QƏTİYYƏTLİ VƏ MÜSTƏQİL SİYASƏTİN MÜKƏMMƏL NÜMUNƏSİ
Siyasət

QƏTİYYƏTLİ VƏ MÜSTƏQİL SİYASƏTİN MÜKƏMMƏL NÜMUNƏSİ

Beynəlxalq hüququn işləmədiyi bir şəraitdə Azərbaycan öz maraqlarını layiqincə təmin edir

Gərgin və ziddiyyətli beynəlxalq münasibətlərin  ortaya qoyduğu həqiqətlərdən biri dünyada hərbi-siyasi hegemonluğun bütün əlamətlərinin üzə çıxmasıdır. Xüsusən bu gün Ukraynada davam edən münaqişə göstərir ki, artıq qütbləşmə sadəcə bir qitəyə aid reallıq olmayacaq. Dünyanın hərbi qütbləşməsi əvvəllər də müşahidə edilən bir proses idi və Ukraynada baş verənlər bu prosesin daha da intensivləşdiyini göstərir.

 

Son iki ayın reallıqları Azərbaycanın öz milli mənafelərini inamla qorumasından xəbər verir

Çağdaş reallıqlardan biri həm də odur ki, dünyada gedən mürəkkəb proseslərin fonunda faktiki olaraq beynəlxalq hüquq işləmir. Dövlətlər arasında etimadsızlıq mühiti formalaşmaqda və dərinləşməkdədir. Təbii ki, belə bir beynəlxalq şəraitdə hər bir dövləti ilk növbədə özünün milli maraqları düşündürür. Hər bir dövlət yaranmış vəziyyətdən öz mənafeləri naminə yararlanmağa çalışır. Amma heç bir dövlət bu prosesdə müstəqil siyasət yürüdə bilmir.

Təbii ki, bu kontekstdə bizi sevindirən əsas məsələ dünyanın geosiyasi və geoiqtisadi dəyişikliklər, birqütblü dünyanın çöküşü və çoxqütblü dünyanın cizgilərinin daha qabarıq şəkildə özünü göstərdiyi reallıqda Azərbaycanın  müstəqil və qətiyyətli siyasət həyata keçirməsidir. Azərbaycan heç bir siyasi-hərbi qütbün təsiri altında deyil və öz siyasətini kənar diqtələr altında formalaşdırmır.

Bu il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən Forumda Prezident İlham Əliyev bununla bağlı deyib: «Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik».

Müstəqil siyasət kursu olan Azərbaycan öz milli maraqlarını da inamla təmin edir.  Bunun ən böyük təsdiqi 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi oldu.  2 il əvvəl Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın yüksəlişinin, ordumuzun yüksək döyüş qabiliyyətinin təcəssümü olan bu  qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, respublikamızın  ərazi bütövlüyü bərpa olundu. Vaxtilə danışıqlar yolu ilə müzakirə olunan məsələləri, tarixin arxivinə göndərilən Minsk qrupu formatında yoluna qoyulmayan problemi Azərbaycan güc yolu ilə, "dəmir yumruq"la həll etdi. Bu hadisə yalnız müasir müstəqilliyimizin deyil,  bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri olaraq tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı, Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu.  İndi həm torpaqlarımız azaddır, həm də dövlət sərhədlərimiz tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. 

Son iki ayda baş verənlər – Ermənistanın hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması, Prezident İlham Əliyevin Praqada ölkəmizə qazandırdığı növbəti diplomatik  qələbə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılması və Azərbaycanın təbii qazının Avropa İttifaqına ixracı imkanlarının artması göstərir ki, respublikamız ziddiyyətli beynəlxalq münasibətlər şəraitində özünün milli maraq və mənafelərini təmin edir.

