Qətiyyətli Liderin böyük Zəfəri
Siyasət

Qətiyyətli Liderin böyük Zəfəri

Qəlbində dərin nisgilə çevrilmiş torpaq həsrətinə son qoyaraq 2020-ci ilin sentyabr-noyabr aylarında işğal faktını aradan qaldıran Azərbaycan xalqı möhtəşəm tarixi zəfərindən qürur və fəxarət hissi keçirir. 30 il müddətində davam edən münaqişəyə cəmi 44 gün müddətində son qoymağı bacaran, müzəffər Ordumuzun qazandığı strateji əhəmiyyətli hərbi qələbələrlə təcavüzkar Ermənistanı diz çökdürən, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ən yeni tariximizə Zəfər Sərkərdəsi kimi möhürünü vurmuşdur.

8 Noyabr - Zəfər Günü ərəfəsində hər bir azərbaycanlı dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin sevincini yaşayır, torpaqlarımızın işğaldan azad edilməsindən fəxarət hissi keçirir. Azərbaycan 30 illik barışmaz mübarizə mərhələsinin məntiqi yekunu olaraq, beynəlxalq hüquq normalarını, BMT qətnamələrinin icrasını məhz döyüş meydanında -"Dəmir yumruğu" sayəsində bərpa etmişdir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi daim qürur duyğuları ilə xatırlanacaq.

Ötən illərin təhlili göstərir ki, məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxarmışdır. 2003-cü ildən bu yolu uğurla davam etdirən, Ulu Öndərin siyasətinə sadiq qalan Prezident İlham Əliyev Azərbaycan xalqını illərdir həsrətində olduğu Qələbə sevincinə qovuşdurmuşdur.

Son 18 ildə çevik xarici siyasət yürüdən Azərbaycan Respublikasının xarici siyasətdə müəyyənləşdirdiyi əsas hədəflərdən biri də Ermənistanın təcavüzkarlıq siyasətinin qlobal miqyasda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün doğurduğu təhdidlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olmuşdur. Respublikamız diplomatik

fəaliyyət sferasında məhz hücum taktikasından çıxış edərək, Ermənistanın və ermənipərəst dairələrin məkr və iftira üzərində qurulmuş saxta təbliğatını ifşa etmişdir. İqtisadi-siyasi müstəvilərdə üstünlüyü ələ alan respublikamız 44 günlük Vətən müharibəsinin başlanmasına qədər Ermənistanın işğalçı siyasət yürüdən, özünü qlobal iqtisadi layihələrdən təcrid edən, Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən və sülh danışıqlarını pozmağa çalışan dövlət kimi tanınmasına nail olmuşdur.

Dövlət başçısı cənab İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlanmasına qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda respublikamızın qətiyyətli mövqeyini təmin etmişdir. Rəsmi Bakının 30 ilə yaxın müddətdə nəticəsiz qalmış danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri də məhz respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda, əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt qazanmaq məramı olmuşdur. Başqa sözlə, Ermənistanın destruktiv davranışları səbəbindən danışıqlar prosesinin heç bir real nəticə vermədiyini diqqətə çəkən rəsmi Bakı hərb yolunun qaçılmazlığını beynəlxalq səviyyədə əsaslandırmışdır.

Xatırlatmaq lazımdır ki, 2018-ci ildə inqilab yolu ilə hakimiyyətə gəlmiş Nikol Paşinyanın danışıqların uzun illər ərzində formalaşmış formatını dəyişmək, Qarabağdakı qeyri-qanuni rejimi münaqişə tərəfi kimi qəbul etdirmək cəhdləri, ciddilikdən uzaq olan "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı, Azərbaycan ərazilərinə qanunsuz səfərlər etməsi, Şuşa şəhərində yallı getməsi qarşı tərəfin sülh danışıqlarında maraqlı olmadığını aşkar şəkildə göstərmişdir. Eyni zamanda, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın 2019-cu ilin martında ABŞ-a rəsmi səfəri zamanı səsləndirdiyi "Yeni torpaqlar üçün yeni müharibə" çağırışı, 2020-ci ilin iyul ayına təsadüf edən Tovuz döyüşləri, avqust ayında diversiya hazırlayan erməni təxribatçı qrupunun zərərsizləşdirilməsi Vətən müharibəsi ərəfəsində gərginliyi pik həddə çatdırmışdır. Ermənistan tərəfinin bu qəbildən olan təhrikedici bəyanatları və destruktiv hərəkətləri Bakı tərəfindən haqlı olaraq sülh danışıqlarından imtina cəhdi kimi qiymətləndirilmişdir.

