Qələbəmizin rəmzi
Digər xəbərlər

Qələbəmizin rəmzi

Zəfər paradı həm də xalqımızın Vətən sevgisinin təntənəsi idi

“Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. ... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. Bu fikirləri Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında söyləyib.

10 dekabr 2020-ci il. Bakının Azadlıq meydanında keçirilən  Zəfər paradı hər birimizi qürurlandırdı, ürəkləri fərəh hissi ilə doldurdu. Bu Zəfər paradı Prezident, Ali Baş Komandan İlham Əliyevin, müzəffər Azərbaycan Ordusunun, xalq-ordu birliyinin və həmrəyliyinin təntənəsi, Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü, hər bir azərbaycanlının sevincinin, qələbəmizin paradı idi. Bu, 200 ilin ən möhtəşəm, ən parlaq hərb tarixini yazan Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi. Vətən torpağının hər qarışı uğrunda qanı ilə tarix yazanların -şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şərəfinin, qürurunun, igidliyinin, mərdliyinin təqdimatı idi  Zəfər paradı!  Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, İslam aləmi üçün əvəzolunmaz  hisslər yaşatdı.

Zəfər paradında nümayiş etdirilən texnikalar dövlət başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsi idi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Azadlıq meydanında Prezident, Ali Baş Komandan İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları, 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, Azərbaycan Silahli Qüvvələrinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və hərbi gəmi və katerlərin nümayiş olunduğu anlar tarixin yaddaşına əbədi həkk olundu. Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş parad ordu quruculuğunun Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu göstərdi. Təbii ki, güclü ordu həm də güclü iqtisadiyyat tələb edir. Azərbaycanın hər il genişlənən beynəlxalq enerji layihələri, iqtisadi imkanları hərbi potensialının inkişafına zəmin yaratdı. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun maddi-texniki bazasını gücləndirdi. Son illər ərzində 20-dən çox hərbi zavodun tikilməsi, 1200 addan çox hərbi təyinatlı müxtəlif məhsulların istehsalı və ixracı, ordumuzun müxtəlif ölkələrdən alınan müasir silah və texnikalarla təmin edilməsi Azərbaycan dövlətinin uğurlu hərbi strategiyasının bariz nümunəsidir.

Prezident İlham Əliyevin zəfərimizə mənəvi-siyasi dəstək göstərən, hər bir azərbaycanlı üçün əziz olan qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə iştirak etdiyi parad  Azərbaycan tarixində xüsusi əhəmiyyətə malikdir. Bu paradla Azərbaycan Respublikası 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdiyi Zəfərini bir daha dünyaya elan etdi.

Paradda Rəcəb Tayyib Ərdoğanın çıxışı onun Azərbaycan coğrafiyasına, mədəniyyətinə, tarixinə, ədəbiyyatına yaxından bələd olduğunu göstərdi: “Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Gözəlliyinə qurban olduğumuz Laçın, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər artıq azaddır. Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavadın, Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”.

Paradda türk əsgərinin  Azərbaycan əsgərləri ilə çiyin-çiyinə mətin addımlaması, təkcə Bakı şəhərinin yox, bütün Azərbaycan şəhərlərinin, kəndlərinin Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilməsi qardaşlığımızın, birliyimizin ifadəsi, rəmzi oldu. Prezident İlham Əliyevin dediyi kimi, bu tarixi zəfər Türkiyə-Azərbaycan birliyinin təcəssümüdür.

Xalqımızın yaddaşına əbədi həkk olunan Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün isə məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Bu, bir daha onu göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü  xalqına və dövlətinə sədaqətində, Vətənə sevgisindədir.

Bu gün Vətən torpaqlarında üçrəngli  Azərbaycan  bayrağı dalğalanır və bu da olduqca qürurvericidir. Zəfər paradı ləyaqət simvolu, müstəqilliyimizin əbədiliyinin nümayişi, həm də xalqımızın Vətən sevgisinin təntənəsi idi.

Müşfiq MİRZƏ,

“Respublika”.