Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaları onların haqqıdır
Siyasət

Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaları onların haqqıdır

Qərbi azərbaycanlılar tarixin müxtəlif dövrlərində - 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə ermənilər tərəfindən öz doğma yurd yerlərindən məqsədyönlü şəkildə didərgin salınmış, deportasiya edilmişlər. Türk düşmənçiliyi, "böyük Ermənistan" ideyasını həyata keçirmək məqsədilə mənfur düşmən zaman-zaman ata-baba torpaqlarımızda məskunlaşmış, Azərbaycana məxsus ərazilərdə öz dövlətlərini qurmuş, yerli sakinləri doğma evlərindən qovub çıxarmışlar. Məkrli niyyətlərini, deportasiya planlarını reallaşdırmaq üçün hər zaman fürsət güdən ermənilər əsrlər boyu xalqımıza qarşı zorakılıq aktlarını, soyqırımı hadisələrini dəfələrlə qəddarlıqla təkrarlamış, daşnak erməni silahlı dəstələri Bakıda, Qarabağda, Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda  soyqırımı siyasəti həyata keçirmişlər.

Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasəti, xalqımızın başına gətirilən müsibətlər, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın deportasiyası 1988-1992-ci illərdə daha kütləvi xarakter almışdır. Ermənilər 1988-ci ildən etibarən Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatlara başlamış və bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnmişdir. Keçmış Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüş, torpaqlarımızın 20 faizdən çox hissəsi işğal edilmiş, minlərlə insan hərbi əməliyyatlar nəticəsində həlak olmuş, itkin düşmüş, ermənilər tərəfindən əsir və girov götürülmüşdür. Beləliklə, Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş və minlərlə insanın əzəli yurd yerlərindən kütləvi surətdə və zorakılıqla didərgin salınması ilə yaddaşlara yazılmışdır.

Azərbaycanlıların İrəvandan deportasiyasının sonuncu və ən dəhşətli mərhələsi 1988-1991-ci illərdə həyata keçirilmişdir. Həmin dövrdə azərbaycanlılar yaşayan kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və əhaliyə silahlı basqınlar edilirdi. Azərbaycana gedən bütün yollar üzərində silahlı quldur dəstələr dayanaraq yaşayış yerlərini tərk etməyə məcbur olan ailələrə yollarda divan tutur, əmlaklarını qarət edir, özlərini isə qətlə yetirirdilər. Beləliklə, 1988-ci ildən başlayaraq ermənilərin xalqımıza qarşı həyata keçirdikləri deportasiya siyasəti nəticəsində yüz minlərlə soydaşımız öz tarixi etnik torpaqlarından zorla çıxarılmış, onlara məxsus evlər zəbt olunmuş, şəxsi, eyni zamanda kollektiv təsərrüfatların əmlakı talan edilmiş, insanlara ağlasığmaz işgəncələr verilmişdi. Bütün bunlar hər zaman yaxın qonşu hesab etdiyimiz, süfrəmizdə oturtduğumuz nankor ermənilərin Azərbaycan xalqına bəslədikləri kin-küdurətin, xəbisliyin təzahürü olmuşdu.

30 il torpaqlarımızı işğal altında saxlayan ermənilər öz doğma yerlərindən azərbaycanlıların izlərini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi-mədəni abidələri, dini yerləri, məktəb, xəstəxana və digər binaları darmadağın etmiş, şəhər, kənd və qəsəbələri yer üzündən silmişlər. Vaxtilə çar Rusiyası tərəfindən İrəvana köçürülən, tarixən azərbaycanlılara düşmən olan ermənilər Qərbi azərbaycanlıları İrəvandan zorla çıxararaq burada monodövlət yaratmış və özgə torpaqlarında qurduqları dövlətin ərazisini genişləndirmək niyyəti ilə işğalçılıq siyasətini uzun illər ərzində davam etdirmişlər. Məskunlaşdıqları kənd, rayon və qəsəbələrin adlarını dəyişərək erməniləşdirmiş,  özlərindən başqa heç bir millətin yaşamadığı Ermənistan yaratmaq üçün dövlət səviyyəsində mütəmadi olaraq etnik təmizləmələr aparmışlar.

İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz təmin olundu. 30 il erməni əsarətində qalan ərazilərimiz düşməndən geri alındı. İki ildən artıqdır ki, azad olunmuş ərazilərimizdə yenidənqurma işləri aparılır. Yer üzündən silinmiş şəhər və kəndlərimizin yenidən yaradılması, bərpa olunması istiqamətində görülən işlər geniş vüsət alıb. Keçmiş Qarabağ münaqişəsi zəminində öz doğma torpaqlarından didərgin düşmüş Qərbi azərbaycanlıların yurd yerlərinə qayıtması istiqamətində genişmiqyaslı layihələr reallaşdırılır. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə artıq Böyük Qayıdışın ilk mərhələsi həyata keçirilib. 30 il elindən-obasından ayrı düşmüş vətəndaşlarımızın yurd həsrətinə son qoyan Azərbaycan Prezidenti işğaldan azad olunmuş bütün ərazilərimizə Böyük Qayıdışın reallaşması, insanların əzəli yurd yerlərində əbədi, rahat yaşamaları üçün bütün imkanları səfərbər edib.

Ötən il avqust ayının 3-də 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adının dəyişdirilərək "Qərbi Azərbaycan İcması" adlandırılması, icmanın yeni Nizamnaməsinin təsdiq olunması, Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturların yaradılması ölkə başçımızın bu istiqamətdə həyata keçirdiyi siyasətin uğurlu nəticəsidir. 1988-1991-ci illərdə ermənilər tərəfindən doğma evlərindən zorla çıxarılıb deportasiya edilən azərbaycanlılar barədə düzgün faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurum olan Qərbi Azərbaycan İcmasında 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanmış və bu istiqamətdə işlər bu gün də davam etdirilir.

2022-ci il dekabr ayının 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı müzakirə edilən məsələlər, o cümlədən Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı Azərbaycan tərəfindən həyata keçirilən işlər və Qərbi Azərbaycana qayıdışla bağlı səslənən fikirlər bir daha sübut edir ki, ölkə başçısının həyata keçirdiyi məqsədyönlü siyasət, Azərbaycanın bütövlüyünün təmin edilməsi hər bir vətəndaşın hüquqlarının qorunmasına xidmət edir. Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının reallaşması istiqamətində Azərbaycan dövləti fəal iş aparır.

Mehparə ƏLİYEVA,

"Respublika".