 

Azərbaycan Ermənistanı sülhə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qətiyyətlə məcbur edir

Məlumdur ki, Vətən müharibəsinə qədər Ermənistan rəhbərliyinin əsas məqsədi status-kvonu qoruyub saxlamaq, Azərbaycanın torpaqlarının işğalını hər vəchlə uzatmaq idi. Ermənistan və dünya erməniliyinin fikrincə, zaman keçdikcə, nəsillər dəyişdikcə, Azərbaycan vəziyyətlə barışacaq, reallığı qəbul edəcəkdi. Lakin yanılırdılar, 44 günlük müharibənin nəticəsində işğalçının bütün planları alt-üst oldu. Azərbaycanın qələbəsi, torpaqlarımızın işğalına son qoyulması ilə başa çatan bu savaş həm də yeni reallıqlar yaratdı. Bu reallıqların bir istiqamətini işğaldan azad edilmiş ərazilərimizin bərpası,  digər istiqamətini Ermənistanın üzərinə götürdüyü öhdəliklər təşkil edir. Azərbaycanın Ermənistanın üzərinə qoyduğu öhdəliklər 10 noyabr Bəyanatında təsbit olunub. Eləcə də Moskvada, Soçidə və Brüsseldə keçirilən görüşlərdə  sərhədlərin delimitasiyası, regionda nəqliyyat əlaqələrinin bərpası ilə bağlı mühüm razılaşmalar əldə edib.

Amma bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti 2020-ci ilin noyabrından 2022-ci ilin oktyabr ayına qədər həm də imzaladığı bəyanatların, üzərinə götürdüyü öhdəliklərin ruhuna və məzmununa uyğun olmayan davranış ortaya qoyub. 10 noyabr Bəyanatının müddəaları demək olar ki, icra olunmayıb. Məsələn, Qarabağda hələ də Ermənistan ordusunun qalıqları qalmaqdadır. O cümlədən Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı öhdəliklərinə də əməl etməyib.

Bu il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaldan Prezident İlham Əliyev bununla bağlı deyib: «Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib». 

İrəvan bu hərəkətləri ilə sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edib və beləliklə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasından və bütövlükdə əlaqələrin normallaşdırılması prosesindən boyun qaçırıb.  44 günlük müharibənin başa çatmasından sonra bir neçə dəfə iri hərbi toqquşmaların baş verməsi də Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri sabotaj etmək niyyətindən irəli gəlib.

Sentyabr ayının 12-14-də  dövlət sərhədi istiqamətində baş verən növbəti iri hərbi toqquşma isə Ermənistanın sülh danışıqlarını ləngitmək, öhdəliklərini yerinə yetirməmək üçün davamlı hərbi  təxribatlarının pik nöqtəsi oldu. Məlum olduğu kimi, avqustun 31-də keçirilmiş növbəti Brüssel görüşünün əsas məqamlarından biri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı razılığa gəlinməsi idi. Bununla bağlı hər iki tərəfin xarici işlər nazirlərinə müvafiq tapşırıqlar verilmişdi. Sonrakı günlərdə Azərbaycan dövləti humanizm prinsiplərini rəhbər tutaraq, beş erməni hərbçisini azad etməklə xoşməramlı niyyətini ortaya qoymuşdu. Lakin bütün bunlara rəğmən Ermənistan yenə də danışıqları, razılaşmaları sabotaj etmək yolunu seçərək sentyabrın əvvəllərindən etibarən Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutmağa başlamışdı.  Həmin gün təxribatçı əməllərini daha da genişləndirən düşmənin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefindən və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdilər. Bununla yanaşı, sentyabrın 12-dən 13-nə keçən gecədən Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqları və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutuldu. Nəticədə şəxsi heyət arasında itkilərimiz oldu, hərbi infrastruktura ziyan dəydi.

 Təbii ki, vəziyyət belə qala bilməzdi və Ermənistanın təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ordumuzun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü.

