Qeyri-neft sektorunda istehsalın genişlənməsi iqtisadiyyatın dayanıqlı inkişafına stimul verir
İQTİSADİYYAT

Qeyri-neft sektorunda istehsalın genişlənməsi iqtisadiyyatın dayanıqlı inkişafına stimul verir

Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikası və çoxşaxəliliyi uğurlarımızı şərtləndirən vacib amillərdəndir. Ölkə rəhbərinin dəfələrlə qeyd etdiyi kimi, qeyri-neft sektoru artan templərlə inkişaf edir və bu da yürüdülən siyasətin nəticəsidir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar ölkəmizin neftdən asılılığını azaltmaqla yanaşı, yoxsulluq səviyyəsinin minimuma enməsinə, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə imkan vermişdir. Uğurla gerçəkləşdirilən iqtisadi strategiya respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxarıb. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqət çəkir.

Son illər ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunmuş, onun ümumi daxili məhsulda xüsusi çəkisi xeyli artmış, rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənmişdir. İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə, ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunmuş və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi nəzərəçarpacaq dərəcədə artmışdır. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: " ...Qeyri-neft sektoru prioritet olaraq qalacaq. Çünki bundan sonra Azərbaycan iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcəkdir. Artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun əksər hissəsini təşkil edir. Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də ürəkaçan olmazdı".

Respublikamız müstəqilliyini bərpa etdikdən qısa bir müddət sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkədə yeni iqtisadi modelin formalaşdırılmasına başlanmışdır. Bu illərdən başlayaraq, Azərbaycan güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanaraq əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorları ilə yanaşı, kənd təsərrüfatı sahəsində də davamlı artım tendensiyası müşahidə olunur.

Müstəqilliyin ilk illərində iqtisadi sahələr arasında əsasən diqqətin neft sektoruna yönəldilməsi bu sahənin digər sahələrə nisbətdə daha üstün səviyyədə inkişaf etməsinə şərait yaratmışdır. Nəticədə, neft amilinin rolu artmış, bu sahəyə yatırılan investisiyaların həcmi böyümüşdür. Bununla yanaşı, neft sektorunda olan inkişaf iqtisadiyyatın digər sahələrinə də təsir göstərmiş, dövlətin qeyri-neft sektoruna təsiretmə imkanlarını daha da genişləndirmişdir.

Azərbaycanda qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb.

İqtisadi artım tempinə görə dünyada lider mövqedən çıxış edən Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasəti beynəlxalq təşkilatlar, araşdırma institutları, ekspertlər tərəfindən də etiraf edilməkdədir. Azərbaycanda makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin güclənməsi ölkənin iqtisadi inkişafına təkan verib. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2022-ci ilin yanvar-iyul aylarında ölkədə 74155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 9,9 faiz artmışdır.

Məlumdur ki, azad edilmiş ərazilərin iqtisadi resursları çox böyükdür. Bundan səmərəli yararlanmaq üçün ilkin olaraq müvafiq infrastrukturun yaradılması vacib şərtdir. Ermənistanın işğalına son qoyulduqdan sonra Azərbaycan dövləti məhz bu istiqamətdə kompleks tədbirlər və əməli fəaliyyət həyata keçirir. Sözügedən ərazilərdə çoxsaylı xarici şirkətlərin də iştirakı ilə yaradılan infrastruktur təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun deyil, bütünlükdə regionun inkişafında əsas amilə çevriləcək. Təbii ki, bundan ən böyük fayda götürən ölkə Azərbaycan olacaq. Xüsusən də, azad edilmiş ərazilərdəki resursların milli iqtisadiyyata inteqrasiyası iqtisadi strukturun təkmilləşdirilməsində və onun enerji resurslarından asılılığının azaldılmasında əsaslı rol oynayacaq. Eyni zamanda bu amil Azərbaycana investisiya axınını daha da sürətləndirir. Çünki ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan artıq ərazisində konflikt, qarşıdurma riskini aradan qaldırıb. Bu da ölkəyə sərmayə axınını şərtləndirən əsas faktorlardan hesab edilir. Nəzərə alınmalıdır ki, azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu mənada, həmin ərazilər yerli və xarici investorlar üçün olduqca cəlbedicidir.

Dövlət tərəfindən azad olunmuş ərazilərdə vergi, gömrük və digər güzəştlər tətbiq edilməsi, kreditlərin subsidiyalaşdırılması bu cəlbediciliyi daha da artırır. Təbii ki, bu da həmin ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarların say artımına müsbət təsir göstərir. Yeni daxili və xarici investisiyaların cəlbi bu yerlərdə əhalinin məşğulluğunun təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Artıq mindən çox investor Azərbaycan hökumətinə işğaldan azad edilmiş ərazilərdə işləmək üçün müraciət edib. Onların hər üçündən biri xarici sərmayədardır. Yerli və xarici investisiya axınının çoxalması, azad edilmiş ərazilərdə müasir və "ağıllı" texnologiyaların tətbiqi rəqabətqabiliyyətli milli iqtisadiyyatda dinamik inkişafa təkan verəcək. İlkin hesablamalara əsasən, birinci mərhələdə ölkə iqtisadiyyatı 6-7 faiz, inteqrasiya proseslərinin əsas fazası başa çatdıqdan sonra isə 10-11 faiz böyüyəcək. Bu böyümə əsas etibarı ilə neft-qaz sektorundan kənar sahələrdə qeydə alınacaq.

Beləliklə, müasir şəraitdə qeyri-neft sektorunun dövlət tənzimlənməsi, eləcə də büdcədən zəruri dəstəyin göstərilməsi ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində bu sahənin rolunun güclənməsinə gətirib çıxaracaq.

M.MİRZƏ,

"Respublika".