QƏLƏBƏNİ ŞƏRTLƏNDİRƏN AMİLLƏR
Siyasət

QƏLƏBƏNİ ŞƏRTLƏNDİRƏN AMİLLƏR

Güclü hərbi-texniki potensial, yüksək peşəkarlıq, mənəvi-psixoloji hazırlıq ordumuzun düşmən üzərində üstünlüyünü təmin etdi

Azərbaycanın təcavüzkar və işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq özünün əzəli və tarixi torpaqlarından qovmasının bir ili tamam oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi və diplomatik addımları, ordumuzun hünəri və cəsarəti düşməni döyüş meydanından qaçmağa,  mürəkkəb relyefi olan əraziləri bir güllə belə atmadan təhvil verməyə məcbur etdi.  44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin təməlində dayanan amillər sırasında ordu quruculuğu, mükəmməl müdafiə və təhlükəsizlik sisteminin formalaşdırılması, ən müasir silah arsenalının yaradılması mühüm yer tutur.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü ərəfəsində, noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərkən deyib: “Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcədə artdı”.

Artıq keçmişdə qalan Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı uzun illər ərzində aparılan səmərəsiz danışıqların Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmağa deyil, əslində, mövcud vəziyyəti mümkün qədər qoruyub saxlamağa, xalqımızın ümidlərinin qırılmasına və torpaqların həmişəlik itirilməsi faktı ilə barışmasına xidmət etdiyi göz qabağında idi. Bununla belə, istər ulu öndər Heydər Əliyev, istərsə də onun qüdrətli davamçısı  Prezident İlham Əliyev qətiyyətli və ardıcıl siyasət yeridərək, tez, ya gec işğala son qoyulacağını, bunun dinc və ya  hərbi vasitələrlə gerçəkləşəcəyini, bir milyona yaxın məcburi köçkün həmvətənimizin öz doğma yurduna qaytarılacağını daim bəyan edirdilər. Hətta xalqın ümidləri zəifləyəndə belə, münaqişənin müharibə yolu ilə həllinin mümkünsüzlüyü barədə dünya güclərinin dəyişməz mövqedə dayanmasına rəğmən, Azərbaycan rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan qurtarılması üçün bütün vasitələrdən, o cümlədən hərbi vasitələrdən istifadə etmək hüququnu gerçəkləşdirəcəyini uca səslə bütün beynəlxalq tribunalardan səsləndirirdi. Bu, yalnız xalqı ümidləndirmək və ya dünyanı qarşıya qoyulan məqsəddən xəbədar etmək üçün söylənilən söz deyildi, onun arxasında anbaan, günbəgün böyük səy və əzmkarlıqla aparlan iş, konkret  fəaliyyət dayanırdı.  

Təbii ki, hərbi potensialın möhkəmləndirilməsi ən vacib məsələ idi və Ulu Öndərin bu sahədə qısa müddətdə gördüyü işləri sürətlə dəyişən zəmanənin xarakterinə və çağırışlarına uyğun istiqamətlərə yönəltməyi, ən müasir texnika və sursatla təchiz olunmuş peşəkar ordu formalaşdırmağı Prezident İlham Əliyev dövlət başçısı vəzifəsinə seçildikdən dərhal sonra özünün prioritetləri sırasına daxil etdi və uğurla həyata keçirdi. Həm yerli müdafiə sənayesinin yaradılması, həm də dünyanın ən qabaqcıl silah istehsalıçıları ilə əlaqələrin qurulması, ən yeni hərbi texnikanın qısa müddətdə ordumuzun arsenalına cəlb edilməsi mövcud potensialın artırılmasını və müasirləşdirilməsini təmin etdi. Əlbəttə, yalnız güclü iqtisadiyyat, geniş maliyyə imkanları sayəsində belə yüksək təminata nail olmaq mümkün idi. Dövlətimizin başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində qazanılan iqtisadi nailiyyətlər, ölkənin gəlirlərinin artırılması büdcədən hərbi xərclərə ilbəil daha çox vəsait ayrılmasına imkan verdi və bu tendensiya böyük qələbədən sonra da davam edir.

Azərbaycanın Cənubi Qafqazda ən güclü orduya malik olması artıq bütün dünyada qəbul edilən gerçəklikdir ki, bu da İkinci Qarabağ müharibəsində real təsdiqini tapıb. Bir daha mövcud statistikaya nəzər yetirək: 2021-ci ilin dövlət büdcəsində ölkəmizin müdafiə və milli təhlükəsizliyi üçün 4,58 milyard manat (2,7 milyard dollar) ayrılıb. Bu, ötən illin hərbi xərclərindən təxminən 782 milyon manat (460 milyon dollar) və ya 20,5 faiz çoxdur. Ötən ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13,8 faizini təşkil edirdi. Bu il isə bu rəqəm 18 faizdən bir qədər artıqdır. Son günlər açıqlanan məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdə büdcə vəsaitlərinin 20,1 faizi və ya 3,6 milyard manata qədəri müdafiə və milli təhlükəsizlik tədbirlərinə xərclənib