Ermənistan rəhbərliyi hər dəfə belə təxribatlarının iflasa uğramasından sonra ora-bura zəng edir, xarici siyasi mərkəzlərdən dəstək diləyir. Bu dəfə də eyni hal təkrarlandı. Paşinyan bütün gecəni telefon aparatlarının arxasında keçirdi, zəng etmədiyi dövlət başçısı qalmadı, Azərbaycandan şikayət etdi, ordan-burdan kömək istədi. Amma təbii ki, bütün bunlar Azərbaycanın Ermənistanı cəzalandırma tədbirlərinin qarşısını ala bilməzdi. Necə ki, 44 günlük müharibədə Azərbaycan Ordusu işğalçılara döyüş meydanında divan tutmuşdu. Bu dəfə də Ermənistan üz tutduğu dövlətlərdən və təşkilatlardan heç bir dəstək ala bilmədi. Törətdiyi təxribatı bumeranq effekti verərək özünə dəyən Ermənistan nə qədər hay-küy salsa da, niyyətinə çatmadı. 

Sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaltdıqdan sonra çıxış edən Prezident İlham Əliyev demişdir: "Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq". 

Həmin günlərdə Ermənistan rəhbərliyinin bu şəkildə hərəkətə keçməsi planlaşdırılmış bir fəaliyyətdən xəbər verirdi. Gecə ilə təhlükəsizlik şurasının iclasının keçirilməsi, müxtəlif dövlətlərin başçılarına edilən telefon zəngləri, Ermənistanın beynəlxalq təşkilatlara müraciəti, bu ölkənin ombudsmanının, ayrı-ayrı ölkələrdəki erməni təşkilatlarının  dərhal bəyanatla çıxış etmələri bunu təsdiqləyirdi. Bu, həm də erməni məkrinin göstəricisi idi. Onlar bir daha bədnam xislətlərini ortaya qoyaraq saxta məlumatlar yaymaqdan belə çəkinmədilər.

 

Praqa görüşü: Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi

  Əlbəttə, baş verənlərdə Ermənistanın münasibətlərin normallaşdırılması prosesindəki destruktiv mövqeyi də əsas rol oynadı.  Hələ Vətən müharibəsindən əvvəlki dönəmdə danışıqlar prosesinin gedişatı göstərir ki, hansısa irəliləyiş məqamında və hansısa razılaşma üçün şərait yarananda İrəvan cəbhə xəttində təxribat törədib. Eyni xətti bugünkü Ermənistan rəhbərliyi də davam etdirməyə cəhd göstərir. Belə ki, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması, qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində prosesin pozulmasına yönəlmiş şərtlərin irəli sürülməsi, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi İrəvanın münasibətlərin normallaşdırılmasının qarşısını almağa hesablanmış məqsədyönlü və destruktiv fəaliyyətinin göstəricisidir. Beləliklə,  sentyabr döyüşlərinin ortaya çıxardığı əsas həqiqət o  oldu ki, Ermənistan münasibətlərin normallaşmasında və bütövlükdə sülh prosesində maraqlı deyil.

Amma bu avantüra Ermənistanın özünə baha başa gəldi. Çünki döyüşlərin sonu Azərbaycanın növbəti hərbi zəfəri kimi tarixə düşdü. Azərbaycan Ermənistan üzərində siyasi-hərbi üstünlüyünü daha da gücləndirdi. Nəticə etibarilə bu hadisə həm də Ermənistanın öhdəliklərini yerinə yetirməyə məcbur edilməsi oldu.

Bu baxımdan, sentyabr döyüşləri Azərbaycanın öz milli maraqlarını təmin etməsi, Vətən müharibəsinin yaratdığı yeni reallıqların icrası istiqamətində mühüm mərhələnin başlanması oldu. Oktyabrın 6-da keçirilən Praqa görüşündə əldə edilən razılaşmalar da göstərir ki, Azərbaycan Ermənistanı sülhə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qətiyyətlə məcbur edir.

