Qələbəyə həsr olunan  dərslər
Region

Qələbəyə həsr olunan  dərslər

Pandemiyanın yaratdığı çətinliklərdən sonra ənənəvi tədris ilinin başlanması sözün əsl mənasında, müəllimlər, valideynlər və şagirdlər arasında bayram əhvali- ruhiyyəsi yaradıb. Təxminən iki ilə yaxın qapısı bağlı qalan məktəblər yenidən şagirdlərin səs-küyünə,  gülüşünə, məktəb zənginin cingiltisinə bürünüb.  Qələbə və Zəfərin sevinci bütün sinif otaqlarında əks-səda verib.

Məcburi köçkünlər üçün salınmış Bənövşələr qəsəbəsindəki 2 saylı tam orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov,  təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Tədbirdə əvvəlcə, Azərbaycanın Dövlət Himni səsləndirilib,  respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək müəllimləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.  Rayon rəhbəri həmçinin ölkəmizdə təhsilin inkişafından,  müasir tələblər səviyyəsində və yüksək meyarlara cavab verən yeni təhsil ocaqlarının inşasından,  uşaqlara,  gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan ətraflı söz açıb.  Ölkəmizin  başçısı  İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə, elmə,  gənc nəslin layiqli təhsil almalarına  diqqət və qayğı göstərmələri diqqətə çatdırılıb.  Qeyd olunub ki,  xüsusilə işğaldan azad edilən rayonların bərpası və yenidən qurulması layihələrində yeni məktəblərin tikintisi ən müasir tələblər səviyyəsində həyata keçiriləcək.

Məktəbin direktoru, tanınmış pedaqoq, respublikanın əməkdar müəllimi Tünzalə Vəliməmmədova məktəbin qazandığı uğurlardan,  məzunların yüksək balla ali təhsil müəssisələrinə qəbul olunmasından,  həyatını gənc nəslin təlim- tərbiyəsinə həsr etmiş müəllimlərin fədakarlığından, Vətən müharibəsində əldə olunan tarixi qələbədən ətraflı danışaraq xalqımıza Zəfər sevinci yaşadan Prezident İlham Əliyevə məktəbin kollektivi adından minnətdarlığını bildirib.

Tədbirin sonunda məktəblilərin ifasında  ədəbi-bədii kompozisiya nümayiş olunub və şagirdləri sinif otaqlarına səsləyən ilk zəng çalınıb. Şagirdlərə Qələbə dərsləri keçiləcək, Zəfər tarixi öyrədiləcək. Bu qüruru və şərəfi bizə yaşadan şəhidlərimizin ruhu şad olsun. Qazilərimizin hünəri isə hər bir şagird üçün həyat örnəyidir.

                                                  Salman ALIOĞLU,

                                                     “Respublika”.