhv ediblər, ölümsaçan minaları ərazilərə basdırıblar, bir sözlə, izimizi bu yerlərdən silməyə çalışıblar. Özü də məqsədli şəkildə bu vandallığı törədiblər. Halbuki, Ağdam ana təbiətin və insan əllərinin yaratdığı nadir bir inci idi. Ermənilər hər şeyi dağıdaraq bu yerləri viranəyə çeviriblər.

Artıq ağdamlıların varlığını qarsıb qovuran iyirmi səkkiz illik həsrətə son qoyulub, düşmənin viran qoyduğu Ağdamın xarabalıqları da tarixi qələbədən sonra əzəmətli görünür. Mübaliğəsiz demək olar ki, Ağdam otuz ilə yaxın məcburi köçkünlük həyatı yaşayan insanların, Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək həlak olan şəhidlər yurdudur. Ağdam Qarabağ müharibəsində və dövlətçiliyimizin qorunmasında 6 min nəfərə yaxın şəhid verib. Bu torpaq şəhid qanı ilə suvarılıb, yüzlərlə insan əlil olub, ağdamlılar torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda başlanan 44 günlük müharibədə qəhrəmanlıqla döyüşüblər. Birinci və İkinci Qarabağ müharibələrində Ağdam camaatı dəhşətli günlər və ağrılar yaşayıb. İki evdən birinin qapısını şəhid xəbəri döyüb, bir ailədən iki, üç nəfər Vətən müharibəsində iştirak edib, ata oğlu, qardaş qardaşı ilə birlikdə işğalçılara qarşı döyüşüb.

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfəri nəticəsində Ermənistan ordusu darmadağın oldu, düşmən ölkə kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur edildi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusunun bölmələri tərəfindən boşaldıldı. Azərbaycan Ordusunun bölmələri heç bir itki, şəhid vermədən, bir güllə atılmadan, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 il 4 aydan sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

İşğaldan azad ediləndən üç gün sonra, 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izlədi. Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, bu viranə yerlər erməni faşizminin necə təhlükəli olduğundan xəbər verir. Dövlətimizin başçısı və birinci xanım nisbətən salamat qalan Ağdam məscidini ziyarət etdilər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışladıqdan sonra dedi:

- Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Ürəkdən gələn bu sözlər dövlətimizin başçısının hansı hisslər keçirdiyini, işğaldan qurtulmağın yollarını axtardığını, ədalətsizliyə son qoymağa çalışdığını, münaqişəni dondurmağa cəhd edənlərə qarşı qətiyyətlə mübarizə apardığını, öz xalqına gün gələcək biz qayıdacağıq inamını ifadə edirdi. İşğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçirilir. Hazırda İmarət kompleksində restavrasiya işlərinə başlanılıb və məqsəd İmarətin əvvəlki tarixi görkəmini bərpa etməkdir. Bu işlərə həm yerli, həm də əcnəbi memarlar cəlb olunub. Plana əsasən İmarət kompleksində Pənahəli xanın sarayı, karvansaray, hamam, türbələr, tribuna bərpa ediləcək, atlar üçün cıdır, axur və suvarma yeri yaradılacaq, əraziyə çinar və meyvə ağacları əkiləcək. Ağdam Cümə məscidi həm tarixi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Artıq Heydər Əliyev Fondu tərəfindən məsciddə təmir bərpa işləri aparılır. İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası və digər abidələr bölgəni həm də turizm baxımından tanıdacaq.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam şəhərinə ikinci dəfə səfər edib. Dövlətimizin başçısı həmin gün rayon ictimaiyyətinin nümayəndələri ilə Ağdam şəhərinin Baş Planının təqdimatını keçirib, yenidən qurulacaq Ağdam şəhərinin bərpasının təməl daşını qoyub, Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma və şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib. Həmin səfərdən sonra ağdamlıların həyatında yeni bir dövr başlayıb: Böyük Qayıdışa hazırlıq! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il fevralın 13-də Ağdam rayonuna üçüncü dəfə səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub. Artıq şəhərin baş planına uyğun olaraq ötən müddət ərzində Ağdamda infrastrukturun yaradılması üçün xeyli iş görülüb, yaşayış və ictimai binaların tikintisinə başlanılıb. Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə aparılır. Eyni zamanda, Bərdə-Ağdam dəmiryol xətti də çəkilir. Qeyd edək ki, bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir. Bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Yolun uzunluğu 44.5 kilometrdir. Prezidentin təməlini qoyduğu yaşayış binasına gəlincə, ümumi sahəsi 1,55 hektar ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa edilir. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Növbəti mərhələdə isə 0,86 hektar ərazidə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri aparılacaq. Prezidentin təməlini qoyduğu 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanası 6 hektardan çox ərazidə inşa olunacaq. Ağdam şəhərinin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq. 22,5 hektarlıq ərazini əhatə edən bu məkanda Pənahəli xanın İmarət kompleksi, çörək muzeyi, dram teatrı, İşğal və Zəfər muzeyləri kompleksi olacaq. Onların arasında açıq səma altında 18 hektarda Memorial bağ salınacaq.

