Qərbi azərbaycanlıların əzəli yurdlarına qayıdışı təminediləcək
MÜSAHİBƏLƏR

Qərbi azərbaycanlıların əzəli yurdlarına qayıdışı təminediləcək

Respublika Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşün gedişində hər zaman olduğu kimi, son dərəcə vacib məsələlərə toxunmuş, Azərbaycan xalqının bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan zəruri addımlar barədə fikirlərini açıq şəkildə ifadə etmişdir.

 Dövlət başçımızın çıxışının əsasında duran Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası mahiyyət etibarilə bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir və bu ideya tezliklə həyata keçirilməlidir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın tarixi torpaqlarında ermənilərin xarici havadarlarının köməyi ilə yaratdıqları Ermənistan bu gün Avrasiya məkanında mövcud olan yeganə monoetnik dövlətdir. Bu da tarixən həmin torpaqlarda yaşamış azərbaycanlıların öz dədə-baba yurdlarından zorla deportasiya olunmalarından sonra baş vermişdir. Azərbaycan iki il bundan öncə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu gün isə artıq həmin reallıqların verdiyi imkanlardan yararlanmağın və tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın zamanıdır.

Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, bu il Azərbaycan özünün Ermənistanla sərhəd ərazilərində hərbi əməliyyat keçirməyə məcbur oldu. Çünki Ermənistanda revanşist qüvvələr xarici təhrikçilərin dəstəyi ilə yenidən baş qaldırır. Ermənistan cəmiyyətinin şüuru azərbaycanofobiya ilə o qədər zəhərlənib ki, bu ölkənin siyasi səhnəsində faktiki olaraq normal düşüncəyə malik olan insan tapmaq mümkün deyil. Digər tərəfdən də Azərbaycanın xarici düşmənləri erməni revanşizmini qidalandırır və bu amili ölkəmizə qarşı yeni təhdid vasitəsi kimi gücləndirmək üçün əllərindən gələni edirlər. Buna görə də ermənilər revanş fikri ilə yaşayır və yenə də ümid edirlər ki, kimsə gəlib onların əvəzinə Azərbaycanla müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Məhz bütün bunlardan sığortalanmaq üçün Azərbaycan mütləq Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idi və buna da nail oldu. Bu gün Azərbaycanın mövqelərindən artıq Göyçə gölünü görmək olur. Həmçinin Azərbaycanın nəzarətində olan yüksəkliklərdən hətta Naxçıvan dağları da görünür. Bu, həqiqətən də tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir və Azərbaycan durduqca bu qələbə bizim tariximizdə qalacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il Azərbaycanın əldə etdiyi həm hərbi, həm də siyasi uğurlar gələcək qayıdış və təhlükəsizlik üçün möhkəm zəmin yaradır.

Dövlət başçımızın çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan cəmiyyəti Qərbi Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün böyük səy göstərməlidir. Təbii ki, bu baxımdan Qarabağ münaqişəsi ilə bağlı 1990-cı illərin əvvəllərində dünya ictimaiyyətinin baxışında formalaşdırılmış təhrif edilmiş təsəvvürlərin tamamilə dəyişdirilməsi təcrübəsindən geniş istifadə olunmalıdır.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iki il bundan öncə apardığı və tarixi Qələbə ilə başa vurduğu İkinci Qarabağ müharibəsi, eləcə də 44 gün ərzində hərbi əməliyyatlara paralel olaraq davam edən informasiya müharibəsi onu göstərdi ki, bu, böyük əhəmiyyət kəsb edən amildir. Buna görə də Qərbi Azərbaycan İcması, o cümlədən beynəlxalq müstəvidə fəaliyyətini intensivləşdirməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Azərbaycan bütün imkanlarını səfərbər edib haqlı olaraq öz hüququnu tələb etməlidir. Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı xalqımızın bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüququdur və bu hüquq təmin olunmalıdır.                 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.