Praqa görüşünün gərgin keçəcəyi gözlənilirdi. Çünki dördtərəfli danışıqların iştirakçısı olan Fransa hər zaman ermənipərəst siyasət həyata keçirib. Bunu nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. N.Paşinyan Fransanın dövlət başçısı Emmanuel Makronun da iştirak etdiyi görüşdə özünü arxayın aparır, rəsmi Paris də İrəvanı dəstəklədiyini gizlətmirdi. Paşinyanın həm dördtərəfli görüş, həm də ümumilikdə Zirvə Toplantısı çərçivəsində ancaq Fransa prezidenti Emmanuel Makrona güvəndiyi, ona sığındığı davranışlarından bəlli olurdu.

Məlum olduğu kimi, sərhəddə baş vermiş insidentlərə görə Fransa Azərbaycana ilk gündən təzyiq göstərməyə cəhd etməyə çalışırdı. Ehtimal etmək olardı ki, Praqa görüşündə də Ermənistan və Fransa sərhəddə baş vermiş son hadisələrə görə Azərbaycana təzyiq göstərmək istəyəcəklər. Lakin Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi. 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Sonda qəbul olunan Bəyanat da bunu təsdiqləyir. Bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi və 1991-ci ildə Alma-Atada imzalanmış bəyannamə əsas kimi götürüldü. Bəyannamədə deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır”. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyini tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətində tanımış oldu.

Bu bəyanatın Praqa toplantısında qəbul olunması və qarşılıqlı ərazi bütövlüyünün Azərbaycanın, Ermənistanın, Fransanın, Avropa İttifaqı Şurasının iştirakı, Avropanın demək olar bütün siyasi rəhbərlərinin şahidliyi ilə vurğulanması böyük tarixi hadisədir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması isə İlham Əliyevin bu istiqamətdə davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir.  

Xatırladım ki, 21 dekabr 1991-ci ildə Alma-Ata şəhərində Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan MDB-yə qoşulmaq haqqında ümumi razılığa gələrək “Alma-Ata Bəyannaməsi” qəbul olunub. “Alma-Ata Bəyannaməsi”ndə deyilir ki, sənədə imza atan müstəqil ölkələrin münasibətləri dövlətlərin suverenliyi, bərabərlik və daxili işlərə qarışmama prinsipləri, qarşılıqlı tanınma və hörmət əsasında inkişaf edəcək. Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək. Bundan başqa, MDB üzvləri insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin və beynəlxalq münasibətlərin digər tanınmış prinsip və normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcək. Bəyannamədə, həmçinin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də qeyd olunub. Məhz “Alma-Ata Bəyannaməsi”nin qəbul olunduğu sammitin imzaları nəticəsində Azərbaycan və Ermənistan BMT-yə qəbul edilib.

Praqa görüşündən əldə olunan digər mühüm nəticə odur ki, nə Ermənistan, nə də dördtərəfli görüşün digər iştirakçıları sülh müqaviləsinin bağlanması üçün Azərbaycan tərəfindən irəli sürülmüş 5 baza prinsipinə qarşı heç bir etiraz bildirmədilər. Yəni, dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılmasını da əhatə edən 5 baza prinsipi sülh prosesinin əsası kimi artıq qəbul olunmuşdur.

Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə  inteqrasiyası isə Azərbaycan Konstitusiyasına müvafiq olaraq planlı şəkildə dövlətimiz tərəfindən təmin olunacaq. Praqa Bəyanatından sonra Ermənistanın bu kimi məsələlərə qarışması digər dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev Praqada Azərbaycan televiziyalarına müsahibəsində bununla bağlı həm Ermənistana, həm də ona havadarlıq edənlərə zəruri mesajlarından birini verdi: “Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, -bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla... Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”.

Demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda heç vaxt vətəndaşlar arasında etnik mənşəyinə və ya dini etiqadına görə fərq qoyulmayıb. Konstitusiyamızın 5-ci maddəsində təsbit edilib ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan bu məsələnin həllini heç bir məcburiyyət tətbiq etmədən erməni əsilli əhalinin seçiminə uyğun həll edəcək. Kim Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirsə, özü üçün başqa yaşayış yeri seçə bilər. Azərbaycanda yaşamağı seçən ermənilər üçün isə tədricən Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi işə düşəcək. Bu, əlbəttə, çox məsuliyyətli, diqqət tələb edən bir prosesdir, lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu məsələnin başqa həll yolu yoxdur.

Praqa Bəyanatı həm də erməni siyasətçiləri tərəfindən yerli-yersiz ortaya atılan məntiqsiz iddiaların və şərtlərin irəli sürülməsinin qarşısını alır. Belə ki, Ermənistan siyasi rəhbərliyi tez-tez öz bəyanatlarında sülhün əldə olunmasını Qarabağda yaşayan ermənilərin hüquqları və ya “statusu” ilə bağlamağa cəhd edir və bununla da prosesi ləngitməyə çalışırdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ermənistan tərəfindən bir daha tanınması artıq bu kimi şərtlərin irəli sürülməsinin qarşısını alır və faktiki olaraq Ermənistanı Azərbaycan tərəfindən irəli sürülmüş məlum beş prinsip əsasında sülh bağlamağa məcbur edir.

Artıq bütün dünya ictimaiyyəti də aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Bəli, məhz Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyəti reallığı dünya ictimaiyyətinə qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir.

 

Sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində fəaliyyət göstərəcək

Praqada əldə olunan razılaşmalardan biri sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsidir. Bu razılaşma da Azərbaycanın maraqlarına tam cavab verir. Məlumdur ki, Vətən müharibəsi başa çatandan sonra rəsmi Bakı sərhədlərin delimitasiyası məsələsi üzərində xüsusi dayanır. Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana təklif etdiyi beş maddəlik prinsipdə də dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi var. İndi isə İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinə razılıq verib. Məsələnin Avropa İttifaqı kimi nüfuzlu qurumun himayəsi altında razılaşdırılması yaxın zamanlarda bu sahədə irəliləyişin əldə olunacağına ümid verir.

Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz edib. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırılıb ki, missiya yalnız Ermənistan ərazisində həyata keçiriləcək. Azərbaycan yalnız öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. İrəvan bununla həm də Rusiyaya qarşı yeni və kəskin addım atmış oldu. Xatırladaq ki, Nikol Paşinyan sərhədə beynəlxalq missiyanın dəvət olunması təklifi ilə hələ bir müddət əvvəl çıxış etmişdi. Onun bu təklifi isə Rusiya tərəfindən kəskin etirazla qarşılanmışdı.

Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanatla tənzimlənir. Həmin sənəd qüvvədədir, Zəngəzur dəhlizinin açılması hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü öhdəliyin icrasından nə qədər çalışsa da, yayına bilməyəcək. Azərbaycan Ermənistan rəhbərliyini bu məsələdə üzərinə düşən öhdəliyi yerinə yetirməyə məcbur edəcək. Prezident İlham Əliyev Praqada Azərbaycan televiziyalarına müsahibəsində belə bir fikir də səsləndirdi: “Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.

Bu, Prezident İlham Əliyevin xəbərdarlığı idi. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və Prezidentin xəbərdarlığı göstərir ki, bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.

Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən Praqa danışıqlarında da layiqincə qorundu. Əvvəlki görüşlərdə tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə bir sıra razılaşmalar əldə olunmuşdu. Praqa görüşündə isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə yaxın həftələrdə əməli addımların atılması üçün xüsusi əhəmiyyətə malik olan Bəyanat imzalandı. Prezident İlham Əliyev mahir diplomat kimi beş saatdan çox çəkən danışıqlar prosesində bütün təzyiqləri dəf edərək Azərbaycanın prinsipial mövqeyini qətiyyətli şəkildə müdafiə etdi və əldə edilmiş razılaşmalar tam şəkildə Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət göstərir.

