Qərbi Azərbaycana qayıdacağımız gün xəyallarımızın gerçəkləşəcəyi gündür
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdacağımız gün xəyallarımızın gerçəkləşəcəyi gündür

TÜRKİYƏ

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfər artıq Qərbi Azərbaycana qayıdışımızın həyata keçirilməsi üçün tarixi şərait yaradıb. Bu tarixi Qələbənin və gələcək ikinci böyük bir Zəfərin müəllifi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. "Qarabağ işğaldan azad olunduqdan sonra tarixi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdış üçün geniş və hərtərəfli şəkildə mübarizənin aparılması istiqamətində artıq çox ciddi addımlar atılır. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı bir qrup ziyalı ilə görüşü və burada səsləndirdiyi fikirlər bir daha bunun təsdiqidir. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşü təkcə tarixi, siyasi baxımdan deyil, eyni zamanda, mənəvi baxımdan da çox böyük əhəmiyyət kəsb edir. Onun Qərbi Azərbaycana qayıdışla bağlı proqram xarakterli çıxışı, bu mübarizədə hamılıqla həmrəy olmağımızı diktə edir".

Bu fikirləri Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, tədqiqatçı-yazar Sərdar Ünsal ifadə edib. Əslən İrəvandan olan soydaşımız deyib: "Ermənilər zaman-zaman, bütün siyasi şəraitlərdə fərqli formalarda Azərbaycan türklərinə qarşı bəşəri cinayətlər törədiblər. İşğalçı dövlətin etnik təmizləmə siyasəti nəticəsində dədə-baba yurdunu tərk edən soydaşlarımız Anadolunun dörd bir tərəfinə, buradan da Avropa ölkələrinə səpələniblər. Təkcə XX əsrdə Qərbi Azərbaycanda soydaşlarımız 4 dəfə - 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət, 1988-ci illərdə erməni vandalizminin misli görünməmiş dəhşətli terrorunun qurbanı olub, kütləvi şəkildə soyqırımına, deportasiyaya məruz qalıblar. Dünyada elə bir xalq yoxdur ki, digər bir xalq tərəfindən bu qədər dəhşətli zülmə düçar olsun. Bu acınacaqlı vəziyyət demək olar ki, iki yüz ildən artıq idi ki, davam edirdi. Qırx dörd günlük Vətən müharibəsi və bu müharibənin Zəfər simvolu olan "Dəmir yumruq" düşmənlərimizə elə bir tarixi dərs verdi ki, onlar bundan yüz il sonra da bu acı məğlubiyyətin təsirindən qurtulmayacaqlar".

Dədə-baba yurdlarına qayıtmaq, haqq səsini bütün dünyaya çatdırmaq məsələsində Qərbi Azərbaycandan olan soydaşlarımızla birlikdə mübarizə aparacaqlarını diqqətə çatdıran Sərdar Ünsal məlumat verib ki, doğmaları erməni silahlı quldur dəstələrinin basqılarına davam gətirə bilməyərək 1920-ci ildə İrəvan şəhərindən dədə-baba yurdlarını tərk ediblər. Doğmalarından ona acılı-şirinli çoxlu xatirələr qalıb.

 O, 1920-ci ildə ermənilər tərəfindən dədə-baba yurdlarını məcburi tərk edərək Türkiyəyə gələn bir ailənin nəvəsidir. Onun nənəsi Səriyyə xanım, İrəvan şəhərindəki Təpəbaşı məhəlləsində zəngin bir ailənin qızı olub. Sərdar Ünsal uşaqlıqdan nənəsindən ermənilərin törətdiyi vəhşilikləri dinləyərək böyümüşdür. Uşaq yaddaşı ağ kağız olar, deyirlər. S.Ünsal nənəsi Səriyyə xanımdan eşitdiyi dəhşətləri dinləyərək "Ürəyim İrəvanda qaldı" romanını yazmışdır. Romanda Vətənə, anasına, atasına, uşağına, qardaşına, evinə həsrət qalaraq həyatdan köçən bir qadının həyat hekayəsinin təsviri verilmişdir. Erməni yalanlarını ifşa edən bu kitab real hadisələri əks etdirir. Müəllif kitabın girişində yazır: "Roman həyatda yaşanmış bir hekayədir və bölgəmizdə minlərlə ürəkləri İrəvanda qalanlar var. Çünki geridə qalan yalnız bir ailənin deyil, minlərlə ailənin ürəyidir. Yaşanmış bir kədərin, bir qaçışın, bir kökdən zorla qoparılmanın hekayəsidir, daha doğrusu, ermənilərin hücumu nəticəsində İrəvandan qaçanların hekayəsidir. Mənim nənəm İrəvanda evini, sevdiklərini, atasını qoyaraq həyat yoldaşı və qızı ilə İrana qaçarkən ermənilər tərəfindən Araz çayında ərinin vurulmasını ölənə qədər unuda bilmədi. Beləliklə, erməni vəhşiliyini ən yaxşı şəkildə bu romanda izah etməyə çalışdım".