Qonşu Gürcüstanın hərbi xərcləri cari il üçün cəmi 900 milyon lari və ya 274 milyon 655 min dollar təşkil edir ki, bu da Azərbaycanla müqayisədə təxminən 9,8 dəfə azdır. 44 günlük müharibədə hərbi gücü sarsıdılmış Ermənistan isə bu il hərbi məqsədlərə ötən ildəkindən cəmi 1,3 faiz çox -- 312 milyard dram və ya 597 milyon dollar ayırıb. Hətta bu cüzi artıma belə ölkə əhalisi ciddi etraz edir və davamlı yoxsullaşma şəraitində məğlub ordunun saxlanma xərclərinin onların güzəranını daha da pisləşdirdiyini bildirirlər.

Azərbaycanın öz hərbi xərclərini ilbəil artırdığı və bu sahədə Ermənistanı qətiyyətlə üstələdiyi hələ müharibəyə qədər bütün dünyaya məlum idi. 2019-cu ildə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) öz hesabatında göstərirdi ki, 2009-2018-ci illərdə Azərbaycanın hərbi xərcləri 24 milyard, Ermənistanınkı 4 milyarddan bir qədər çox olub. Ümumiyyətlə, Ermənistan hərbi xərclərini nə qədər artırır-artırsın Azərbaycanla ayaqlaşmaq, yarışa girmək gücündə deyil. SIRRI-nın araşdırmalarına görə, 2011-2020-ci illərdə Azərbaycanın silah idxalının həcmi Ermənistanınkından 8,2 dəfə çox olub.

Hərbi potensial yalnız güclü silah-sursatdan və texnikadan ibarət deyil;  hazırlıqlı, peşəkar kadrlar olmasa, onlardan təyinatı üzrə, zəruri məqsədlər üçün istifadə edilməsi mümkünsüzdür. Bu baxımdan ölkəmizin Silahlı Qüvvələrinin kadr potensialının möhkəmləndirilməsi Vətən müharibəsində qələbəni şərtləndirən ən mühüm amillərdəndir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi hərbçilərimizin ən müasir texnikadan necə məharətlə istifadə etdiyini əyani şəkildə göstərdi. Üstəlik, şəxsi heyətinin yüksək fiziki və mənəvi hazırlığı, vətənpərvərliyi və misilsiz şücaəti əks-hücum əməliyyatlarının uğurunu təmin etdi. Bu amillərin nə qədər əhəmiyyətli olduğunu duymaq və görmək üçün Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının və İctimai Televiziyanın (İTV) birgə istehsal etdiyi “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsinə tamaşa etmək kifayətdir. Ordumuzun müxtəlif qoşun növlərinin 44 günlük Vətən müharibəsindəki peşəkarlığı və vətənpərvərliyi Zəfər Günü ərəfəsində nümayiş olunan bu filmlərdə ustalıqla əks etdirilib.

Vətən uğrunda canını qurban verən igidlərimiz məhz torpaqlarımızı işğaldan qurtarmaq üçün yetişdirildiklərini dərindən anlayıb dərk ediblər və buna görə də Şuşanın fəthi kimi bir möcüzəni gerçəkləşdiriblər. Bu günlərdə mediada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın belə qəhrəmanlardan biri – baş leytenant Valeh Məmiyev haqqında danışarkən kövrəldiyini əks etdirən kadrlar yayımlanıb. H.Akar  Türkiyədə təlim keçmiş azərbaycanlı zabitə “sənin əsl vəzifən təlim deyil, Vətənini, işğal altındakı torpaqları qurtarmaqdır” dediyini, həmin zabitin şəhadətə çatarkən “verdiyim sözü tutdum” söyləməsini xatırlayarkən qəhərlənib. Ali Baş Komandanın əmrini yerinə yetirərək, döyüş meydanına atılan minlərlə hərbçimizin igidlikləri xatirələrdə və tarixin yaddaşında əbədi qalacaqdır.

Bu gün hərbçilərimiz müntəzəm hərbi təlimlərə cəlb edilir, döyüş hazırlıqlarını durmadan yüksəldirlər. Müharibə başa çatıb, Qarabağ münaqişəsi keçmişdə qalıb, lakin dövlətimizin başçısının Qubadlı rayonu ictimaiyyəti ilə görüşdə qeyd etdiyi kimi, “bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq, istənilən formada, istər siyasi meydanda, istər hərbi meydanda...” Hazırda işğaldan azad edilmiş ərazilərdə qələbəmizə layiq quruculuq işləri aparılması ilə yanaşı, hərbi gücümüz və potensialımız da artırılır. Azərbaycan bundan sonra qalib dövlət kimi bütün sahələrdə inkişaf edəcək, yeni-yeni zəfərlər qazanacaqdır.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.