Bütün bunların fonunda münaqişənin sülh yolu ilə həlli istiqamətindəki cəhdlərin iflasa uğraması, Ermənistanın destruktiv davranışlarını davam etdirməsi münaqişənin yenidən alovlanmasına gətirib çıxarmışdır. Hərbi əməliyyatları şərtləndirən əsas səbəblərdən biri də Ermənistanın təxribatçı əməllərinin miqyasının 2021-ci ilin iyul-sentyabr aylarında daha da genişləndirməsi, İrəvanın güc yolu ilə ölkəmizin digər ərazilərini ələ keçirmək niyyətini açıq şəkildə bəyan etməsi olmuşdur. Nəhayət, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "İrəli!" əmri əsasında Azərbaycan Ordusu düşmənin təxribatlarına, ümumilikdə işğalına son qoymaq üçün sentyabrın 27-dən etibarən sonradan "Dəmir yumruq" adlandırılan genişmiqyaslı əks-həmlə əməliyyatlarına başlamışdır.

Hərbi əməliyyatların davam etdiyi günlərdə informasiya savaşının da önündə dayanan Azərbaycan Prezidenti İlham Əliyev yüksək diplomatik məharətlə münaqişənin tarixi, danışıqlar mərhələsinin nəticəsiz qalmasının əsas səbəbləri, Ermənistanın qeyri-konstruktiv davranışlarının, ərazi ilhaqı siyasətinin, ağır müharibə cinayətlərinin region üçün təhdidləri, beynəlxalq təşkilatların qətiyyətsiz davranışları, habelə Azərbaycanın hərbi əməliyyatların dayandırılması ilə bağlı beynəlxalq hüquqa əsaslanan şərtlərini bəyan etmişdir. Həmin günlərdə sosial şəbəkələr Azərbaycanda populyarlıq qazanmış, insanlarımız dövlət rəhbərinin rəsmi "Twitter" səhifəsini diqqətdə saxlamış, Azərbaycan Televiziyası ilə yeni qələbə müjdələrini bir-biri ilə paylaşmışlar.

Miskin və çarəsiz vəziyyətə düşən düşmən mülki şəxsləri hədəfə almaqla döyüş meydanındakı uğursuzluqlarını ört-basdır etməyə çalışmışdır. Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisini qorxutmaq olsa da, bunun tamamilə əksi baş vermiş, xalqımız Ali Baş Komandan və ordu ətrafında daha sıx birləşmişdir. Döyüş bölgəsindən xeyli uzaq, mülki əhalinin sıx yaşadığı ərazilərin ağır artilleriyadan, uzaqmənzilli raketlərdən atəşə tutularaq dinc insanlara qarşı müharibə cinayətlərin törədilməsinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Ermənistanın dinc əhaliyə qarşı qadağan olunmuş fosforlu bombalardan, kaset tipli silah-sursatlardan istifadə etməsi onun insanlıq əleyhinə müharibə cinayətlərindən olmuşdur. Fosforlu bombadan istifadə olunmasının qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər mövcuddur. 1968-ci il tarixli Sankt-Peterburq deklarasiyası, müharibə qurbanlarının qorunması haqqında 1949-cu il Cenevrə konvensiyaları və əlavə protokollar, "Adi silahların konkret növləri haqqında konvensiyaya" üçüncü protokol, 1980-ci il tarixli "Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi silahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə" konvensiya, 2008-ci il tarixli "Kaset tipli silah-sursatlar haqqında" Konvensiya buna konkret misallardır. Lakin ermənilər bu sənədlərin tələblərini kobud surətdə pozmuş, bundan əlavə 1949-cu il 12 avqust tarixli Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair dördüncü Cenevrə Konvensiyası və 1977-ci il beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına birinci əlavə protokolun, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın, "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırılma haqqında" konvensiyanın, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" konvensiyanın normalarına əməl etməmişdir.