Səriyyə nənənin həyat hekayəsi

''1920-ci ildə İrəvanın Təpəbaşı məhəlləsində qızım Firuzə və həyat yoldaşım Abbasla birlikdə huzurlu bir şəkildə yaşayırdıq. Bir gün qonşumuz erməni qadın mənə dedi ki, təcili buranı tərk edin, yoxsa sizin hamınızı öldürəcəklər. Plan artıq qurulmuşdu. Hətta atama da xəbərdarlıq edilmişdi. Mən həyat yoldaşıma və atama eşitdiklərimi söylədim. Atam və həyat yoldaşım qərara gəldilər ki, gecənin bir yarısında İrəvanı tərk edərək İrana gedək. Sabaha doğru yola çıxdıq. Araz çayına yaxınlaşarkən uzaqdan ''kömək edin'' deyərək qışqıran 4 türk qadının səsi gələn tərəfə qaçdıq. Həyat yoldaşım Abbas, qızım Firuzə ilə birlikdə məni bir ağacın dalında gizlətdi. Səs gələn tərəfə getdi. Qadınlara erməni əsgərləri tərəfindən işgəncə verilirdi. Hətta qadınlardan birisi də hamilə idi. Həyat yoldaşım bu işgəncəyə göz yuma bilmədi. O, bizə söylədi ki, siz məni gözləməyin, qaçın sərhədi keçin. Həyat yoldaşım əlində bıçaq ermənilərin üzərinə atıldı. Amma ermənilər çox olduğundan o, canını qurtara bilmədi, ermənilərlə əlbəyaxa olduğu zaman 4 türk qadını canlarını qurtarıb İran tərəfə qaça bildilər. Mən qızımla Araz çayını keçib İrana getdik. Araz çayının qan gölünə döndüyünün şahidi olduq. İranda təsadüfən atamla rastlaşdım. O, İranda güvənli yer tapıb bizi yerləşdirdi, özü isə İrəvana anamı və qardaş-bacılarımı gətirmək üçün geriyə döndü. Amma çox təəssüflər olsun ki, ermənilər yolda hamısını qətlə yetirdilər. Uzun zaman İranda qaldıqdan sonra İğdırda yaşayan xalam oğlanlarının yanına gəldim və yenidən ailə həyatı qurdum''.

Həyat hekayəsi çox ağır olub nənəmin. Başı dumanlı dağları uzaqdan izləyərək hey ağlayardı. O, Vətən deyərək yumdu gözlərini...

Tədqiqatçı-yazar Sərdar Ünsalın qələmə aldığı "Ürəyim İrəvanda qaldı" romanı saxta "erməni məsələsi" mövzusunda Türkiyədə böyük əks-səda verən əsərlər sırasındadır.

Onun digər kitabı ermənilərin 1919-1920-ci illər arasında İğdır və ətrafında, 1992-ci ildə Azərbaycanın Qarabağ, Xocalı, Şuşa şəhərlərində törətdiyi vandalizm və soyqırımları barədə bəhs etdiyi "Soykırım" kitabıdır.

"Ermənilərin törətdiyi zülm və soyqırımları türk milləti tərəfindən heç bir zaman unudulmadı və unudulmayacaq", - deyib Sərdar Ünsal. Hər iki kitabımda ermənilərin 1919-1920-ci illər arasında İrəvanda, İğdırda törətdikləri vəhşəti, Araz çayını qan gölünə çevirmələrini, xanımı ərindən, ananı balasından, ana və atanı övladlarından ayırmalarını, 1919-1920-ci illərdə İğdır və ətrafında soyqırımı törədən vəhşi ermənilərin nəvələrinin Azərbaycanda, Xocalıda, Şuşada, İrəvanda, Qarabağda həyata keçirdikləri qətliam olaylarını yaşayanların dili ilə qələmə almışam. Kitablarımda ermənilərin gerçək üzünü türk millətinə, yeni yetişən gənc nəsillərə çatdırmışam və ermənilərin illərdən bəri nə qədər türk düşməni olduğunu, türkün yaşadığı torpaqlarda gözü olduğunu bilmələri üçün tarixi faktlardan istifadə etmişəm.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.