Bir məsələni də qeyd etməliyik ki, Ermənistan nəyin bahasına olursa-olsun, ATƏT-in uğursuz Minsk qrupu formatını, daha dəqiq desək, həmsədrlik institutunu diriltməyə və müxtəlif bəhanələrlə prosesin uzadılmasına, əldə olunmuş razılaşmaların yerinə yetirilməməsinə çalışırdı. Amma buna nail ola bilmirdi və bilmədi də. Ermənistanın və təhrikçilərinin bu istəyi Praqada da həyata keçmədi və Emmanuel Makron Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi deyil, sadəcə, müti, qorxaq Ermənistanın vəkilliyini edən, konkret tərəfin yanında dayanan, yaxud özlərinin də böyük məmnuniyyətlə dilə gətirdikləri kimi “böyük bacı” missiyasını yerinə yetirən Fransanın prezidenti kimi qatılmaq məcburiyyətində qaldı.

 

Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun növbəti təsdiqi

Son iki ayda istər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, istərsə də Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafı nöqteyi- nəzərindən özünü bir daha təsdiq edən həqiqətlərdən biri Prezident İlham Əliyevin yüksək nüfuza və reytinqə malik dövlət başçısı olmasıdır. Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş «Avropa siyasi birliyi» Zirvə Toplantısı çərçivəsində baş tutmuşdu. Həm bu görüş, həm də  Zirvə Toplantısı İlham Əliyevin yüksək nüfuzunu, respublikamızın qlobal məsələlərdə güclü rolunu bir daha təsdiqlədi.

Azərbaycanın region və qlobal miqyaslı məsələlərdə söz sahibi olaraq çıxış etməsi respublikamızın xarici siyasətinin mühüm tərəflərindən biri kimi diqqət çəkir. Bakının qlobal proseslərdə iştirak göstəricisinin ağırlığı, beynəlxalq müstəvidə özünü göstərən problemlərin yoluna qoyulmasına verdiyi töhfələr, irəli sürdüyü təşəbbüslər qlobal səviyyədə ehtiramla qarşılanır. Təsadüfi deyil ki, bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Dünyanın böyük siyasi və iqtisadi dairələri Azərbaycanın regiondakı liderliyini və qlobal siyasətdə rolunu daim yüksək qiymətləndirirlər.

Bütün bunları təmin edən Prezident İlham Əliyev isə dünyanın ehtiram göstərdiyi nüfuzlu siyasi liderdir. Bu mənada, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etməsi Azərbaycan Prezidentinə yüksək beynəlxalq ehtiramın növbəti təcəssümü oldu.  Eyni zamanda, bu dəvət Azərbaycanın beynəlxalq birlikdəki yerinin nə qədər möhkəm, qlobal məsələlərdə oynadığı önəmli rolun nə qədər mühüm olduğunu göstərdi. 

Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində bu barədə deyib: "O ki qaldı Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsinə, bunu, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi - Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır".

 Bu Zirvə Toplantısında Azərbaycan ən yüksək səviyyədə təmsil olundu, sayılıb-seçilən ölkələr arasında öz yerini tutdu. Biz bunu Prezident İlham Əliyevin çıxışı, görüşləri, jurnalistlərlə ünsiyyəti zamanı, onunla qeyri-formal söhbət aparan dövlət başçılarından, həm də formal təşkil olunmuş görüşlərdən və müzakirələrdən bir daha gördük.

Təbii ki, bütün bunları şərtlərindən əsas amil Prezident İlham Əliyevin yürütdüyü siyasətdir. Gərgin qlobal beynəlxalq münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da siyasi lider olaraq ehtiramla qarşılanır. Dövlətimizin başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. “Avropa siyasi birliyi”  Zirvə Toplantısı da bu baxımdan Azərbaycanın qlobal məsələlərdəki güclü rolunu, Prezident İlham Əliyevin yüksək nüfuzunu bir daha təsdiq edən tədbir oldu.

