Qələbəyə aparan yol
Siyasət

Qələbəyə aparan yol

Vətən müharibəsində şanlı Qələbənin əldə olunması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasəti və  Azərbaycanın ərazi  bütövlüyünün bərpa edilməsi istiqamətində apardığı  qətiyyətli diplomatik mübarizə Ermənistanın 30 ilə yaxın işğalına son qoydu. İkinci Qarabağ müharibəsində qazandığımız parlaq Qələbə ölkəmizin dünya birliyindəki nüfuzunu daha da yüksəltdi. Bu gün hər bir soydaşımız  Azərbaycanın dünyada qalib ölkə kimi tanınmasından qürur hissi keçirir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən qarşısına qoyduğu prioritet vəzifəyə - torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu.

Xatırladaq ki, cənab İlham Əliyev 19 il əvvəl Prezident seçildikdən sonra  andiçmə mərasimindəki nitqində qarşıya qoyulan  prioritet vəzifələrdən birinin də işğal altında olan ərazilərimizin azad ediləcəyinin olduğunu bildirmişdir: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir".

Həmin vaxtdan başlayaraq, ölkəmizdə ordu quruculuğu daha mütərəqqi formada həyata keçirilməyə başlandı. Çünki ərazisinin 20 faizi işğal altında qalan ölkədə ordu quruculuğu mühüm vəzifə idi. Eyni zamanda, ölkəmizin dünya birliyinə  inteqrasiyası yolunda da əsaslı addımlar atıldı, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq daha da möhkəmləndirildi.  Bunlarla yanaşı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirilən xarici siyasət kursu yeni mərhələyə qədəm qoydu. Bu uğurlu siyasət tədricən  ölkəmizə beynəlxalq aləmdə çoxlu dost  və etibarlı tərəfdaş qazandırdı.

Ermənistan-Azərbaycan  münaqişəsinin nizamlanmasına  danışıqlar yolu ilə nail olmaq möhtərəm Prezidentimiz İlham Əliyevin strategiyasının əsasını təşkil etmişdir. Dövlət başçımız  münaqişəsinin sülh yolu ilə  həllinə nail olmaq üçün ötən illər ərzində fəal və çevik xarici siyasət həyata keçirmiş, işğalçı ölkəyə öz qoşunlarını Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarması barədə  dəfələrlə xəbərdarlıq etmişdi. Hətta bu barədə dünyanın ən nüfuzlu təşkilatı olan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına baxmayaraq, Ermənistan beynəlxalq hüquq normalarına hörmətsizlik edir, işğalçılıq siyasətini davam etdirir, sərhədboyu ərazilərdə təxribatlar törədir, günahsız insanları qətlə yetirirdi.  Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində  Ermənistanın yalançı təbliğatı ildən-ilə fiaskoya uğradı. Cənab İlham Əliyevin Azərbaycanın prinsipial mövqeyini dəfələrlə BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq və regional təşkilatların tribunalarından səsləndirdi. Artıq dünya birliyi  Ermənistanın yalan məlumatlarına inanmırdı.

Bütün bunlara baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir, dünyada baş alıb gedən ikili standartlar və islamofobiya işğalçı ölkənin əl-qolunu daha da açırdı. Lakin dövlət başçımızın qətiyyəti sayəsində ölkəmiz bütün sahələr üzrə getdikcə güclənir, Cənubi Qafqazın lider dövlətinə çevrilirdi. Həmişə olduğu kimi, ordu quruculuğu prioritet vəzifə olaraq qalırdı. Ermənistan ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində ordumuzun gücünü  hiss etdi. Həmin döyüşlərdə şanlı ordumuzun bir sıra strateji əhəmiyyətli yüksəkliklərlə bərabər, işğal altında olan ərazilərimizin 2 min hektarını düşməndən azad etdi. İki il sonra Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər  əks-həmlə əməliyyatları ilə işğaldan azad edildi. Bununla da, ordumuz daha əlverişli mövqelərə nəzarəti ələ keçirdi. Həmin döyüşlərdə ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edildi. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə, dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