İşğaldan azad edilən yurd yerlərinə qayıdacaq insanların iş yerləri ilə təmin olunmaları üçün Ağdam Sənaye Parkında rezidentlər tərəfindən ilk sənaye müəssisələrinin inşasına başlanılıb. Qeyd edək ki, bu sənaye parkı Qarabağda ilk nümunədir.

Son bir il ərzində Prezident İlham Əliyev Ağdam şəhərinə üç dəfə səfər edib, xarabalıqlar üzərində yeni bir şəhərin yaradılması üçün bütün mümkün imkanları, resursları hərəkətə gətirib, yerli və xarici iş adamlarını Ağdamda başlanmış tikinti-quruculuq işlərində iştirak etməyə çağırıb. İşğaldan azad olunan bütün ərazilərdə dünyanı heyrətə salan layihələr həyata keçirilir. Heç kim gözləmirdi ki, Azərbaycan çox qısa zamanda belə böyük layihələrə imza atacaq. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdam şəhərinin də yenidən qurulması işləri davam etdirilir. Ermənistanın xarabalığa çevirdiyi yurd yerimizdə yeni Ağdam, "ağıllı şəhər" salınır və burada 100 min nəfər sakinin yaşaması nəzərdə tutulub. Plana görə, şəhərə onun "tarixi hüdudlarından başqa" 8 kənd də birləşdirilib. Ağdamda 1750 fərdi ev və 23 min mənzilin inşası aparılacaq. Göründüyü kimi, şəhər sakinlərinin üçdə biri fərdi evlərdə yaşayacaq. Baş Plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Həmçinin, şəhərdə 15 ədəd məktəb və uşaq bağçasının inşası da nəzərdə tutulub. Bu gün Ağdamda avtomobil yolları, rabitə-kommunikasiya, internet, kabel Tv kimi ən müxtəlif layihələr icra edilir. Keçmiş təmas xəttinə yaxın ərazilərdə ciddi minatəmizləmə əməliyyatları həyata keçirilir. Mina təmizləyənlərin fədakarlığı nəticəsində Ağdamda bərpa işləri sürətlə aparılır.

Vətən müharibəsində ordumuz düşmən üzərində qalib gəlməklə təkcə işğal altında olan torpaqlarımızı deyil, həm də bizim şərəfimizi, qürurumuzu geri qaytardı. Biz bu qələbəyə Prezidentimizin qətiyyəti, xalqımızın birliyi, ordumuzun gücü sayəsində nail olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində həm ön cəbhədə, həm siyasət meydanında, həm də informasiya müharibəsində axıra qədər döyüşdü və Qalib Komandan kimi şanlı qələbəyə imza atdı. Artıq 30 ilə yaxın narahat olan şəhid ruhları da şaddır. Onların qanı yerdə qalmadı.

Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin, erməni nifrətinin, qəddarlığın bir nümunəsidir. Ağdamın xarabalıqları üstündə müasir bir şəhərin inşası aparılır. Eyni zamanda, ermənilərin dağıtdıqları yaşayış və ictimai binaların bir çoxu olduğu kimi saxlanacaq, açıq havada muzey kimi qorunacaq, erməni vəhşiliyi yeni Ağdama gələn qonaqlara və turistlərə nümayiş olunacaq. Ağdam həm də "yaşıl enerji" zonasına çevriləcək. Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda yeni inkişaf, quruculuq dövrü başlayıb. Ağdamlıların doğma şəhərlərinə səfərlərinin təşkil edilməsi Böyük Qayıdışın nümunəsidir. Tezliklə Ağdam yenidən qurularaq regionun ən gözəl, müasir bir şəhərinə çevriləcək və ağdamlılar öz şəhərlərində əbədi yaşayacaqlar. Elə bir şəhər qurulur ki, dünyada onun bənzəri olmayacaq...

Salman ALIOĞLU,

"Respublika".