Zirvə Toplantısında diqqətçəkən önəmli məqamlardan biri də iki qardaş ölkənin-Azərbaycan və Türkiyə prezidentlərinin birliyini, qarşılıqlı etimad və etibarını ehtiva edən səmimi davranış tərzi idi. Sammitin keçirildiyi məkanda iki türk liderinin qol-qola gəzərək dünyaya göstərdiyi jest ayrıca bir fərəh doğuran hadisə oldu. Heç şübhəsiz ki, bu tərz bədxahlarımızın və siyasi qısqancların diqqətindən də yayınmırdı. Zirvə Toplantısı bir daha göstərdi ki, ötən illər ərzində ölkələrimizin üzləşdiyi ayrı-seçkiliyə, ikili standartlara və uydurulmuş fobiyalara rəğmən, bu tədbirdə həm də türk dünyasını təmsil edən Azərbaycan və Türkiyə dövlət başçıları yalnız yerləşdiyimiz coğrafiyada deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı şəkildə faydalı və bərabərhüquqlu əməkdaşlığın, dinc birgəyaşayışın və mehriban qonşuluğun tərəfdarıdır.

“Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. İlk dəfə keçirilən bu Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirdi. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etdilər.

Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bu cür siyasi əlaqələndirmə platformaları imkan verir ki, iştirakçı ölkələrin aktual məsələlərə bağlı mövqeyi tərəfdaşların diqqətinə təhrif olunmadan çatdırılsın. Dövlətimizin başçısı Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında məhz bu səbəbdən vurğuladı ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn, xüsusilə ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin gözlənilməsi və bu prinsipin üstün hüquqi qüvvəsinin hamılıqla qəbul olunması əsas şərtdir. Prezident onun da altını cızdı ki, bu prinsipə münasibətdə selektiv yanaşma yolverilməzdir, çünki dünya nizamına artan təhdidlər həm də bundan qaynaqlanır.

Praqa görüşündən bir neçə gün əvvəl isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilmişdir. Serbiya Prezidenti Aleksandr Vuçiçin Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində dediyi sözlər bu baxımdan Prezident İlham Əliyevin Avropada qəbul edilən lider olduğunu təsdiq edir. "Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim", - deyə Aleksandr Vuçiç bildirib.

 

 

Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində iştirakı artıq mümkün deyil

Məlum olduğu kimi, Praqada oktyabrın 6-da keçirilən dördtərəfli görüş Fransa prezidenti E.Makronun təşəbbüsü ilə baş tutmuşdu. Lakin görünən odur ki, Fransa rəhbərliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə razılaşmaq istəmir, yaxud bu prosesdə Azərbaycanın uğurlarını həzm edə bilmir. Çünki Fransa Prezidentinin Praqa görüşündən 6 gün sonra verdiyi müsahibəni başqa cür şərh etmək mümkün deyil.  Praqada vacib razılaşmaların əldə edilməsindən sonra E.Makronun Azərbaycana qarşı yönələn açıqlamaları tamamilə qəbuledilməz, eyni zamanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə qeyri-adekvatdır.

Məlumdur ki, Vətən müharibəsinin, Azərbaycanın öz milli haqqını güc yolu ilə təmin etməsinin ortaya qoyduğu reallıqlardan biri ATƏT-in Minsk qrupu kimi Fransanın maskasının tam cırılması oldu. Bu ölkənin ermənipərəst siyasət yürütməsi əvvəldən də məlum idi. Lakin müharibə günlərində başda Prezident Makron olmaqla Fransanın siyasi dairələri açıq şəkildə Ermənistanın müdafiəsinə qalxdılar. 

