Qələbəni qanı ilə yazan igidlər
Region

Qələbəni qanı ilə yazan igidlər

44 gün davam edən Vətən müharibəsinin hər günü şanlı ordumuz cəbhədə qələbə qazanıb, işğalçı Ermənistan silahlı qüvvələrinə ağır və sarsıdıcı zərbələr vurub, torpaqlarımızın azad edilməsi üçün əsl qəhrəmanlıq nümayiş etdirib. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qəhrəman oğullarının fədakarlığı sayəsində  30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Keçmiş məcburi köçkünlərin inamı öz təsdiqini tapdı, ümidlər doğruldu.

Heç şübhəsiz ki, bu şanlı qələbə Azərbaycan tarixində əbədi qalacaq. Qalib Ali Baş Komandan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında bu tarixi qələbəyə nail olub. Fədakarlıq göstərib, qətiyyət göstərib, iki cəbhədə döyüşüb, dəmir məntiqi çoxlarının sifətinə sillə kimi çırpılıb.

Həmin igidlərdən biri də Azərbaycan ordusunun polkovnik-leytenantı Rəşad Sadıqovdur. Ömrünü hərb sahəsinə həsr edən zabitimizin ən böyük arzusu düşmən işğalında olan torpaqlarımızı azad etmək idi.

Rəşad Sadıqov 1978-ci il oktyabrın 11-də Laçın rayonunda anadan olub.

1992-ci ilin mayında xəyanət nəticəsində Laçın şəhəri Ermənistan tərəfindən işğal olunanda Rəşadın valideynləri Şəmkir şəhərinə pənah aparıblar. Məcburi köçkünlük həyatı, valideynlərinin yurd həsrəti istər-istəməz Rəşadın qəlbində düşmənə sonsuz nifrət yaradıb, qisas alacağı günü hər an, hər dəqiqə gözləyib. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsil alıb. Rəşad müxtəlif  illərdə Azərbaycan Silahlı Qüvvələrinin bir sıra hərbi hissələrində, Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlıqda və Hərbi Hospitalda xidmət edib, nümunəvi xidmətinə görə bir sıra medallarla təltif olunub.

Vətən müharibəsi başlayan gündən döyüş meydanında düşmənə qarşı hərbi əməliyyatlarda iştirak edib. Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Sadıqov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində  Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəman zabit inamla, yurd eşqi ilə döyüşüb, düşmənə ağır zərbələr vurub, şəhidlərin, məcburi köçkünlərin qisasını döyüş meydanında alıb.

Şəhid polkovnikin anası Fəlakət Hüseynova deyir ki, oğlum döyüşlərə böyük ruh yüksəkliyi ilə qatılmışdı. İmkan düşən kimi bizə zəng edirdi, sevinə-sevinə deyirdi ki, Qubadlını, Cəbrayılı azad etdik. Hər dəfə atasına xoş xəbərlər çatdırardı. Bir gün axşam Rəşad zəng etmişdi. Dedi, atama de ki, Həkəri çayı bizdədir, əl-üzümü o çayda yudum. Darıxmasın, tezliklə Laçını da azad edəcəyik. Rəşad Sadıqov oktyabrın 30-da Laçın uğrunda gedən döyüşlərdə  şəhid olub. Atası oğul itkisinə dözə bilməyib, Rəşadın şəhidlik zirvəsinə ucalmasından 13 gün sonra vəfat edib.

Qəhrəman zabitimizin Vətənə əmanət iki övladı var. Yeddinci sinif şagirdi Nihad atası ilə fəxr etdiyini deyir:

-Nə qədər qəmgin olsam da, mən həmişə atamla fəxr edirəm. Atamı itirəndən sonra həyatımda bir boşluq yaranıb. Buna baxmayaraq, düşünürəm ki, atam torpaqlarımızın  azad edilməsi uğrunda həlak olub, yurdumuzdan işğalçıları qovub.  Hər dəfə telefonla bizimlə danışanda qələbə xəbəri deyirdi.

Rəşad Sadıqov Laçının Giləbürd kəndindən bir az yuxarı, Fərəcan kəndində ağır döyüşlərdə həlak olub. Döyüş yoldaşlarının dediyinə görə, doğulub boya-başa çatdığı  Laçın torpağına döyüş yolu ilə gəldiyinə görə çox sevinirmiş. Şəmkir rayonunun Çaparlı kəndində dəfn olunub.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Ordusunun polkovnik-leytenantı Rəşad Sadıqov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Qələbəni qanı ilə yazan igidlərin adı əbədi yaşayacaq, onların qəhrəmanlığı tariximizin ən şərəfli səhifəsinə çevriləcək, zamanın fövqündə dayanacaq.

Salman ALIOĞLU,

“Respublika”.