QƏRBİ AZƏRBAYCAN QƏDİM YURD YERİMİZDİR
Tarix

QƏRBİ AZƏRBAYCAN QƏDİM YURD YERİMİZDİR

Ötən il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının inzibati binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü hər kəs tərəfindən yüksək rəğbətlə qarşılanır. Həmin tarixi tədbirdə dövlət başçısı o yerlərin Azərbaycan torpaqları olması və məhz ona görə də ermənilərin deportasiyaya məruz qoyduqları insanların öz ata-baba torpaqlarına qayıdışının reallaşacağını bildirmişdir. Hər kəsə məlumdur ki, Ali Baş Komandan İlham Əliyev verdiyi sözü əməli ilə təsdiqləyir.

Qarabağ və ətraf rayonlar erməni işğalı altında olduğu zamanlarda dəfələrlə o torpaqların əbədi-əzəli sakinlərinə, doğma yurdlarına qayıdacaqları ilə bağlı səsləndirdiyi fikirlər öz təsdiqini tapdı. Belə ki, artıq müqəddəs torpaqlarımıza qayıdışın Ağalı sakinlərinin kəndlərinə köçərək məskunlaşması ilə təməli qoyulmuşdur.

Azad olunmuş ərazilərimizdə genişmiqyasl

ı layihələrin icrası sürətlə davam etdirilir. Yaxın zamanlarda Böyük Qayıdışa start veriləcəkdir. Heç şübhəsiz, Oğuz yurdu, zorla azərbaycanlıların əlindən alınaraq ermənilərə hədiyyə verilən Qərbi Azərbaycanımıza da o yerlərin sahiblərinin kütləvi qayıdışı reallaşacaqdır.

Dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycan icmasının inzibati binasında çıxışı zamanı demişdir: "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar". Qərbi azərbaycanlılar Prezidentin verdiyi bu mesajları yüksək qiymətləndirir, ata-babalarının, ulularının uyuduqları o müqəddəs yerlərə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi zamanı yerindən, haralı olmasından asılı olmayaraq hamımız bir nəfər kimi dəmir yumruğa çevrilərək düşmənə qalib gəldik. Eləcə də digər itirilmiş torpaqlara, o cümlədən adıçəkilən məkana qayıdış bütün Azərbaycan xalqının yekdilliyi, birliyi ilə daha da sürətləndiriləcəkdir.

Məlumdur ki, ötən əsrlərdən başlayaraq tarixi Azərbaycan torpaqlarına ermənilərin başqa ölkələrdən köçürülməsi bir sıra ermənipərəst dövlətlərin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilmişdir. Həmin zamanlardan orada yaşayan soydaşlarımız sıxışdırılmış, təzyiqlərə məcbur olmuşlar, ən nəhayət, yer-yurdlarından köçməyə məcbur olmuşlar. Bu proses bir neçə dəfə baş vermiş, axırıncı dəfə 1988-ci ildə kütləvi deportasiya olunmuşlar. Bir sözlə, indiki Ermənistan adlanan qədim Azərbaycan torpağında bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

Bu hadisələri o zamanlar yerindən-yurdundan didərgin düşmüş insanlar ürəkağrısı ilə danışırlar. Qərbi Azərbaycanın dağlıq ərazisindən Azərbaycanın ən isti bölgələrinə köçürülmüş insanların çoxu dözməyərək dünyasını dəyişmişdir. 1988-ci ilin soyuq qış aylarında Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən qaçqın düşərək Tərtər rayonunun Bəyimsarov kəndinə gəlmiş Fazil Vəliyevlə söhbət edərkən deyir ki, getsin o günlər bir də gəlməsin. Çox çətin anlar yaşamışıq. Yollarda ermənilər avtomobillərə atəş açır və ya maşınları daşlayaraq zərər vurmağa çalışırdılar. Min bir əzab-əziyyətlə Azərbaycana pənah gətirdik. Yadımdadır ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə fəlsəfi əsərlərin müəllifi, əslən Vedi rayonundan olan, oxucuların sevimlisi Fərman Kərimzadə məskunlaşdığımız Bəyimsarov kəndində qaçqınlar qarşısında ermənilərin törətdikləri vəhşiliklər barədə çıxış edərkən qəflətən ürəktutmasından vəfat etdi. Onun ölümü hər kəsi sarsıtdı. Fazil Vəliyev anadan olduğu gənclik illərinin keçdiyi Bala Məzrədən danışarkən o yerlərin mənfurlara qalmasından çox heyifislənir. O, qeyd edir ki, bu kənd çox qədim tarixə malik olan düzəngah bir yerdir.

