QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI PRİORİTETDİR
İQTİSADİYYAT

QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI PRİORİTETDİR

Azərbaycan iqtisadiyyatının qədim və ənənəvi sahəsi olan yüngül sənaye geniş potensiala malikdir. Yüngül sənaye müəssisələri, əsasən, pambıq, yun, ipək (barama), gön-dəri və kimyəvi liflər kimi xammal məhsullarının emalına əsaslanır. Bu sahədə aparılan islahatlar nəticəsində respublikada mövcud olan bütün yüngül sənaye müəssisələri səhmdar cəmiyyətlərinə özəlləşdirilməyə açıq elan edilmiş və bir çoxu artıq özəlləşdirilmişdir.

Qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investisiyaları cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsəd olaraq müəyyən edilmişdir.

Dünyada müşahidə olunan qlobal böhranın təsirlərinin qarşısının alınması və neft gəlirlərindən asılılığı maksimum şəkildə aşağı salmaq üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə Azərbaycanda sistemli tədbirlər həyata keçirilməkdədir. 2016-cı ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin müvafiq qərarları ilə qeyri-neft sahəsinin canlandırılması istiqamətində aparılan yeni islahatlar kompleksi artıq səmərəsini də verməkdədir. Ona yaxın sənaye parkı salınıb, on minlərlə yeni iş yerləri açılıb, yeni, keyfiyyətli və rəqabətə davamlı məhsulların istehsalı prosesi davam etdirilir.

Yüngül sənaye sahələrinin yenidən təşkil edilməsi nəticəsində məhsul istehsalının həcminin və keyfiyyətinin artımı müşahidə olunur. Xammal emalı, toxuculuq və tikiş, dəri və dəridən olan məmulatlar istehsalı sahələrində vəziyyət daha da yaxşılaşmışdır. Belə ki, respublikada dəri, dəri məmulatları və ayaqqabı istehsalında mühüm irəliləyişlər olmuşdur.

Hazırda xalçaçılıq sahəsində respublikanın şəhər və rayonlarında onlarca müəssisə və sex fəaliyyət göstərir. Perspektivdə bu sahənin xammal bazasının möhkəmləndirilməsi, istehsal-texniki səviyyəsinin artırılması, xalçaların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülür.

Azərbaycanda regionların iqtisadi potensialının tədqiqi və perspektivdə bu istiqamətdə aparılan araşdırmaların genişləndirilməsi yüngül sənayedə səmərəli fəaliyyət göstərən müəssisələrin müəyyənləşdirilməsinə yardım edir. Yüngül sənayenin inkişafının təmin edilməsi bir çox tədbirlərin həyata keçirilməsini, o cümlədən respublikada mövcud yerli sənaye müəssisələrinin yenidən qurulması və fəaliyyətinin dəstəklənməsi; müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması və yerli xammal bazasının möhkəmləndirilməsi; kiçik və orta biznesi təmsil edən emal və istehsal müəssisələrinin yaradılmasında xarici ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi; dövlətin müəssisələrə modernləşmə istiqamətində zəruri dəstəyinin göstərilməsi; bu sahədə fəaliyyət göstərən müəssisələrə güzəştli kreditlərin verilməsi, onların mənfəət vergisinin azaldılması; sərmayələrin cəlbinə və investisiya layihələrinin dəstəklənməsinə əlverişli mühitin yaradılması; Azərbaycanda qədim ənənələrə malik toxuculuq sənayesində, əsasən də geyim və digər geniş istehlak mallarının istehsalı sahəsində fəaliyyətin genişləndirilməsi və məhsulun keyfiyyətinin artırılması istiqamətində müasir texnologiyaya əsaslanan investisiya layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi; yüksəkkeyfiyyətli və ekoloji cəhətdən təhlükəsiz məhsul istehsalına imkan verən yeni texnologiyaların və nou-hauların tətbiq edilməsi; rəqabət qabiliyyətinə malik olan əl ilə toxunan xalçaların istehsalının genişləndirilməsi; bu sahədəki müəssisələrin fəaliyyətinin dəstəklənməsi kimi məsələləri zəruriləşdirir.

Azərbaycanda ağac emalı və mebel istehsalı sahəsində də xeyli irəliləyişlər əldə olunmuşdur, respublika əhalisinin mebel avadanlıqlarına olan tələbatının yerli istehsalçılar tərəfindən ödənilməsi müasir dövrün tələblərindəndir.

Tikinti materialları sənayesinin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası zəngin yeraltı və yerüstü minerallara, təbii sərvətlərə malikdir. Əsasən ölkədə qum-çınqıl, gil, üzlük, daş sement xammalı, əhəngdaşı, dolomit, mərmər, travertin, bazalt, qranit, vulkan tufu kimi yataqların böyük ehtiyatı mövcuddur. Tikinti materialları yataqları üzrə Abşeron coğrafi rayonunun ərazisi daha zəngindir. Burada istismar edilən Güzdək, Gülbaxt, Korgöz, Qızılqaya yataqlarının təsdiq olunmuş ehtiyatları ümumilikdə 218 milyon kubmetr təşkil edir. Belə zəngin mineral-xammal ehtiyatlarından müxtəlif çeşidli və yüksək keyfiyyətli tikinti materialları istehsal etmək mümkündür və onların səmərəli istifadəsi ilə bağlı əsaslı tədbirlər görülür. Odur ki, həyata keçirilən sosial-iqtisadi islahatların başlıca məqsədlərindən biri də ölkə üzrə bu sahənin inkişafının təmin edilməsi olmuşdur.

Prezident İlham Əliyevin apardığı siyasət sayəsində son illər bu sahədə böyük uğurlar qazanılıb. Belə ki, ölkədə yüzlərlə kiçik, orta və iri sənaye müəssisələri fəaliyyətə başlayıb. Həmin müəssisələr bu gün məhsul istehsalını artırır və daxili tələbatı ödəməklə yanaşı, xarici bazara da məhsul ixrac edir. Bu da maliyyə dayanıqlığına və ölkədən valyuta axınının qarşısının alınmasına səbəb olur. Digər tərəfdən, yerli istehsalın artımı idxaldan asılılığımızı azaldır. Davamlı olaraq ölkədə qeyri-neft iqtisadiyyatının, ümumiyyətlə, qeyri-neft məhsulları ixracının, bütünlükdə iqtisadi artımın sürətləndirilməsi üçün elmi təhlillər aparılaraq planlı şəkildə müxtəlif tədbirlər görülür. Bu məqsədlə qeyri-neft sektoruna aid neft-kimya sənayesinə və digər sənaye sahələrinə irihəcmli sərmayələr qoyulur.

Dövlət başçısının tapşırığı ilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində məqsədyönlü tədbirlər reallaşdırılır. Bu istiqamətdə klasterlərin və dövlət mexanizmlərinin istifadə edilməsi ilə kiçik və orta sahibkarlığa dəstək verilir. Xüsusilə qadınların və gənc sahibkarların dəstəklənməsi, onlara öz bizneslərini qurmaları üçün imkanlar yaradılır.

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə Azərbaycanın sosial-iqtisadi sahədə, xüsusilə qeyri-neft sektorunda əldə edilən uğurlarını yüksək dəyərləndirərək demişdir: “Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Ümumi Daxili Məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaq”.

Nurəngiz ADİLQIZI,

“Respublika”.