44 günlük Vətən müharibəsi dövründə 300-dən çox yaşayış məntəqəsinin, strateji yüksəkliklərin, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrinin, Xocavənd rayonunun bir hissəsinin, Murovdağ dağ silsiləsinin, Laçın və Kəlbəcər rayonlarının bir hissəsinin, nəhayət noyabrın 8-də qədim Şuşa şəhərinin işğaldan azad olunması Ermənistanın hərbi-siyasi kapitulyasiyasını qaçılmaz prosesə çevirmişdir. Əks-həmlə əməliyyatlarının zaman keçdikcə daha uğurlu nəticələrlə müşayiət olunması, Silahlı Qüvvələrimizin Şuşa şəhərindən cəmi 1 gün sonra 70-dən çox yaşayış məntəqəsini işğaldan azad etməsi Ermənistanın hərbi-siyasi rəhbərliyini ağır ruhi sarsıntı və məğlubiyyətə məhkum etmişdir.

Azərbaycan hərb meydanında layiqli zəfər qazanmaqla düşməni kapitulyasiyaya məcbur etmiş, Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli 10 noyabr bəyanatı ölkəmizin ərazi bütövlüyünün bərpası və təcavüzkar tərəfin "ikinci erməni dövləti qurmaq" iddialarının iflası ilə nəticələnmişdir. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın əks-həmlə əməliyyatları münaqişə regionundakı "status-kvo" və təmas xətti anlayışlarını aradan qaldırmışdır.

Noyabrın 10-da imzalanmış üçtərəfli məlum bəyanat Ermənistanın hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, Azərbaycanın bu ölkənin kapitulyasiyası üçün irəli sürdüyü şərtlərin rəsmiləşdirilməsi olmuşdur. Üçtərəfli bəyanatla Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmağa məcbur olması birmənalı olaraq Azərbaycanın tarixi uğurudur.

44 günlük müharibə, eyni zamanda, Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirmişdir. Həmin günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmamış, onun iradəsinə mənfi təsir göstərməmişdir. Ermənilərin təxribatlarına, vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Beyləqan, Yevlax, Bərdə, Goranboy, Ağdam, Naftalan və digər rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə və əzm nümayiş etdirmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin son 1 ildə açıqlama və çıxışlarında, müsahibələrində Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətlərinə, vandalizm aktlarına geniş yer verməsi ölkəmizin informasiya cəbhəsində üstünlüyünü təmin etmiş, aşkar təcavüzkarlıq siyasəti yürütmüş bədxah qonşumuzun beynəlxalq arenada ifşası prosesini sürətləndirmişdir. Diplomatik nümayəndələrin, əcnəbi jurnalistlərin, rəsmi şəxslərin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərinin təşkili Ermənistanın ağır müharibə cinayətlərinin dünyaya nümayişi, eləcə də İrəvanın beynəlxalq məhkəməyə verilməsinə hüquqi zəmin yaradılması baxımından əhəmiyyətli olmuşdur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 21 oktyabr 2021-ci il tarixdə yaydığı bəyanatda vurğulanır ki, Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilmişdir. Ermənistanın cinayətkar əməlləri bir neçə beynəlxalq konvensiyanın pozulmasını özündə ehtiva etdiyi üçün hər bir konvensiya üzrə xüsusi şikayətetmə proseduru təmin edilmişdir. Beynəlxalq şirkətlərin iştirakı ilə dəymiş ziyanın hesablanması və Ermənistanın beynəlxalq məhkəməyə verilməsi, eyni zamanda təcavüzkarın beynəlxalq miqyasda ifşasına xidmət edən vacib hüquqi addımdır.