Ötən əsrlərdə xaricdən gələn erməniləri kənddə yerləşdirmək istəsələr də, camaatın kəskin etirazı nəticəsində ermənilər kəndə buraxılmamış, kənddən 1,5 kilometr aralıda Bala Məzrəyə məxsus olan torpaq sahəsində ermənilər üçün yeni kənd salınmışdır. Kəndin münbit torpağı, geniş əkin sahələri, meyvə bağları var idi. Sakinlər əsasən əkin, biçin, arıçılıq və maldarlıqla məşğul olurdular. Bundan başqa, kənddən təxminən 20-25 kilometr aralıda yaylaq yeri olmuşdur. Yaylaq Kəlbəcər rayonunun Ala Göllər adlanan yeri ilə həmsərhəd idi. Sakinlər yay aylarında Zağalı, Yarpızlı, Qızılvəng (Aşıq Alının vətəni) kəndlərindən keçməklə Sarıyaldan üzüyuxarı qalxaraq Şişbiləkən yaylağına köçür, təxminən 3-3,5 aydan sonra geri qayıdırdılar. Bu müddət ərzində hər bir ailə kifayət qədər kərə yağı, pendir və digər məhsullar tədarük edirdilər. Eyni zamanda, mal-qara o yerlərin keyfiyyətli otunu otlayaraq kökəldilmiş vəziyyətdə kəndə qaytarılırdı.

Ermənilər qeyd olunan yaşayış məntəqələri, eləcə də Bala Məzrənin adını dəyişmişlər. Kəndin qədimliyini, ermənilərə heç bir aidiyyəti olmadığını tarixi abidələr bir daha təsdiq edir. Burada bu günümüzə qədər gəlib çatan ötən əsrdə inşa olunmuş alban məbədləri və qəbirləri də mövcuddur.

F.Vəliyev qeyd etdi ki, 1980-ci illərdə ermənilər albanlara məxsus qəbir daşlarını avtomobillərə yığaraq apardılar. Bir neçə aydan sonra isə yenə də qaytarıb gətirdilər. Məlum oldu ki, həmin daşların üzərindəki yazıları, alban əlifbasını pozaraq erməni əlifbası ilə yazmışlar. Kənd qəbiristanlığında bəzi qəbir daşlarının üstündə müsəlmançılığın rəmzi olan metaldan hazırlanmış aypara fiqurunu rayon rəhbəri, həddindən artıq millətçi, azərbaycanlıların qəddar düşməni olan Nuricanyan adlanan erməninin əmri ilə qırıb atdılar.

Azərbaycanlıların oradan köçmələri üçün bütün qeyri-insani vasitələrdən istifadə edirdilər.

Hazırda Fazil Vəliyev Tərtərdə qabaqcıl fermerlərdən biridir. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə I dərəcəli Əmək ordeni ilə təltif edilmişdir. Səbirsizliklə doğma Vətəninə qayıdacağı günü gözləyir.

Digər həmsöhbətim Tərtərin İrəvanlı kənd sakini, əslən Vedi rayonunun Kolanı kəndindən olan Faiq Məmmədov oldu. Faiq Məmmədovun valideynləri 1948-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan minlərlə ailələrdən biridir. Anası Bəsti Məmmədova əslən Dərələyəz kəndindəndir. Atası Mərdan Məmmədov 1925-ci ildə Vedidə anadan olmuşdur. Faiqin babası 1937-ci ildə Stalinin repressiya siyasətinin qurbanı olaraq güllələnmişdir. O deyir ki, Kolanı kəndi dağlar qoynunda yerləşən füsunkar təbiətə, buz bulaqlara, geniş meyvə bağlarına malik olan bir kənd olmuşdur. Ötən əsrlərdən başlayaraq ermənilər kəndə ayaq açmışlar. Ən dəhşətli hal isə azərbaycanlılar öz evlərində yaşayarkən ermənilərin evin digər otağına yerləşdirilməsi idi. Artıq belə bir vəziyyətdə kənddə yaşamaq çox çətin idi. F.Məmmədovun atası müəllim işləmişdir. Kolanıda yaşamağın qeyri-mümkün olduğunu görən ailə Azərbaycana köçməyə məcbur olmuşdur. Yük vaqonlarının bir tərəfində mal-qara, digər tərəfində isə insanlar 6 gün isti havada, dözülməz şəraitdə yol gəldikdən sonra Salyan rayonunun Şorsulu kəndinə çatmışlar. Dağlıq əraziyə öyrəşmiş Salyanın şor suyundan içən mal-qara tamamilə tələf olmuşdur. Ailə Salyanın havasına uyğunlaşmadığı üçün 1949-cu ildə Tərtərin İrəvanlı kəndinə köçmüşdür. F.Məmmədovun atası Mərdan müəllim anadan olduğu Kolanı kəndinə bir neçə dəfə getmişdir. Lakin hər dəfə geri qayıdanda o yerlərdən danışarkən, qəhərlənmiş və özünü pis hiss etmiş, 56 yaşında Vətən həsrətinə dözməyərək dünyadan köçmüşdür.

F.Məmmədov kənd təsərrüfatı üzrə fəlsəfə doktorudur. Hazırda Tərtər Rayon Ağsaqqallar Şurasının sədridir. O, inanır ki, vahid Azərbaycanın bərpa olunacağı gün yetişmişdir. Tezliklə əbədi, əzəli torpaqlarımıza - Qərbi Azərbaycanımıza köç başlayacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".