2020-ci ildə işğalçı Ermənistan ordusu bu dəfə Tovuz  rayonu istiqamətində sərhədlərimizi pozmağa cəhd etdi. Onu da qeyd edək ki, Vətən müharibəsinə gedən yolun əsas mərhələsi Tovuz döyüşlərindən  keçirdi. Bu döyüşlər  rəşadətli Ordumuzun  cəsarətini və hərbi taktikasını, həmçinin vətənpərvərliyini dünyaya nümayiş etdirdi. Bütün bunlar Azərbaycanı Qələbəyə aparan yolun başlanğıcı idi. Ermənistan ordusu bu uğursuzluqdan nəticə çıxarıb işğalçılıq siyasətindən əl çəkmək əvəzinə, növbəti təxribatlara əl atdı. 2020-ci il sentyabrın 27-də  işğalçı ordu ölkəmizə qarşı genişmiqyaslı hücuma keçdi və ilk  ağır zərbəni də həmin gün aldı. Döyüşlər başlanan gündən ordumuz daim irəliyə getdi.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Artıq dünya birliyi də Ermənistanın hegemonluğuna, işğalçılıq siyasətinə son qoyulduğunun şahididir. 2020-ci il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanat işğalçı ölkənin kapitulyasiyasını rəsmiləşdirdi. Bu bəyanat ermənilərin  "böyük Ermənistan" yaratmaq ideyasının üstündən birdəfəlik xətt çəkdi.

Bu gün Azərbaycan bayrağının Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, qəhrəman ordumuzun qüdrətinin, xalqımızın monolit birliyinin və həmrəyliyinin  parlaq nümunəsidir.

Tarixi Qələbədən sonra Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqeyi daha da möhkəmlənib.  Prezident İlham Əliyevin siyasətinin əsas prinsiplərindən birini  başqa  ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq  təşkil edir. Bu siyasətin nəticəsində ölkəmizlə dünya dövlətləri arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq möhkəmlənir, Azərbaycan vətəndaşlarının firavan və təhlükəsiz şəraitdə yaşayışı təmin olunur. Şanlı Qələbədən sonra respublikamızla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Bunu tarixi  Qələbə münasibətilə Prezident İlham Əliyevə ünvanlanmış çoxlu sayda  təbrik məktubları da təsdiqləyir.

Müharibə dövründə xalq Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında  bir yumruq kimi birləşdi. Doğma Vətənini sevən hər bir azərbaycanlı həmrəylik göstərərək torpaqlarımızın Ermənistanın işğalından azad olunması üçün Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədi. Ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-si Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına dair birgə bəyanat yayaraq, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə həmrəy olduğunu  bildirdi. Siyasi həmrəyliyin nümunəsi olan bu addım təkcə xalqla dövlətin sıx vəhdətindən xəbər vermir, eyni zamanda, Azərbaycanda yaşanan siyasi birliyi təcəssüm etdirirdi.

Hamı kimi ədliyyə işçiləri də dövlət başçımızın ətrafında sıx birləşdi. Sıralarımızdan  könüllü olaraq döyüşə yollananlar az olmadı. Ədliyyə orqanlarına qulluğa qəbul olunan Ruhin Xəlilov nümunəvi fəaliyyəti ilə fərqlənərək sonradan Ədliyyə Nazirliyinin aparatına irəli çəkilmişdi.  O,  Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanmışdı. Əslən Cəbrayıl rayonundan olan Ruhin doğma el-obasının düşmən tapdağı altında qalmasına dözə bilmədi və vəzifəsindən əl çəkib cəbhəyə yollandı. Torpaqlarımızın azad olunması uğrunda aparılan  döyüşlərdə mərdliklə iştirak edən Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik göstərərək oktyabrın 21-də şəhid oldu.  Fəxrimiz olan Ruhin Xəlilov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhadətindən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.  Bundan başqa, o,  ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə görə, "Fəxri ədliyyə işçisi" adına layiq görülmüşdü.

Müharibə iştirakçılarının, şəhidlərimizin ailə üzvlərinin, həmçinin əlillərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində görülən  işlər  göz önündədir. Ədliyyə Nazirliyinin rəhbərliyi həssas qrupun nümayəndələrinin qayğıları ilə daim maraqlanır, onlara köməklik göstərir.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Hazırda həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanması hər bir  soydaşımızda  qürur hissi yaradır. Müharibə başa çatandan bir həftə sonra  möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri bu gün də davam edir. Həmin ərazilərdə hər dəfə yeni müəssisələrin açılışı, digərlərinin isə özülünün qoyulması mərasimlərində iştirakları  bir daha dünyaya bəyan edir ki, Qarabağ Azərbaycandır!.

Rzabəy SƏLİM-ZADƏ,

Ağcabədi Regional "ASAN Xidmət"

Mərkəzində notariat ofisinin xüsusi

notariusu.