Ermənistanın transmilli cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən davamlı fəaliyyət həyata keçirilmiş, xarici ölkələrin ədliyyə nazirlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Uşaq Fonduna (UNİCEF), Dünya Bankına, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinə, Ümumdünya Səhiyyə Təşkilatına və qurumun Avropa Regional Bürosuna, Qlobal Fonda (səhiyyə üzrə), Beynəlxalq Antikorrupsiya Orqanları və Beynəlxalq Prokurorlar assosiasiyalarına, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna müraciətlər ünvanlanmışdır.

Avropa Şurasına üzv dövlətlərin ədliyyə nazirlərinin video konfransında Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozması, uşaqlar və qadınlar da daxil olmaqla yüzlərlə mülki vətəndaşların həlak olması və yaralanması faktları diqqətə çatdırılmışdır. Eyni zamanda, insanlıq əleyhinə müharibə cinayətləri ilə bağlı Ermənistan tərəfinin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli olduğu qeyd edilmişdir. "Qarabağ Azərbaycandır!" elektron məlumat platformasının yaradılması da Azərbaycan həqiqətlərinin təbliğində və geniş yayılmasında mühüm vasitə kimi olduqca faydalıdır.

Onu da xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi təşəbbüsü ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir. Azərbaycanda məhkumların cəzasının çəkilməmiş hissəsindən azad edilməsi - bağışlanması müsbət ənənəyə, dövlətin vətəndaşlarına mərhəmətli və humanist yanaşmasının əyani təzahürünə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə 34 əfv fərmanı imzalaması məhkum olunmuş şəxslərin və onların yaxınlarının müraciətlərinə humanist və insanpərvər yanaşma nümunəsidir. 1993-cü ildən bu günədək ölkədə ümumilikdə 66 əfv fərmanı imzalanmış, 7000-dək məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, xeyli qisminin cəzası yüngülləşdirilmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-2016-cı illərdə Milli Məclisin 4 amnistiya aktı qəbul etməsi cəzanın tərbiyəvi əhəmiyyətinin ictimai şüurda möhkəmlənməsini təmin edən addımlar kimi yüksək qiymət almışdır.

8 Noyabr - Zəfər Günü ərəfəsinə təsadüf edən növbəti amnistiya aktı əhatə dairəsinə, miqyasına görə indiyə qədərki aktlardan fərqlənir. Amnistiya aktının preambula hissəsində göstərildiyi kimi, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırmış, Azərbaycan dövlətçiliyini daha da gücləndirmişdir. Belə bir mərhələdə amnistiyanın elan olunması hələ ulu öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin davam etdiyinin göstəricisidir.

Amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı nəzərdə tutulur.

Prezident İlham Əliyev 2021-ci il sentyabrın 27-də Anım Günü ilə bağlı xalqa müraciətində erməni faşizminin məhv edildiyini, düşmənin revanş cəhdlərinin qarşısının alınacağını bir daha bəyan etmişdir: "Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!"

Münaqişə mərhələsi başa çatsa da, 8 noyabr 2020-ci il tarixdən - şanlı Zəfərdən başlanan yeni tariximiz davam edir. Azərbaycanın ədliyyə və məhkəmə orqanlarının işçiləri əmindirlər ki, bu tarixi Zəfərin nəticəsi olaraq regionda formalaşmış yeni geosiyasi vəziyyət ölkədə müasirləşmə tədbirlərini, o cümlədən məhkəmə- hüquq islahatlarını daha da genişləndirəcək, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsində keyfiyyətcə yeni səhifə açacaqdır.

Abbas RZAYEV,

Binəqədi Rayon Məhkəməsinin hakimi.