Makronun cənab İlham Əliyevə bütün telefon zəngləri ədalətin təmin olunmasına deyil, işğalçının müdafiəsinə xidmət edirdi. Fransa Prezidenti və digər rəsmi şəxsləri Azərbaycanı müharibədə guya muzdlu döyüşçülərdən istifadə etməkdə, yaşayış yerlərini atəşə tutmaqda ittiham etdilər. İstəklərinə çatmadıqda, yəni Azərbaycanı öz milli haqqı uğrunda mübarizə yolundan döndərə bilmədikdə isə məsələnin BMT səviyyəsində müzakirəsinə cəhd göstərdilər. Lakin Qoşulmama Hərəkatına üzv ölkələrin sayəsində Fransanın avantürası baş tutmadı.

44 günlük müharibə dövründə Fransa Prezidenti və bu ölkənin dövlət və hakimiyyət orqanları Azərbaycana qarşı müxtəlif təzyiqlərə əl atsalar da, baş tutmamışdı. Prezident İlham Əliyev sübut etdi ki, heç bir siyasi təzyiq onu yolundan döndərə, torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını ala bilməz. Həm E.Makronun, həm də digər fransız siyasət dairələrinin niyyətləri gözlərində qaldı və Azərbaycan işğal altındakı torpaqlarını azad edərək Ermənistanın kapitulyasiyasına nail oldu. Müharibədən sonra da Fransanın siyasi dairələri Azərbaycan torpaqlarının işğaldan azad olunması faktı ilə barışa bilmədilər. Bunu Fransanın siyasi dairələrinin açıqlamaları, üçtərəfli Bəyanata qarşı çıxmaları təsdiq edirdi. 2020-ci il noyabrın 25-də Fransa senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu bir daha bu ölkənin Ermənistanın işğal siyasətinə dəstək verməsinin aydın sübutu oldu. Belə bir qətnamənin qəbulu beynəlxalq hüquqa olan hörmətsizliklə yanaşı, Fransanın siyasi rüsvayçılığı idi. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, üçtərəfli Bəyanata qısqanclıqla yanaşan Fransa parlamentinin təxribatçı və utancverici addımı idi. Bu baxımdan, Vətən müharibəsində Azərbaycan həm də Fransaya qalib gəldi.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi başlayan gündən Makronun davranışları və açıqlamaları göstərdi ki, o,  Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Ona görə vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu bu ölkənin nüfuzu artıq ciddi şəkildə zədələnib.

 Bütövlükdə Fransanın aşkar ermənipərəst mövqeyi Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nə üçün nəticəsiz qaldığını göstərdi. Müharibə günlərində və sonrakı dövrdə baş verənlər təsdiq edir ki, Fransa münaqişənin dondurulmuş vəziyyətdə qalmasına səy göstərməklə Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsində maraqlı olub. Fransanın niyyətini gözündə qoyan Azərbaycan isə Vətən müharibəsindən sonra da öz milli maraqlarını qətiyyətlə təmin edir. Həm Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, həm də Ermənistan üçtərəfli bəyanatların öhdəliklərini yerinə yetirməyə məcbur edilir. 

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında bu barədə danışan Prezident İlham Əliyev Fransa Prezidentinin faktları manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmağa səy göstərdiyini bildirib: "Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən, demək olar, bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib".

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin yenidən nəzərdən keçirilməsini labüd edir. "Böyük ölkənin prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”, - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində Prezident İlham Əliyevin oktyabr ayında keçirdiyi görüşlər, aparılan müzakirələr, əldə olunan nəticələr təsdiqləyir ki, Azərbaycan öz hədəflərinə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin dediyi kimi, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Bu ölkənin mövqeyinin, rəhbərliyinin nə deməsi  isə Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Torpaqlarını işğaldan güc yolu ilə azad edən Azərbaycan yaranmış yeni reallıqlar fonunda da öz milli maraqlarını qətiyyətlə təmin edəcək.

Ziyad SƏMƏDZADƏ,

akademik.